28 Aprel 2023
10:09
466

Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu

SOCAR-ın Bolqarıstandakı ofisinin açılması o deməkdir ki, Azərbaycan Avropa bazarında fəaliyyətini daha da genişləndirir

 Bu gün dünyada enerji təchizatında ciddi böhran yaşanır. Xüsusən Avropa ölkələri enerji təhlükəsizliyi üçün böyük risklərlə üzləşiblər. Belə bir zamanda Azərbaycan Avropanın əsas qaz təchizatçısına çevrilib. Belə demək mümkünsə, Azərbaycan Avropanı qazla təmin etməklə bu il soyuq qışdan çıxardı. Bunu Avropa liderləri açıq şəkildə etiraf edirlər. Amma buna baxmayaraq, Avropa İttifaqı ölkələri Xəzər dənizindən təbii qazın Mərkəzi və Şərqi Avropaya çatdırılması üçün alternativ marşrutlar da düşünürlər. Bu baxımdan aprelin 25-də Sofiyada "Bulgartransgaz” (Bolqarıstan), "Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və "Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev Anlaşma Memorandumunun imzalanması mərasimində çıxış edərək enerji resurslarının daha da şaxələndirilməsi, o cümlədən enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində imzalanmış Memorandumu çox mühüm addım olaraq qiymətləndirib: "Enerji sahəsində etibarlı tərəfdaş kimi Azərbaycan bütün hədəflərə nail olmaq üçün lazımi addımları davam etdirməyə hazırdır. Üç əsas enerji infrastrukturu layihəsinin uğurlu tamamlanmasından sonra, yəni – iki neft boru kəməri – biri Xəzərdən Aralıq dənizinə, digəri isə Xəzərdən Qara dənizə gedən boru kəməri və uzunluğu 3500 kilometr olan Cənub Qaz Dəhlizindən sonra, hazırda Azərbaycanın bərpaolunan enerjinin istehsalı və ixracı mənbəyinə çevrilməsi üzərində çalışmalar aparılır”.

Xatırladaq ki, Anlaşma Memorandumu "Həmrəylik Halqası” təşəbbüsünün reallaşması üçün böyük əhəmiyyət daşıyır. Sənədi imzalayan ölkələr arasında məhsuldar münasibətlərin, yüksək həmrəyliyin və strateji tərəfdaşlığın təmin edilməsi əsas məqsəddir. Bununla Azərbaycandan Avropa İttifaqına təbii qazın təchiz edilməsinin yeni marşrutu formalaşır. Mərasimdəki çıxışlarda qeyd olunduğu kimi, bu yeni layihə Cənub Qaz Dəhlizi sayəsində iki ildən də artıq müddət ərzində tərəfdaşlarımız üçün etibarlı və sabit enerji təchizatında strateji rol oynayan ölkədən - Azərbaycandan olan təbii qazın alternativ marşrut vasitəsilə əlavə bazarlara çıxışını təmin edəcək. Cənab Prezidentin bildirdiyi kimi, Azərbaycan qaz təchizatının coğrafiyasını 6 ölkədən, ən azı 10 ölkəyə qədər genişləndirəcək: ""Ən azı” ona görə ki, bu, planların sonu deyil. Ölkəmiz Avropanın qaz bazarında fəaliyyətini daha da genişləndirməyi planlaşdırır”. Bütün regionun ümumi inkişafına töhfə verəcək yeni təşəbbüs, həmçinin Cənub Qaz Dəhlizinin genişlənməsi vasitəsilə imkanlar yaradacaq. Bununla enerji sahəsində Azərbaycan və Avropa İttifaqı arasında strateji tərəfdaşlıq daha da güclənəcək.

Avropa İttifaqı ölkələri Anlaşma Memorandumunu imzalamaqla Azərbaycanın gücü heasabına Avropanın enerji təhlükəsizliyinə nail olmağa çalışırlar. Hər halda perspektivdə regionun digər ölkələri də "Həmrəylik Halqası” təşəbbüsünə qoşulacaqlar. Bununla bağlı artıq birgə iş aparılmağa başlanılıb. Bütün halarada bu marşurut həm Azərbaycan, həm də Avropa üçün önəmlidir. İnanırıq ki, Anlaşma Memorandumunu imzalayan ölkələr arasında əməkdaşlıq daha da möhkəmlənəcək.

Yeri gəlmişkən, Prezident İlham Əliyev və Prezident Rumen Radev aprelin 25-də Sofiyada SOCAR-ın Bolqarıstan Respublikasındakı ofisinin açılış mərasimində iştirak ediblər. Buradan bir da ayadın görünür ki, həm Azərbaycan, həm də Bolqarıstan enerji sahəsində əməkdaşlığın güclənməsinə üstünlük verir. Prezident İlham Əliyevin iştirakı ilə Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın ötürücü sistem operatorları və SOCAR arasında Anlaşma Memorandumunun imzalanması ölkəmizin enerji resurslarının nəqlinin daha da şaxələndirilməsinə xidmət edir. Bu sənəd enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində vaxtında atılan çox mühüm addımdır. SOCAR-ın Bolqarıstandakı ofisinin açılması da o deməkdir ki, Azərbaycan Avropa bazarında fəaliyyətini daha da genişləndirir.

İbrahimova Gülzar İsaxan qızı,

Avrasiya Universitetinin Elmi işlər üzrə prorektoru, siyasi elmlər üzrə elmlər doktoru, professor