30 Aprel 2024
12:17
208

 Azərbaycan-Almaniya əlaqələrinin sürətli inkişaf dövrü

Almaniya tərəfinin Azərbaycanla Ermənistan arasında  sülh sazişinin imzalanmasına tərəfdar olması təqdirə layiqdir

Hazırda Azərbaycan və Almaniya dost və tərəfdaş dövlətlərdir. Hər iki ölkə qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsində maraqlıdırlar. Prezident İlham Əliyevin aprelin 26-da Almaniya Federativ Respublikasına səfəri zamanı keçirdiyi təkbətək və geniş tərkibli görüşlərində aparılan müzakirələrdən, irəli sürülən təklif və təşəbbüslərdən də bunu görmək mümkündür. Cənab Prezidentin görüşlərində Azərbaycan və Almaniya arasında çoxşaxəli əlaqələr, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Prezident İlham Əliyev aprelin 26-da Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsla birgə mətbuat konfransında bildirib ki, son vaxtlar Almaniya-Azərbaycan əlaqələri öz sürətli inkişaf dövrünü yaşayır: "İkitərəfli gündəlik kifayət qədər genişdir. Almaniya-Azərbaycan əlaqələrinin inkişafı həm ölkələrimiz üçün, həm də bütövlükdə Cənubi Qafqazın inkişafı və sabitliyi üçün çox böyük əhəmiyyət kəsb edir”. Nəzərə çatdıraq ki, 2022-ci ildə ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi tamam oldu. Bu müddət ərzində ikitərəfli münasibətlər müxtəlif sahələrdə uğurla inkişaf etdi, onların daha da genişləndirilməsi üçün yaxşı imkanlar yaradıldı.

Azərbaycan daima regionun sabitliyi üçün çalışır. Dövlətimiz tərəfindən Erəmənistanla münasibətlərin normallaşması, etimad mühitinin yaradılması və sülhün bərqərar olması üçün addımlar atılıb. Prezident İlham Əliyev bəyanatında deyib ki, Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk: "Azərbaycan və Ermənistan xarici işlər nazirləri bu yaxınlarda Almaniyada görüşmüşlər. Almaniyanın xarici işlər naziri bu məsələdə öz dəstəyini göstərmişdir. Növbəti görüş Qazaxıstanda keçiriləcək və beləliklə, biz sülh sazişinin imzalanmasına doğru əlavə addımlar atırıq”. Çox müsbət haldır ki, Azərbaycan və Ermənistan arasında sülh sazişi üzrə danışıqlarda Almaniya neytral mövqeyi sərgiləyir.  Ermənistan isə bu gün də Azərbaycana qarşı qara kampaniya aparır, həqiqətdən uzaq iddialarla çıxış edir. Beynəlxalq ictimaiyyəti yanlış məlumatlandırmasına görə Ermənistan qınanmalıdır. Hazırda Qərbin bəzi dairələri Ermənistanın yalanına inanır və bu separatçı ölkəni dəstəkləyir.

Azərbaycan işğaldan azad olunmuş ərazilərində genişmiqyaslı bərpa və quruculuq işləri aparır. "Böyük Qayıdış” proqramı sürətlə icar edilir. Azərbaycan tərəfindən irəli sürülmüş sülh təşəbbüslərini Ermənistan qəbul etsə də, hər hansı müsbət addım atmır. Lakin sülh sazişinin imzalanmasına heç bir maneə yoxdur. Azərbaycan sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqları davam etdirməyə hər zaman  hazırdır. Almaniya tərəfinin etimad mühitinin yaradılması üçün sülh sazişinin imzalanması və danışıqların aparılmasının tərəfdarı olması təqdirə layiqdir. Göründüyü kimi, Almaniya sülh və ərazi bütövlüyü məsələsində Azərbaycanı dəstəkləyir. Bunu dəfələrlə Almaniya rəsmiləri qeyd ediblər. Bildirilir ki, beynəlxalq hüquq baxımından Qarabağ həmişə Azərbaycanın ərazisi olub. Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts aprelin 26-da mətbuat konfransında bir daha bu münaqişənin ancaq sülh yolu ilə həll olunmasının önəmini və bunun üçün şansların mövcudluğunu vurğulayıb. Həmçinin Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer də qeyd edib ki, Almaniya tərəfi Ermənistanla Azərbaycan arasında sülh gündəliyini yaxından dəstəkləyir və bundan sonra da dəstəkləyəcəkdir.

Azərbaycanın bərpa olunan enerji ilə bağlı potensialı Almaniyanın da  diqqətindədir. Bu sahədə fəaliyyət göstərən Almaniya şirkətləri Azərbaycanla əməkdaşlığa can atırlar. Almaniya Bundestaq parlamentarilərindən Berbel Baş Azərbaycanda bərpa olunan enerji sahəsində müvafiq qurumlarla əlaqələrin qurulmasına çalışır. Prezident İlham Əliyev elə həmin gün Almaniyanın paytaxtı Berlində keçirilən "15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində çıxışında bu haqda da danışaraq bildirib ki, Azərbaycan xarici tərəfdaşlar və sərmayədarlarla yaşıl keçid üzrə artıq nəhəng layihələrə başlayıb. Bu il Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Yalnız bu il ərzində 1300 meqavat günəş və külək enerjisini istehsal etmək imkanını yaradacaq enerji stansiyalarının təməlqoyma mərasimi keçiriləcək. 2027-ci ilin sonuna qədər 2000 meqavat günəş və yaşıl enerji imkanlarımız olacaq. Doqquz elektrik enerjisi stansiyası olacaq və 2030-cu ilə qədər əlavə 10 günəş və külək enerjisi stansiyaları qurulacaq ki, onların gücü 5000 meqavat (5 qiqavat) təşkil edəcək. Bu potensialdan istifadə edərək, biz qaz istehlakımızı əksər hissədə elektrik enerjisi istehsalı ilə əvəzləyəcəyik. Avropaya ən azı əlavə 5 milyard kubmetr qaz ixrac olunacaq”. Azərbaycanda əlverişli investisiya mühiti yaradılıb. Azərbaycan regionda  tranzit ölkə kimi mühüm rol oynayır. Bu sahədə geniş layihələr həyata keçirilir. Almaniya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. İnanırıq ki, cənab Prezidentin Almaniyaya bu səfəri ikitərəfli münasibətlərin, o cümlədən ticarət əlaqələrinin daha da genişlənməsinə müsbət təsir edəcək.

Rüstəmova Aybəniz Vilayət qızı,

Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent