Prezident İlham Əliyev israilli həmkarının Azərbaycana səfərini tarixi səfər hesab edib
Hər kəsə aydındır ki, Azərbaycan bu gün Avrasiyanın ən sabit və çiçəklənən dövlətidir. Siyasi sabitlik, iqdisadi inkişafla yanaşı, məhz bu faktı da nəzərə alan İsrail Dövləti Azərbaycan Respublikasını mühüm strateji tərəfdaş hesab edir. Bütün bunlar 20 ildir ölkəyə rəhbərlik edən Prezident İlham Əliyev xidmətlərinin, uğurlu daxili və xarici siyasətinin nəticəsidir. Mayın 30-da İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri iki ölkə arasında əlaqələrin genişlənməsi işinə və strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcək. Prezident İlham Əliyevin İsrail Dövlətinin Prezidenti İsxak Hersoq ilə təkbətək və geniş tərkibli görüşlərində əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında aparılan müzakirələr bunu deməyə əsas verir. Prezidentlər görüşlərdə ikitərəfli gündəlik və regional məsələlərlə bağlı müzakirələr aparıblar. Görüşlərdə İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun bu səfərinin iki ölkə arasında dostluq münasibətlərinin inkişafına böyük təkan verəcəyi bildirilib.
Görüşlərdən sonra Azərbaycan və İsrail Prezidentlərinin iştirakı ilə "Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə İsrail Dövlətinin Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahələrində 2023-2028-ci illər üçün Əməkdaşlıq Planı” imzalanıb. Daha sonra Prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər. Prezident İlham Əliyev cari ildə İsraildə Azərbaycan səfirliyinin açılması faktının əlaqələri daha yüksək səviyyəyə qaldıracğını və eyni zamanda, daha sıx qarşılıqlı əməkdaşlıq üçün geniş imkanlar yaradacağını vurğulayıb. Uzun müddət idi ki, Azərbaycanın İsraildə səfirliyinin olmaması sual duğurur, müzakirə mövzusuna çevrilmişdir. Azərbaycanın apardığı düşünülmüş xarici siyasət bu baxımdan gözləmə mövqeyində idi. Azərbaycan geopolitik vəziyyəti dəyərləndirməyi bacarır. Siyasi zərurətdən irəli gələn addımlar atılır. Bu il İsraildə Azərbaycan səfirliyinin açılması məhz bu siyasi zərurətdən irəli gəlmişdir. Bu məsələnin öz həllini tapması iki ölkə arasında əməkdaşlıq əlaqələrinin tarixində əlamətdar hadisə hesab olunur.
Azərbaycanla İsrailin dostluğu və strateji əməkdaşlığının gücləndirilməsi üçün yeni-yeni işlər görülməkdədir. Belə ki, İsraildə əvvəllər fəaliyyət göstərmiş Azərbaycan Ticarət Palatası yenidən bərpa edilib. Turizmlə bağlı də yeni təşkilat qurulub. Məqsəd qarşılılıqlı turist axınının səviyyəsini artırmaqdır. Prezident İlham Əliyev bəyanatında turizm əlaqərinin inkişafının önəmini də qeyd edib: "Həftədə yalnız dörd reys var və bu, yetərli deyil. Nümayəndə heyətlərinin üzvlərinə uçuşların sayının artırılması ilə bağlı göstərişlər verilmişdir. İsraildə daha çox təqdimat imkanları yaradılmalıdır”. Dövlətimizin başçısı yeni əməkdaşlıq sahələrdən birinin kibertəhlükəsizlik sahəsi olduğunu deyib: "Bu sahədə fəal təmaslara başlanılıb. Kibertəhlükəsizlik hər bir ölkənin milli təhlükəsizliyinin mühüm hissəsidir. Gənc nəslin təlimi və tədrisi də məqsədlərimizə nail olmaq və özümüzü təhlükədən qorumaq üçün mühüm amil olacaq”.
İsrail hər zaman çətin məqamlarda Azərbaycanı dəstəkləyib. Xüsusən, 44 günlük Vətən müharibəsində Azərbaycanı əsas dəstəkləyən dövlətlərdən biri də İsrail idi. İsrailin Azərbaycana verdiyi ən müasir texnologiyalarla təchiz olunmuş müxtəlif silahların müzəffər ordumuzun qələbəsində əhəmiyyətli rol oynayıb. Cənab Prezident çıxışında müdafiə sənayesi sahəsində uzunmüddətli əməkdaşlıq əlaqələrinin mövcud olduğunu bildirib. "Azərbaycanın uzun illərdir ki, bu sahədə İsrailin müasir avadanlığına çıxışı var, bu da bizə müdafiə qabiliyyətimizi müasirləşdirməyə kömək edir və dövlətçiliyimizi, əsas dəyərlərimizi, milli maraqlarımızı və ərazi bütövlüyümüzü müdafiə etməyə imkan yaradır”, - deyə Prezident əlavə edib.
İki ölkə arasında ayrı-ayrı istiqamətlər, ticarət, enerji, təhlükəsizlik və s. sahələri üzrə əlaqələr qurulub. Bu səfərin nəticəsi olaraq perspektiv əməkdaşlıq istiqamətlərinin yaradılması ilə Azərbaycan-İsrail müsbətlərində dinamikanın olacağı gözlənilir. Çünki bunun üçün çox böyük potensial var. Görünür, buna görə də Prezident İlham Əliyev israilli həmkarının Azərbaycana bu səfərini tarixi səfər hesab edib.
K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun PHŞ-nin Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə müdiri Ağayev Nəbi Baba oğlu