26 İyun 2026
15:06
11

Ordumuz dövlətçiliyin, təhlükəsizliyin və sabitliyin etibarlı dayağıdır

Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu üzərinə düşən tarixi missiyanı şərəflə yerinə yetirərək, müqəddəs Vətən torpaqlarını düşməndən azad etdi. Azərbaycanın üçrəngli bayrağı doğma Qarabağda, şanlı tariximizin canlı şahidi olan əyilməz Şuşa qalası üzərində göylərə yüksəldildi. Azərbaycanın igid övladları Vətən torpağının hər qarışı üçün canlarından keçməyə hazır olduqlarını bir daha bütün dünyaya sübut etdilər və Böyük Qələbə ilə başa vurduqları 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatları ilə ölkəmizin qəhrəmanlıq salnaməsinə qızıl səhifələr yazdılar.

Ordumuzun qazandığı parlaq zəfərlər Azərbaycanın möhkəm müdafiə qabiliyyətini bütün dünyaya nümayiş etdirdi. Bu gün rəşadətli Azərbaycan ordusu suveren ərazilərimizdə böyük şərəflə xidmət apararaq, torpaqlarımızın etibarlı müdafiəsini uğurla təmin edir. Təbii ki, ötən əsrin sonlarında Ulu Öndər Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti çərçivəsində başlayan və Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə inamla davam etdirilən yeni ordu quruculuğu prosesi tarixi zəfərlərimizin təməlində dayanır. 

1993-cü ildə uçurumla üz-üzə olan ölkəmizi xaos və təhlükələrdən xilas edən, Azərbaycanın dayanıqlı inkişafı üçün zəmin yaradan Ulu Öndər Heydər Əliyev torpaqlarının 20 faizinin işğal altında olduğu şəraitdə Azərbaycanda ordu quruculuğu prosesini əsas istiqamətlərdən biri kimi müəyyənləşdirdi. Prezident İlham Əliyev ötən illər ərzində müasir ordu quruculuğu prosesini daim diqqətdə saxlayaraq Azərbaycanın qüdrətli ordusunu formalaşdırdı. Ölkəmizdə hərbi potensialın gücləndirilməsi, texniki təchizatın yenilənməsi və yüksəkixtisaslı kadrların formalaşdırılması sahəsində kompleks islahatlar həyata keçirildi.

Eyni zamanda Azərbaycan hərbi sənaye kompleksi sürətlə inkişaf etdirildi, ölkəmizdə istehsal olunan müdafiə təyinatlı məhsulların çeşidi və keyfiyyəti artırıldı. Bu gün ən yeni döyüş texnologiyalarına sahib olan, maddi-texniki cəhətdən ən yüksək səviyyədə təchiz edilmiş, hərb sənətinin incəliklərinə yaxından bələd olan peşəkar zabit kadrlarına, mükəmməl taktiki hazırlığa və döyüş qabiliyyətinə malik Azərbaycan Silahlı Qüvvələri dövlətimizin  suverenliyinin, xalqımızın əmin-amanlığının etibarlı təminatçısıdır. 

Şahin İsmayılov,
Milli Məclisin Gənclər və idman komitəsinin sədri