"Azərbaycan dilinin qloballaşma dövrünün mənfi təsirlərindən qorunması və inkişaf etdirilməsi istiqamətində Ulu Öndər Heydər Əliyevin səyləri xalqımız üçün əvəzedilməz töhfələrdir. Ulu Öndərin "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir”.
İslahat.az "Yeni Gundem”-ə istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
Deputat bildirib ki, ana dilimiz milli kimliyimimizin, milli
varlığımızın ən mühüm göstəricilərindən biridir. Eyni zamanda, dilimiz milli
birliyimizi gücləndirən əsas amillər sırasındadır. Ona görə də, ulu öndərimiz
Heydər Əliyev hər zaman dil məsələsinə xüsusi önəm verirdi. Hələ sovetlər
dönəmində bütün süni məhdudiyyətlərə rəğmən Ulu Öndər Heydər Əliyev ana dili məsələsində
öz mövqeyini hər zaman çox qətiyyətlə qorumağa müvəffəq oldu. Dövlət dili
uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider ziyalıları, xalqı ana dilinin
dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri
səfərbər etdi. 1969-cu ildən başlayaraq Azərbaycan dilinin qorunması və
inkişafı istiqamətində görülən işlər öz nəticəsini verməyə başladı. Belə
ki, Ümummilli lider Heydər Əliyev ana dilinin saflığının qorunması üçün mühüm
addımlar atdı. Ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi
Ulu Öndərin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir. "Hər
bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini, Azərbaycan dilini
və dövlət dilini mükəmməl bilməlidir”, – deyən Ümummilli liderin qətiyyəti nəticəsində
1978-ci ildə Azərbaycan SSR Konstitusiyasına Azərbaycan dilinin dövlət
dili olduğunu təsbit edən maddə daxil edildi. Azərbaycan dilinə dövlət dili
statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük
tarixi xidmətlərindən biridir. Bu, dilimizə qarşı olan tələbkarlıq idi. Onu da
bildirək ki, həmin illərdə Azərbaycan dilinin tarixi o zamana qədər görünməmiş
ardıcıllıqla araşdırılıb, çoxcildlik "Müasir Azərbaycan dili” nəşri yaradılıb.
Millət vəkilinin sözlərinə görə, Azərbaycan müstəqillik qazandıqdan sonra
1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş
Konstitusiyamızda Azərbaycan dili dövlət dili kimi təsbit edildi. Müstəqilliyimizin
qazanılmasından sonra yaranmış tarixi şərait latın qrafikalı Azərbaycan əlifbasının
bərpasını zəruri etdi. Ulu Öndər 1 Avqust Azərbaycan Əlifbası və Azərbaycan
Dili Günü haqqında Fərman imzaladı. Ümummilli Lider Heydər Əliyevin imzaladığı
sərəncamlar əsasında Azərbaycan dilinin təkmilləşməsinə, onun inkişafına yeni
imkanlar açıldı. Daha sonra Ulu Öndər Heydər Əliyevin "Dövlət dilinin tətbiqi
işinin təkmilləşdirilməsi haqqında” Sərəncamı da milli-mənəvi dəyərlərin qorunub-saxlanması
istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasətin əsasını təşkil edən amillərdəndir.
Fatma Yıldırım qeyd edib ki, 2002-ci ildə "Azərbaycan Respublikasında dövlət
dili haqqında” Qanunun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi,
onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan
dili ilə bağlı milli-mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində
daha bir addım olub.
"Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dilimizə, mədəniyyətimizə daim böyük diqqət və qayğı göstərən Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü dil siyasəti Azərbaycan dilinin inkişafına öz töhfələrini verir. Dövlətimizin başçısının "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında”, "Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında”, "Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamları, "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı və bu istiqamətdə görülən işlər dilimizin inkişafına böyük qayğının təzahürüdür”-, deyə Fatma Yıldırım vurğulayıb.
İslahat.az