10 Aprel 2023
10:24
297

Azərbaycanın beynəlxalq arenada nüfuzunun göstəricisi

Prezident İlham Əliyev hər zaman diplomatik və iqtisadi müstəvidə Azərbaycanın mənafeyini əsas götürür

Hazırda hər bir dövlət üçün başlıca iqtisadi təminatı sayılan enerji təhlükəsizliyi və nəqliyyat kommunikasiyasının önəmi artıb. Bu baxımdan  Azərbaycan beynəlxalq arenada öz mövqeyini gücləndirərək strateji tərəfdaşlarının sayını artırıb. Artıq bir çox qlobal layihələrdə Azərbaycan  söz sahibinə çevrilib. Bununla yanaşı, Azərbaycan son illər qlobal təşəbbüslərlə çıxış edir. Bu da dövlətimizin beynəlxalq arenada nüfuzunun göstəricisidir.  Azərbaycan ərazilərinin uzun illər boyu davam edən işğalına tezliklə son qoymaq üçün dövlətin daha da gücləndirilməsinə, ölkə daxilində islahatları sürətləndirərək çevik idarəetmənin qurulmasına, millətin hakimiyyətə etimadının bir daha sınaqdan çıxarılmasına, güvənməsinə əmin olmaqdan ötrü növbədənkənar seçkilərin keçirilməsi zəruri idi. Yaranmış mürəkkəb beynəlxalq şərait, müxtəlif dövlətlər arasında münasibətlərin gərginləşməsi çevik addımların atılmasını labüd etmişdir. Bütün bunlar 2018-ci ildə növbədənkənar prezident seçkilərinin keçirilməsini şərtləndirən amillərdir. Növbədənkənar prezident seçkilərindən sonra ölkə yeni inkişaf mərhələsinə qədəm qoydu. Həmin mərhələ islahatların dərinləşdirilməsi və təcavüzkar Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsinə son hazırlıq işləri ilə səciyyələnirdi. Danışıqlarda qeyri-konstruktiv mövqe sərgiləyən Ermənistan hərb meydanında Azərbaycanın dəmir yumruğu ilə qarşılaşdı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu erməni mifini  darmadağın etdi. Azərbaycan Ermənistana heç gözləmədiyi şəkildə zərbə endirərək tarixdə unutmayacağı dərs verdi.

2018-ci ildə keçirilən Prezident seçkilərində xalq bir daha öz sözünü dedi. Bu seçiklərdə xalqımız cənab Prezident İlham Əliyevə etimad göstərdi. 2018-ci ilin Prezident seçkilərinin nəticələri xalqın iradəsini əks etdirir. Azərbaycan xalqı görülən işlərə səs vermişdir. Seçkilərdən əvvəl yerli və beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş rəy sorğuları, seçkilər günü yenə də beynəlxalq və yerli təşkilatlar tərəfindən keçirilmiş "exit-poll”lar seçkilərin rəsmi nəticələri ilə üst-üstə düşmüşdür.

Bu illər ərzində sosial müdafiə sisteminin təsnifatlandırılması istiqamətində dövlət tərəfindən mühüm addımlar atılıb. Ölkədə sosial problemləri yaradan məsələlərin qarşısı alınıb. Bundan başqa, Azərbaycanda pensiya sığorta sistemi böyük bir institutdur. Ölkədə yoxsul təbəqənin ehtiyaclarının qarşılanmasına yönələn ünvanlı dövlət sosial yardımı genişləndirilmiş, aztəminatlı ailələrin təminatı daha da gücləndirilmişdir. Son 10 ildə aztəminatlı ailələrə verilən sosial yardımın orta aylıq məbləği 2,6 dəfə artırılaraq 2021-ci ildə 280 manata çatdırılmışdır. Həyata keçirilən tədbirlər nəticəsində, milli yoxsulluq həddindən aşağı səviyyədə yaşayan əhalinin xüsusi çəkisi 2019-cu ildə 2010-cu illə müqayisədə 9,1%-dən 4,8%-dək azalmışdır. 2020-ci ildə isə COVID-19 pandemiyası ilə əlaqədar qeyd olunan göstərici 6,2%-dək artsa da, 2021-ci ildə 5,9%-ə enmişdir;

Bu gün Azərbaycanın enerji resurslarına Avropada daha böyük tələbat var. Avropa İttifaqı ilə əməkdaşlığın önəmli istiqamətlərindən biri siyasi dialoqdur. Ölkənin beynəlxalq imicinin və tərəfdaş dövlətlərin sayının artırılmasına yönəlmiş xarici siyasət yürüdülür. 2003-2018-ci illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən xarici siyasət və nəticəyə hesablanmış diplomatik uğurlar Azərbaycanın BMT, AŞ, ATƏT, NATO və bütün digər nüfuzlu beynəlxalq təşkilatların yüksək tribunasından daha qətiyyətlə çıxış etməsi və bir çox məsələlərdə beynəlxalq aləmin onun rəyinə hörmətlə yanaşması üçün münbit şərait yaratmışdır.

Bu gün Avropa dövlətləri bu baxımdan Azərbaycanla əməkdaşlığa daha çox maraqldır. Prezident İlham Əliyev xarici siyasətində Avropa İttifaqı ilə də əməkdaşlığa xüsusi önəm verir. Bu təşkilatla bir sıra istiqamətlər üzrə çox fəal əməkdaşlıq aparılır. İlk növbədə, enerji sahəsində əməkdaşlığa diqqət göstərilir. Buna misal olaraq ötən ilin iyul ayında Avropa Komissiyasının Prezidenti ilə Bakıda imzalanmış Anlaşma Memorandumunu qeyd etmək olar. Son zamanlar Avropa İttifaqı ilə Azərbaycan arasında həm təmasların sayı kəskin artıb, eyni zamanda, mahiyyət də yeni müstəviyə çıxıb və qarşılıqlı etimad artıb. Nəqliyyat sahəsində əməkdaşlıq üçün yeni imkanlar yaradıldığını deyən dövlət başçısı Avropa İttifaqı ölkələrinin Azərbaycanın əsas ticarət tərəfdaşları olduğunu qeyd edib. Bununla Azərbaycanın geosiyasi məkanda rolunun artığını görürük. Cənab Prezident hər zaman  diplomatik və iqtisadi müstəvidə Azərbaycanın mənafeyini əsas götürür. Bu gün Azərbaycan regional lider statusunu məhz Prezident İlham Əliyevin mükəmməl xarici siyasəti nəticəsində möhkəmləndirib.

Rüstəmova Aybəniz Vilayət qızı,

Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent