25 Avqust 2023
15:09
342

Azəbaycanın dayanıqlı inkişafında sağlam gəncləyin rolu

Gənclərin vətənpərvərliyi Azərbaycanın müstəqilliyini daim gücləndirir

 Sağlam gənclik bir dövlətin inkişafı üçün, bir millətin yaşaması üçün əsasdır. Çünki müstəqilliyin, dövlətçiliyin daha da möhkəmləndirilməsinin, millətin gələcək taleyinin həll olunmasının etibarlı təminatı intellektual səviyyəli, potensiallı kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Məhz buna görə də gənc nəslin düzgün yetişdirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu günədək ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlərin, Azərbaycan gəncliyinin inkişafına verilmiş təkanın nəticəsidir ki, cənclər cəmiyyətdə özlərini təsdiq edə bilir və bütün sahələrdə özlərini doğruldurlar.

Ulu Öndər Heydər Əliyevin sözləri ilə desək millət üçün, dövlət üçün, ölkə üçün, xalq üçün uşaq, gənclik hər şeydən qiymətlidir: "Uşağın dünyaya gəlməsi, onun sağlam böyüməsi, gənc nəslin yaxşı təhsil alması hər bir millətin, xalqın ən dəyərli sərvətidir. Çünki o, millətin, xalqın gələcəyidir, millətin, xalqın daimiliyidir, əbədiliyidir”.

Ulu Öndərin bu kimi fikirləri daim gəclərimizi ruhlandırıb. Gənclərimiz Azərbaycanın uğurlu inkişafında öz fəallıqlarını göstərirlər. Dövlət tərəfindən gənclərin öz potensiallarını ortaya qoymaları üçün geniş imkanlar yaradılır.  Bu gün uşaq və gənclərin intellektual səviyyəsinin yüksəldilməsi istiqamətdə müvafiq dövlət qurumları və müxtəlif QHT-lər, gənclər təşkilatları tərəfindən layihələr həyata keçirilir. Son illər uşaq və gənclərin elmi, mədəni, ümumiyyətlə, mənəvi və fiziki inkişafı istiqamətində ölkəmizdəki gənclər təşkilatlarının fəaliyyətində aktivlik özünü daha çox büruzə verir. Bu sahədə ixtisaslaşmış gənclər təşkilatları vardır ki, onlar da tələbə və gənclərin intellektual səviyyəsinin artırılması istiqamətdə layihələr icra edir, intellektual klublar vasitəsi ilə intellektual yarışlar və oyunlar təşkil edirlər. Respublika çempionatları həyata keçirilir. İntellektual yarışların keçirildiyi maraqlı televiziya verilişləri də çəkilir. Lakin bunlar, əlbəttə ki, kifayət deyil. Regionlara diqqət artırılmalı və intellektual klublar yaradılmalıdır. Tələbə və gənclər üçün texnologiyaya marağın artırılması istiqamətində texnoparklar da yaradıla bilər. Çünki Azərbaycanın yüksək texnoloji biliklərə sahib olan gənclərə ehtiyacı vardır. Bu gün gənclər əsasən elm və təhsilə töhfə verməlidir. Peşə məktəbləri müasir texnoloji standartlara cavab verməlidir. Müasir texnoloji standartlara cavab verən kitabxanaların sayı artırılmalıdır. Tələbələr və gənclərə daha dolğun məlumatların çatdırılması üçün müasir teleradio verilişlərinin və internet resurslarının sayı artırılmalıdır. Burada qeyri – formal təhsil metodlarından da geniş istifadə olunmalıdır.

 Uşaqların fiziki və mənəvi inkişafı məktəbəqədər müəssisələrdən başlayır. Məsələn, bağça uşaqların ilk təlim, tərbiyə və tədris ocağı hesab olunur. Və uşaqların burada öyrəndikləri onlara hərtərəfli ilkin istiqamət verir və əbədi olaraq yaddaşlarından silinmir. Ona görə də psixoloqlar hesab edirlər ki, kiçik yaşlı uşaqlara ətrafdakılarla ünsiyyətdə olmaq, öz fikrini başqalarına düzgün, aydın və ifadəli çatdırmağı öyrətmək bağçanın mühüm vəzifələrindən biridir. Qeyd edək ki, fikrin ardıcıl, düzgün və dolğun ifadə edilməsi, sözlərin dəqiq seçilməsi və tələffüzün təmizliyi üzrə işin aparılması "Məktəbəqədər müəssisələrdə tərbiyə və təlim proqramı”nın  əsas istiqamətlərindən birini təşkil edir. Uşaq bağçasının ən böyük üstünlüyü orada ictimai mühitin, uşaqların yaşıdları ilə ünsiyyət saxlamaları üçün gözəl imkan və şəraitin olmasıdır. Bu baxımdan Ümummilli Lider Heydər Əliyevin uşaq və gənclərlə bağlı fikirləri örnək xarakteri daşıyır: "Mən inanıram ki, indiki gənclər, indiki uşaqlar bizim nəsillərdən də qabiliyyətlidir, istedadlıdır. Mən inanıram ki, Azərbaycanın bugünkü gəncləri, bugünkü uşaqları Azərbaycanın xoşbəxt gələcəyini təmin edəcəklər. Biz bunun təməlini qoyuruq, əsasını qoyuruq. Siz isə gələcəkdə bunları qurub yaratmalısınız, inkişaf etdirməlisiniz”. İnsanın uzun müddət təbiətdən və cəmiyyətdən təcrid formada yaşaması heç bir halda mümkün deyil. Belə olan halda insanda nə mənəvi inkişaf gedər, nə də ictimai şüur təşəkkül tapar. Təbiətlə tanışlıq uşaqların mənəvi dünyasının, duyğularının, qavrayış və təsəvvürlərinin, təfəkkür və təxəyyüllərinin, xüsusilə nitqlərinin inkişafına böyük təkan verir.

Azərbaycan gəncləyi informasiya müharibəsində aktivliyini artırmalıdır. Bu baxımdan gənclərimiz bütün səy və bacarıqları, şəxsi təşəbbüsləri birləşdirməlidirlər. Həmçinin gənclərimiz xaricdə iştirak etdikləri müxtəlif elmi konfranslarda, tədbirlərdə Azərbaycanın dünyada tanıdılması yönündə əllərindən gələnin ən yaxşısını eləməyə səy göstərməlidir. Xarici ölkələrin ali təhsil ocaqlarında, dünyanın müxtəlif ölkələrində keçirilən mötəbər tədbirlərdə nə qədər çox gənclərimiz iştirak etsə bu, ölkəmizin həm tanıdılmasına, həm də diasporumuzun inkişafına təkan verəcək.

Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyev Azərbaycanın bugünkü inkişafında da gənclərin rolunu yüksək qiymətləndirər. Ölkə başıçısının "Bütövlükdə gələcəkdə Azərbaycanı idarə edəcək insanlar bugünkü gənclərdir” fikri dövlətin gənclərə olan inam və etimadının göstəricisidir. Azərbaycan gəncləri milli maraqların daim keşiyində dayanır, vətəndaşlığın əxlaqi yükünü daim çiyinlərində hiss edir, dövlətçilik ideyalarını üstün tutur. Bu da vətənpərvərliyin bariz nümunəsidir. Gənclərin vətənpərvərliyi Azərbaycanın müstəqilliyini daim gücləndirir. Məhz elə bu vətənpərvərliyini nəticəsi olaraq 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazandıq. Azəbaycanın dayanıqlı inkişafının təmin edilməsində sağlam və intellektual gəncləyin rolu danılmazdır.

Rüstəmova Aybəniz Vilayət qızı,

Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent