15 May 2023
09:30
332

Azərbaycanın Qarabağ və Zəngəzurdakı mülki missiyası

Prezident İlham Əliyev: "Bu gün Qarabağ dirçəlir, Zəngəzur dirçəlir, biz öz doğma torpaqlarımızda qururuq, yaradırıq”
Şuşa şəhərində keçirilən beynəlxalq tədbirlər, eləcə də festivallar bir daha təsdiqləyir ki, Azərbaycan Qarabağda təkcə abadlıq işi deyil, eyni zamanda sülh quruculuğu işi görür. Bununla Azərbaycan, həmçinin siyasi gücünü və mədəniyyətimizin böyüklüyünü dünyaya nümayiş etdirir. Bu görülən işlər də hər bir soydaşımıza sevinc və qürur hissi yaşadır. Qeyd edək ki, mayın 9-11-də Şuşa azad edildikdən sonra 3-cü dəfə keçirlən "Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı Ümummilli lider Heydər Əliyevin 100 illiyinə layiqli töhfədir. Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən festival çərçivəsində konsert proqramları, sərgilər və müxtəlif təqdimatlar olub.
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 2-dən başlayaraq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına səfər ediblər. Səfər şərçivəsində dövlətimizin başçısı və birinci xanım bir sıra açılışlarda və təməlqoyma mərasimlərində, eləcə də Şuşada Cıdır düzündə təşkil olunan "Xarıbülbül” musiqi festivalında iştirak ediblər.
Cənab Prezidentin bu regiona səfərinin ən əlamətdar hadisəsi mayın 10-da Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı xalqımıza Şuşadan təbrik müraciəti etməsi oldu. Bu müraciətdə dövlətimizin başçısı Ulu Öndərin həyat yolu və siyasi fəaliyyətinə toxunaraq deyib ki, Heydər Əliyev bütün dövrlərdə öz doğma xalqına sədaqətlə xidmət etmişdir: "Sovet Azərbaycanı dövründə - 1969-82-ci illərdə Azərbaycanı ən geridə qalmış yerlərdən ən qabaqcıl yerlərə gətirib çıxarmışdır. Müstəqil Azərbaycanın sənaye və iqtisadi potensialı məhz o illərdə formalaşmışdır. Məhz o illərdə yetişmiş kadrlar müstəqil Azərbaycanda və bu gün də fəaliyyət göstərərək bizim ümumi inkişafımızı təmin edirlər”. Daha sonra bildirib ki, Ulu Öndər Heydər Əliyev öz xalqına sıx bağlı olan bir adam idi: "Məhz onun təşəbbüsü ilə Azərbaycan dilinin qorunmasına dair önəmli addımlar atılmışdır, müvafiq sərəncamlar imzalanmışdır. Azərbaycan dilinin qorunması milli kimliyimizin qorunması deməkdir. Dünyada 50 milyondan çox insan üçün Azərbaycan dili Ana dilidir. Məhz Ulu Öndərin təşəbbüsü ilə Ana dilimizin qorunması istiqamətində atılan addımlar bu gün də davam etdirilir və bu, daim davam etdirilməlidir”.
Cənab Prezident müraciətində işğaldan azad olunan ərazilərdə aparılan quruculuq işlərindən də danışıb: "Bu gün Qarabağ dirçəlir, Zəngəzur dirçəlir, biz öz doğma torpaqlarımızda qururuq, yaradırıq. Qarabağın və Zəngəzurun bərpası missiyasını da uğurla icra edəcəyik. Necə ki, Ulu Öndərin vəsiyyətini yerinə yetirərək öz doğma torpaqlarımızı azad etdik, ərazi bütövlüyümüzü bərpa etdik, aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qurduq, orada Azərbaycan Bayrağını qaldırdıq, ərazi bütövlüyümüzü tam bərpa etdik, eləcə də mülki missiyamızı da şərəflə yerinə yetirəcəyik”.
Bu gün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan tikinti işləri dövlətimizin başçısının şəxsən öz diqqətindədir. Prezident İlham Əliyev 10 günə yaxın müddətdə regionda oldu. Bəlkə də ilk dəfədir ki, dövlətimizin başçısı hansısa regiona bu qədər üzunmüddətli səfər edir. Prezident İlham Əliyev müraciətində bildirib ki, müharibədən cəmi iki il yarım keçəndən sonra artıq keçmiş köçkünlərimizi iki kəndə qaytarmışıq: "10 kəndin bünövrəsi son günlərdə qoyulubdur. Bütün şəhərlərin Baş planları tərtib edilib və bütün şəhərlərdə indi genişmiqyaslı inşaat işləri aparılır”. Səfər müddətində yeni-yeni kəndlərin, yaşayış məhəllələrinin, küçələrin, mərkəz və komplekslərin və s. açılışı olub. Bütün bunlarla regionda həyat yenidən canlanır.
Artıq Qarabağa, Şuşaya Milli Ordumuzun düşmən işğalından azad etdiyi Zəfər yolu ilə getmək mümkündür. Bu yolla hərəkət edənlər erməni vəhşiliyi nəticəsində bir zamanlar dağıntılara məruz qalmış Qarabağın ilbəil dirçəldiyinin şahidi olurlar. Qısa zaman kəsiyində dövlətimizin sürətlə və keyfiyyətlə apardığı abadlıq və quruculuq işləri soydaşlarımızı qürurlandırır.

Qasımov Səyavuş Kamran oğlu,

Avrasiya Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent