06 İyun 2024
11:10
175

Azərbaycanın qlobal enerji sektoruna daha bir töhfəsi

Prezident İlham Əliyev: "İqlim dəyişikliyi hər bir ölkə üçün çağırışdır”

 İyun ayının ilk həftəsi Azərbaycan üçün daha bir beynəlxalq tədbirin açılışı ilə əlamətdar oldu. Belə ki, iyunun 4-də Bakı Enerji Həftəsinin açılışı olub. Elə həmin gün Prezident İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - "Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - "Caspian Power” sərgilərinin rəsmi açılış mərasimində iştirak edib. Bakı Enerji Həftəsi istər Azərbaycan, istər isə qlobal dünya üçün çox əhəmiyyətlidir. Prezident İlham Əliyev açılış mərasimindəki nitiqində də bunu xüsusi qeyd edib: "Xəzər Neft və Qaz Sərgisi otuz il bundan əvvəl 1994-cü ildə fəaliyyətə başlayaraq, Azərbaycanın enerji sektoruna birbaşa xarici investisiyaların cəlb edilməsində mühüm rol oynamışdır. O vaxtdan bəri bu tədbir daha böyük tədbirə çevrilib və enerji siyasətinin bütün əsas seqmentlərini - neft, qaz, kəşfiyyat və hasilat, emal, nəqliyyatı və yaşıl enerjini əhatə etdiyinə görə indi onun adı Bakı Enerji Həftəsidir”.  Artıq 30 ildir ki, Bakı Enerji Həftəsi keçirilir. Bu o deməkdir ki, Azərbaycan ildən-ilə dinamik inkişafı ilə fərqlənir. Ölkəmiz enerji sektorunda innovasiya və tərəqqiyə yiyələnib. Eyni zamanda bu istiqamətdə müxtəlif ölkələrlə əməkdaşlıq güclənir.

Müstəqil Azərbaycanın enerji sektoruna töhfəsi özünü "Əsrin müqaviləsi”nin imzalanmasın ilə də göstərdi. Cənab Prezidentin dediyi kimi, Birinci Xəzər Neft və Qaz Sərgisinin keçirilməsindən bir neçə ay sonra - 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi” imzalandı: "Bu da ölkənin transformasiyasında dönüş nöqtəsi oldu. Məhz bunun nəticəsidir ki, BP şirkəti otuz ildir bizim strateji tərəfdaşımızdır və bundan sonra da ən azından otuz il ərzində strateji tərəfdaşımız olaraq qalacaq. 1994-cü ildə Birləşmiş Krallıqdan BP və ABŞ-dan "Amoco” beynəlxalq neft şirkətləri konsorsiumuna rəhbərlik edirdilər və onlar bizə etibar etdilər”.

Bakı Enerji Həftəsində enerjinin inkişafına və dayanıqlılığa dair bir sıra təkliflər irəli sürülüb. Bu, dünyanı səmərəli gələcəyə doğru istiqamətləndirən beynəlxalq ölklərarası tərəfdaşlığın inkişaf etdirilməsində də mühüm rol oynayır. Bu da ölkəmizin enerji sektoru ilə bağlı tarixi bir təşəbbüsüdür. Prezident İlham Əliyev deyib ki, enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz hissəsidir: "İdxaldan asılı olan ölkələr, əlbəttə ki, ən etibarlı və uzunmüddətli tərəfdaşlar və müqavilələr axtarır. Onlar Azərbaycanın simasında məhz bunu əldə edirlər”. Hazırda Azərbaycanın Avropaya təbii qaz ixracının həcminin artırılması ilə bağlı danışıqları davam edir. Eyni zamanda ölkəmizin Avropa ilə "yaşıl" enerji sahəsində də çalışmaları aparılır. Ötən gün keçirilən Bakı Enerji Forumunda da bu məsələ də günədmə gəlib. Rəsmi məlumatlara görə, son 3 il ərzində Azərbaycan qaz təchizatını 40 %-dən çox artırıb. Lakin bu, Azərbaycan üçün kifayət etmir. Bu üzdən rəsmi Bakı uzunmüddətli müqavilələrin bağlanmasında maraqlıdır. Hər halda Avropa İttifaqı Azərbaycanla bu məsələdə daha çox əməkdaşlıq və tərəfdaşlığı gücləndirməldir. Bu istiqamətdə danışıqların uğurlu olması, əlbəttə ki, qarşı tərəfdən asıldır. Çünki Azərbaycan üzərinə düşənləri tam yerinə yetirir. Azərbaycanın  "yaşıl enerji"nin nəqli baxımından olduqca böyük potensialı var.

Bu gün Bakı Enerji Həftəsi müxtəlif xarici ölkələrin enerji ekspertləri üçün əsas toplantı mərkəzinə çevrilib. Bu tədbirin hər il mövzuları və əhatə dairəsi daha da genişlənir. Bakı Enerji Həftəsinin açılışındakı çıxışlarda iqlim dəyişikliyinə qarşı qlobal mübarizədə beynəlxalq birliyi dəstəkləmək üçün 2024-cü ilin Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi cəsarətli bir addım kimi qiymətləndirlirb. Aparılan müzakirələrdə bu mövzu, eləcə də COP29 Bakı Enerji Həftəsinin gündəliyində daha geniş yer tutub. Cənab Prezident çıxışında bu məsələyə də toxunub: "İqlim dəyişikliyi hər bir ölkə üçün çağırışdır. Biz proaktiv addımlar atdıq və hazırda tərəfdaşlarımızla birgə çalışırıq. Biz BƏƏ və növbəti COP-a ev sahibliyi edəcək Braziliya ilə birlikdə "Troyka” təsis etmişik. Qoşulmama Hərəkatının keçmiş sədri qismində biz 120 ölkə ilə birlikdə bu təsisat və Avropa İttifaqı arasında körpülərin qurulmasına çalışırıq. Avropa İttifaqına 10 üzv dövlət ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında bəyannamə imzalanıb. Biz hazırda inkişafda olan kiçik ada dövlətləri ilə fəal işləyirik. Onların dəstəklənməsi məqsədilə xüsusi fondun yaradılmasını planlaşdırırıq”. Azərbaycanın COP29-a ev sahibliyi etməsi əksər ölkələrdə məmnunluq yaradıb. Bakı Enerji Həftəsi çərçivəsidnə keçirilən tədbirlərdəki çıxışlarda da bu məmnunluq ifadə olunub. Bütün bunlar Azərbaycanın qlobal miqyasda artan nüfuzunun bir daha göstəricisidir. Ölkəmiz üçün hər zaman iqlim dəyişikliyi üzrə məsələlərin həlli prioritetdir. Bu ilin "Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi bunu bir daha sübut edir. Həmçinin COP29-un Bakıda keçirilməsi iqlim dəyişikliyi ilə bağlı təşəbbüslərdə ön sırada olmağımızın bariz nümunəsidir.

Nurullayeva Zenfira İslam qızı

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin xor  ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi