23 İyul 2024
11:15
434

Azərbaycan Avropanın enerji xəritəsini dəyişdirir

Prezident İlham Əliyev: "Üç ildən artıqdır ki, Azərbaycan mühüm qaz təchizatçısına çevrilib”.

İyulun 18-də Oksfordda "Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində "Enerji və bağlantı” mövzusunda keçirilən dəyirmi masada əhəmiyyətli məsələlərə toxunulub. Tədbirdə iştirak edən Azərbayacn Prezidenti İlham Əliyev deyib ki, enerji sahəsində Bakıda müəyyənləşdirdiyimiz strateji tərəfdaşlıq bizim Avropaya qaz təchizatımızın 2027-ci ilin sonuna qədər ikiqat artırılmasını nəzərdə tutur: "Biz bu hədəfə doğru irəliləyirik. 2021-ci ildə Avropa qitəsinə bizim qaz təchizatımız ildə 8 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 13 milyard kubmetrə yaxın olacaq. 2021-ci ildə ümumi ixrac 18 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 25 milyard kubmetr olacaq. İxracın yarıdan çoxu Avropaya gedir”. Azərbaycanla Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində bir çox Avropa ölkələri əməkdaşlıq edir. Konkret olaraq Cənub Qaz Dəhlizi 7 ölkədən keçir. Çox müsbət haldır ki, Azərbaycanın bu istiqamətdə siyasətinə və Cənub Qaz Dəhliz layihəsinə Avropa İttifaqı da güclü dəstək verir. Artıq Cənub Qaz Dəhlizi layihəsi tamamlanaraq işə düşüb. Cənab Prezident dəyirmi masada əlamətdar statistika xatırladaq bildirib ki, bəzi ölkələrdə Azərbaycan xam neftinin istehlakı onların tələbatının 50 və ya daha çox faizini təşkil edir: "Üç ildən artıqdır ki, Azərbaycan mühüm qaz təchizatçısına çevrilib. Bizim qaz kəmərimiz - Cənub Qaz Dəhlizi 2020-ci il dekabrın 31-də istismara verilib. Sözsüz ki, müqavilələr bundan əvvəl imzalanmışdı və biz avropalı tərəfdaşlarımızı dərhal təchiz etməyə başladıq. Bundan əvvəl bizim tərəfdaşlarımız yalnız Gürcüstan və Türkiyə idi. Beləliklə, qismən Adriatik dənizinin dibi ilə uzanan 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi - Cənub Qaz Dəhlizi istismara verildikdən sonra biz dərhal Avropaya təchizata başladıq”.
Hazırda Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın əhəmiyyətli rolu var. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev "Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısı çərçivəsində dövlət və hökumət başçıları görüşündə Avropanın enerji təhlükəsizliyi təmin olunmasında Azərbaycanın oynadığı rolu haqqında geniş fikir bildirib. Məsələn, Prezident İlham Əliyev Oksfordda qarşı tərəfin müraciətinə əsasən Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə də görüşüb. Söhbət zamanı Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə də yüksək qiymətləndirilib. Almaniya ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin müxtəlif aspektlərinə dair fikir mübadiləsi aparıldı və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
Dövlətimizin başçısı dəyirmi masada Avropanın enerji təhlükəsizliyi üçün əlamətdar Cənub Qaz Dəhlizinin fəaliyyətini və önəmini qeyd edib. Cənub Qaz Dəhlizi regionumuzun və Avropanın əsas infrastruktur layihələrindən biridir. Ümumiyyətlə, bu layihə Azərbaycanın təşəbbüsü və fəal iştirakı ilə real fəaliyyət sahəsinə çevrilib. Cənub Qaz Dəhlizi Avropanın enerji xəritəsinin zənginləşdirib. Bu layihənin Avropa ölkələri üçün çox böyük özəlliyi var. Çünki Cənub Qaz Dəhlizi üzərindən Avropa Birliyi ölkələri alternativ təchizat mənbələrinə malik olmaq imkanı qazanıblar. Artıq 3,5 min kilometr uzunluğunda inteqrasiya olunmuş Cənub Qaz Dəhlizinin dörd seqmenti uğurla tamamlanıb. "Şahdəniz” yatağından hasil olunan qaz artıq Avropaya nəql olunur. Belə ki, "Şahdəniz” yatağından hasil olunan qaz sözügedən dəhlizin mühüm seqmentləri sayılan Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) kəmərləri, eləcə də interkonnektorlar (birləşdirici kəmərlər) vasitəsilə Avropa bazarlarına çatdırılır. Onu da bildirək ki, TAP Boru kəməri Türkitə-Yunanıstan sərhədindən başlayır və Yunanıstan, Albaniya və İtaliyanın cənub hissəsindəki son təyinat məntəqəsinə qədər uzanır. Məhz bu kəmirin işə düşməsindən sonra Azərbaycan qazının Avropa ölkələrinə nəql olunması daha da artıb.
Son illər Avropa məkanın təbii qaza olan tələbatı artıb. Avropa ölkələrinin bu təlabatının ödənilməsində Azərbaycan əsas tədarükçü rolunu oynayır. Buna görə də Cənub Qaz Dəhlizinin sonuncu seqmenti sayılan TAP genişləndirilib və həmçinin yeni interkonnektorla¬r tikilib. Bundan sonra Azərbaycan üçün çox mühüm imkanlar yaranacaq. Dəyirmi masada cənab Prezident bu məsələyə də toxunaraq qeyd edib ki, indi Avropada interkonnektor layihələri icra olunduqca Azərbaycan qazının daha çox Avropa ölkəsinə ixrac edilməsi üçün əlavə imkanlar olacaq. Azərbaycan dövləti də bu təşəbbüsləri hər zaman dəstəkləyir və diqqətdə saxlayır. Bu layihələrin icrası Avropaya qaz nəqli prosesini daha da sürətləndirəcək. Əlbəttə ki, bütün bunlar Azərbaycan dövləti üçün əlavə gəlirlər gətirəcək.
İbrahimova Gülzar İsaxan qızı, Avrasiya Universitetinin Elmi işlər üzrə prorektoru, siyasi elmlər üzrə elmlər doktoru, professor