Prezident İlham Əliyev: "Energetika təkcə Rumıniya-Azərbaycan əlaqələrinin yox, bütövlükdə dünya gündəliyinin mərkəzində olan məsələdir”
Azərbaycan aparılan islahatlar nəticəsində dünya miqyasında uğurla inkişaf edən ölkə kimi tanınıb. Bu gün Azərbaycanın uğurlu inkişafının timsalında məhz ötən illərdə atılmış addımların təzahürü görünür. Azərbaycan enerji sahəsində böyük uğurlar əldə edib. Hazırda energetika sahəsində yeni-yeni kontraktlar imzalanır. Azərbaycanın neft-qaz sənayesinə maraq artmaqdadır. Bu baxımdan son zamanlar Avropa İttifaqı ölkələri, eləcə də Rumıniya Azərbaycanla əməkdaşlığı gücləndirir. Fevralın 2-də Rumıniya Prezidenti Klaus Yohannisin ölkəmizə ilk rəsmi səfər edib. Prezident İlham Əliyev Rumıniya Prezidenti Klaus Yohannisin Azərbaycana səfəri zamanı verdiyi bəyanatda qeyd edib ki, Rumıniya və Azərbaycan uzun illər ərzində əlaqələrini strateji tərəfdaşlıq əsasında inkişaf etdirirlər: "Strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır. Siyasi əlaqələrimiz çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu bir daha göstərir”. Bu gün Azərbaycanda dayanıqlı inkişafı təmin edən dövlət siyasəti həyata keçirilir. Dövlətimizin baçısının yürütdüyü siyasət Azərbaycanın Rumıniya kimi müttəfiqlərinin və dostlarının sayını artırıb.
Rumıniya ilə energetika sahəsində əməkdaşlıq aktualdır. Cənab Prezident bəyanatında bildirib ki, energetika təkcə Rumıniya-Azərbaycan əlaqələrinin yox, bütövlükdə dünya gündəliyinin mərkəzində olan məsələdir. Prezident İlham Əliyev çıxışında ötən ilin dekabrın 17-də Rumıniyanın paytaxtı Buxarest şəhərində yaşıl enerji ilə bağlı imzalanan sazişin də önəmini vurğulayıb: "Azərbaycanın Buxarestdəki əsas tədbiri yaşıl enerji ilə bağlı idi. Yaşıl enerji istiqaməti sahəsində çox önəmli addım atılmışdır. Bu çox strateji bir layihədir, böyük sərmayə tələb edən layihədir, habelə bir neçə ölkəni, iki dənizi birləşdirən layihədir”. Göründüyü kimi, Azərbaycan Avropanın mühüm elektrik enerjisi, eləcə də yaşıl enerji təchizatçısına çevrilməkdədir. Xatırladaq ki, Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyev, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Rumıniyanın Baş naziri Nikolae Çiuça və Macarıstanın Baş naziri Viktor Orban, həmçinin Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen bununla bağlı keçirilən plenar iclasda iştirak ediblər. Bu saziş Qara dəniz hövzəsində milli və regional enerji təhlükəsizliyinin və əlaqələrinin gücləndirilməsini, təchizat mənbələrinin şaxələndirilməsini, Xəzər regionunda bərpa olunan enerji istehsalı potensialından istifadə edilməsini nəzərdə tutur və dörd dövlətin maraqlarına cavab verir. Eyni zamanda bu saziş Azərbaycanı Avropa İttifaqı ölkələri ilə daha da yaxınlaşdıracaq. Azərbaycan regionun təmiz enerjiyə keçidinə nail olmağa kömək edəcək. Yaşıl enerji dəhlizinin yaradılması istiqamətində atılan mühüm addım kimi bu layihənin həyata keçirilməsi ilə Azərbaycan Avropanın enerji təhlükəsizliyinə ümumi olaraq töhfə vermiş olacaq. Çünki bərpaolunan enerji mənbələrindən elektrik enerjisini Rumıniya və Macarıstan ərazisindən Avropa İttifaqına ötürməklə bu layihə təchizatın təhlükəsizliyini gücləndirəcək. Dördtərəfli sazişin əhəmiyyəti həm də ondan ibarətdir ki, iştirakçı ölkələr arasında bir sıra mühüm sahələrdə uzunmüddətli əməkdaşlıq üçün ilkin təməl yaradacaq. Perspektivdə sualtı elektrik enerjisi xətti boyunca rəqəmsal xəttin çəkilməsi nəzərdə tutulub.
Onu da əlavə edək ki, cənab Prezident tərəfindən azad olunmuş Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası elan edilib. Azad olunmuş ərazilərin təsdiqlənmiş potensialını 7200 meqavat günəş və 2000 meqavat külək enerjisi təşkil edir. Kəlbəcər-Laçın zonasında külək stansiyaları, Zəngilan-Cəbrayıl zonasında isə günəş stansiyaları inşa olunacaqdır. Azərbaycanın müvafiq strukturları və əcnəbi tərəfdaşlar tərəfindən bu məsələlər üzərində fəal işlər aparılır. Bu layihələr çox böyük perspektivə malikdir. Çünki artıq əcnəbi şirkətlər də Azərbaycanda bu sahəyə investisiya yatırmağa başlayıblar.
İbrahimova Gülzar İsaxan qızı,
Avrasiya Universitetinin Elmi işlər üzrə prorektoru, siyasi elmlər üzrə elmlər doktoru, professor
İslahat.az