18 Noyabr 2024
22:13
293

Azərbaycan COP29-a uğurla ev sahibliyi edir

Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurla ev sahibliyi edir.

Bunu ölkəyə gələn dövlət və hökumət başçıları çıxışlarında da təsdiqləyirlər. Tədbirdə iştirak etmək üçün 196 ölkədən 72 min iştirakçı qeydiyyatdan keçib, 80 prezident, vitse-prezident, baş nazirin Bakıya gəlməsi bir daha tədbirin necə əhəmiyyətli olduğunu nümayiş etdirir.

İqlim dəyişmələri coğrafi təbəqədə gedən proseslərə və ekosistemlərə əhəmiyyətli təsir göstərə bilir. Bu dəyişmələr nəticəsində buzlaqların əriməsi, okean və dənzilərin səviyyəsinin qalxması, biomüxtəlifliyin pozulması, təbii fəlakətlərin və onların başvermə intensivliyinin artması, insanların sağlamlığında problemlərin yaranması və s. fəsadlar müşahidə edilir. Bu baxımdan iqlim dəyişmələrinə hazır olmaq, bununla bağlı baş verə biləcək mənfi hallara uyğunlaşmaq və yarana biləcək problemlərin ağırlıq dərəcəsinin azaldılmasına nail olmaq üçün önləyici tədbirlərin görülməsi zəruridir.

Məlumdur ki, ötən ilin dekabrın 11–də COP28-in plenar iclasında Azərbaycan yekdilliklə BMT-nin İqlim Dəyişikliyi Konfransına ev sahibliyi etməsi ilə bağlı qərar verilib. Bununla Azərbaycanda növbəti qlobal miqyasda tədbir keçirilir. Noyabrın 11-dən Bakıda start götürən COP29 tədbiri Azərbaycanın beynəlxalq nüfuzunun təsdiqidir. Bu gün qlobal problemlər, dünyanın gələcəyi Azərbaycanda müzakirə edilir. Prezident İlham Əliyevin noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında dediyi kimi, Azərbaycanın COP29-a ev sahibliyi etməsi bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsi deməkdir: "Demək olar ki, 200 ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a ev sahibliyi etmək fürsəti nəsib oldu. Bu, bizim ölkəyə hörmət əlamətidir və bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsi deməkdir”.

COP29 elə başladığı gün ilk uğuruna imza atıb. Planet üçün irəliyə doğru ilk addım məhz Bakıda atılıb. Bakıda açılan COP29-un 1-ci günü ilk razılaşma ilə başa çatıb. Dünya ölkələri karbon krediti bazarı üçün BMT-nin yeni qaydalarını qəbul ediblər. Bu, ölkələrə iqlimlə bağlı öhdəliklərini yerinə yetirməyə kömək etmək üçün əsas addımdır.

Bu, daha köklü, mübadilə etmək niyyətində olan BMT tərəfindən dəstəklənən standartlarla keyfiyyətli karbon kreditləri mübadiləsi sahəsində karbon bazarına yeni yol açacaq. Həmçinin Bakı COP29-da əldə edilmiş bu razılıq iqlim dəyişikliyi sahəsində davamlı fəaliyyətə böyük töhfələr verəcək.

Qeyd etməliyəm ki, COP29 hazırda da uğurla davam etməkdədir. Hər gün minlərlə xarici və yerli qonaqlar müxtəlif tədbirlərdə iştirak edir, pavilyonları ziyarət edir və burada olmaqdan məmnunluq hislərini ifadə edirlər. Başqa sözlə, hər zaman olduğu kimi Azərbaycan yenə də növbəti mötəbər tədbirə ev sahibliyi edə bilib.

Təranə Paşayeva

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı Ərazi partiya təşkilatı sədri

"Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri

"Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İB-nin sədri

Psixologiya üzrə fəlsəfə doktoru