27 May 2024
10:59
198

Azərbaycan-Tacikistan əlaqələrinin inkişafına yeni töhfə

Prezident İlham Əliyev: "Azərbaycanda Tacikistanın Mədəniyyət Günlərinin keçirilməsi ikitərəfli münasibətlərdə mühüm hadisədir”

Azərbaycan və Tacikistan etibarlı dost və tərəfdaş ölkələrdir. Eyni zamanda hər iki xalq qardaşlığını və dostluğunu əsrlərdən bəri qoruyurlar. Ölkələrimiz arasında əlaqələrin inkişafında Azərbaycan Prezidenti İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun şəxsi dostluq münasibətləri mühüm rol oynayır. Səmimi dostluq münasibətləri dövlət başçılarının qarşılıqlı səfərlərinin intensivliyində və məhsuldarlığında da özünü göstərir. Belə ki, Prezident İlham Əliyev Tacikistana indiyədək altı dəfə səfər edib. Xatırladaq ki, 2003-cü ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyevin prezidentliyi dövründə Tacikistanla münasibətlər yüksələn xətt üzrə inkişaf edib. İlk dəfə 15 mart 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistana rəsmi səfər edib. Öz növbəsində 13 avqust 2007-ci ildə ilk dəfə Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycana rəsmi səfərə gəlib. Bu səfərlər zamanı Azərbaycan Prezidenti İlham Əliyevin Tacikistan Prezidenti Emoməli Rəhmonla təkbətək görüşləri olub. Bu görüşlər zamanı Azərbaycan ilə Tacikistan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirilib, o cümlədən iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb. Həmçinin ölkələrimiz arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün potensial imkanlardan tam istifadə edilməsinin zəruriliyi bildirilib.

Hazırda Azərbaycanla Tacikistan Prezidentləri qarşılıqlı səfərlərini yüksək səviyyədə davam etdirirlər. Bunun bariz nümunəsi olaraq 22-23 may tarixlərində Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonın ölkəmizə rəsmi səfərini qeyd etmək olar. Mayın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə təkbətək və geniş tərkibdə görüşləri keçirilib. Bu görüşlərdə həm ikitərəfli gündəliklə, həm də beynəlxalq, regional problemlərlə bağlı bir çox mühüm məsələlər üzrə məsləhətləşmələr və müzakirələr aparılıb. Prezidentlərin təkbətək və geniş tərkibdə görüşlərinin nəticələri iki ölkənin əməkdaşlığını yeni inkişaf səviyyəsinə qaldıracaq. Hər iki ölkə zamanın çətin sınaqlarından çıxıblar. Aktual regional və beynəlxalq məsələlərdə dövlətlərimizin mövqeləri üst-üstə düşür. Xalqlarımızın daha da yaxınlaşması üçün humanitar əlaqələr uğurla inkişaf etdirilir.

 Səfər müddətində Azərbaycan və Tacikistanın Prezidentlərinin iştirakı ilə bir sıra sənədlər imzalanıb. Xüsusən Prezidentlərin imzaladıqları  "Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə”nin qəbul edilməsi tarixi qərardır. Ümumi olaraq qəbul edilən 14 sənəd iki dövlətin qarşılıqlı fəaliyyətinin irəliləməsini daha da sürətləndirəcək.

Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan və Tacikistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər. Prezident İlham Əliyev bəyanatında bildirib ki, bu gün dövlətlərarası münasibətlərimiz ən yüksək səviyyəyə çatıb. "Qarşılıqlı fəaliyyətimizin əsasında çoxəsrlik tarix boyu əməkdaşlıq etmiş, dost olmuş, birlikdə qurub-yaratmış xalqlarımızın iradəsi dayanır”, - deyə dövlət başçısı əlavə edib. Azərbaycanla Tacikistanın qarşılıqlı münasibətlərinin tarixi kökləri qədimdir. Ölkələrimizi tarixi dostluq əlaqələri, siyasi, humanitar və digər sahələrdə münasibətlər də birləşdirir. Azərbaycan və tacik xalqları arasında tarixi, mədəni və dini bağlılıqlar iki ölkə arasındakı əlaqələrin əsasını təşkil edir. İki ölkə arasında ümumilikdə 70-dən çox sənəd, o cümlədən 2007-ci il martın 15-də "Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə” imzalanıb. Bu günki münasibətlər isə artıq strateji tərəfdaşlıq xarakteri daşıyır.

 Azərbaycan ilə Tacikistan arasında mədəni əməkdaşlığın əhəmiyyət böyükdür. Hər iki ölkədə müxtəlif illərdə qarşılıqlı mədəniyyət tədbirləri keçirilib. Xatırladaq ki, 1-3 may tarixlərində Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Tacikistan nümayəndə heyəti də aktiv iştirak etmişdir. Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 19-23 may tarixlərində isə Bakıda və Gəncədə Tacikistan Mədəniyyəti Günləri təşkil edilib. Bu da ölkələrimiz arasında mədəni əlaqələrin inkişafına yeni töhfə verəcək. Cənab Prezident bəyanatında bu məsələyə də toxunub: "Azərbaycanda Tacikistanın Mədəniyyət Günlərinin keçirilməsi ikitərəfli münasibətlərdə mühüm hadisədir. Tacik xalqının zəngin mədəniyyəti ilə tanış olmaq imkanı Azərbaycan tamaşaçılarına sevinc bəxş edəcəkdir”. Mayın 20-də Heydər Əliyev Mərkəzində Tacikistan Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi olub. Əvvəlcə qonaqlar Heydər Əliyev Mərkəzində nümayiş etdirilən Tacikistan rəssamlarının rəsm əsərləri, xalq sənətkarlıq nümunələri və milli geyimlərindən ibarət sərgi ilə tanış olublar. Mədəniyyət günləri çərçivəsində Tacikistan incəsənət ustalarının qala-konserti ilə yanaşı, tacik kinosu günləri və bu ölkənin rəssamlarının əsərləri, xalq sənətkarlıq nümunələri və milli geyimlərindən ibarət sərgi təşkil edilib. Mayın 23-də Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında "Tacikistan və Azərbaycan dostluğu” adlı geniş konsert proqramının təqdim olunması ilə Tacikistan Mədəniyyət Günləri başa çatıb. Qeyd edək ki, bu tədbirlərdə rəsmilər, iki ölkənin mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri və digər şəxslər iştirak ediblər. Bu kimi mədəni tədbirlər xalqlarımızı yaxınlaşdıran əsas amildir. Çünki bu iki xalq ortaq mədəni dəyərlərini bölüşürlər. Yeri gəlmişkən, Bakıda rəsmilərin keçirdiyi görülərdə gələn il Tacikistanda Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi təklifi səsləndirilib.

Nurullayeva Zenfira İslam qızı

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin xor  ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi