25 May 2023
11:16
352

Azərbaycanla Litvanın biznes əlaqələrinin inkişaf perspektivləri

Prezident İlham Əliyevin Litvaya rəsmi səfəri iki ölkə arasında münasibətləri yeni müstəviyə qaldıracaq

Son zamanlar Azərbaycan Respublikasının əldə etdiyi dünya miqyaslı uğurlar və həmçinin onun gündən-günə artan gücü dünya dövlətləri ilə əlaqələrin daha da möhkəmlənməsinə öz müsbət təsirini göstərir. Bu təsir Azərbaycan-Litva münasibətlərindən də yan keçmir. Bu iki ölkə arasında münasibətlər hökumətlərarası komissiyasının fəaliyyətindən sonra daha da möhkəmlənmişdir. Belə ki, Azərbaycan-Litva Hökumətlərarası Komissiyasının 2012-ci il ikinci iclası zamanı iki ölkə arasında münasibətlərin siyasi, mədəni və ictimai sahədə daha da gücləndirilməsi üçün müəyyən işlər qarşıda duran icra planına daxil edilmişdir. Bu icra planına əsasən bütün fəaliyyətlər uğurla yerinə yetirilmişdir. Lakin iki ölkə arasındakı əlaqələrin getdikcə daha sürətlə inkişaf etdirilməsi artıq zərurətə çevrilmişdir. Bu baxımdan Prezident İlham Əliyevin cari ilin 22 may tarixində Litvaya rəsmi səfəri iki ölkə arasında münasibətləri yeni müstəviyə qaldırararq əlaqələrinin gələcək inkişafına öz töhfəsini verəcək. Vilnüsdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Litva Respublikasının Prezidenti Gitanas Nausedanın iştirakı ilə imzalanmış əməkdaşlıq sənədləri bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin Litvada rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanat da bu ölkə ilə perspektivli əməkdaşlıq istiqaməti haqda da danışıb: "Litvada və Azərbaycanda bərpaolunan enerji növlərinin yaradılması ilə də bağlı olan işlər paralel şəkildə aparılır. Həm Litvada, həm Azərbaycanda bu sahəyə çox böyük diqqət göstərilir”.

Cənab Prezident, həmçinin qeyd edib ki, Litva ilə ikitərəfli əməkdaşlıq eyni zamanda, Avropa İttifaqı-Azərbaycan çərçivəsində də önəmli rol oynayır: "Azərbaycan təbii qazının Avropa bazarlarına nəql edilməsi ilə bağlı çox ciddi addımlar atılır. İxrac edilən qazın həcmi ildən-ilə artır”.

Dövlətimizin başçısı çıxışında iki ölkə arasında biznes əlaqələrinin inkişafına da toxunub: "Biznes qurumlarının birgə fəaliyyəti ticarət dövriyyəsinin artırılmasına gətirib çıxaracaq. Hər iki tərəfdən çox böyük maraq var və keçən ilin may ayında Prezident Nausedanın Azərbaycana rəsmi səfəri çərçivəsində Bakıda Litva-Azərbaycan biznes forumu keçirilmişdir”.

Yeri gəlmişkən, 22 may tarixində Vilnüs şəhərində Azərbaycan-Litva biznes forumu keçirilmişdir. Biznes forumda hər iki ölkədən iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən, ümumilikdə, 80-dək şirkət təmsil olunmuşdur. Prezident İlham Əliyev forumda çıxış edərək deyib ki, Avropanın enerji xəritəsi əsasən, Azərbaycanın təşəbbüsləri sayəsində kəskin şəkildə dəyişib: "Bu gün Litva və Azərbaycan öz regionlarında mühüm daşımalar qovşağıdır. Xəzər və Baltik regionları arasında şəbəkə qurmalıyıq. Neft və qaz boru kəmərləri tamamilə yeni vəziyyət yaradır”.

Cənab Prezident çıxışında logistika, şəbəkələr və daşımalarda böyük əməkdaşlıq potensialının da olduğunu bildirib: "Daşımalar sektorunu yalnız tranzit gəlirləri potensialı ilə məhdudlaşmır. Burada, o cümlədən kiçik və orta müəssisələr üçün marşrut boyunca istehsal qurmaq, biznes təmasları yaratmaq, xidmət göstərmək fürsətidir”.

Nəzərə çatdıraq ki, 2009-cu ildə Bakıda Litva Ticarət Evinin açılışı olub. Bakıda Ticarət evinin fəaliyyətə başlaması Litva ilə Azərbaycan arasında ticari əlaqələrin daha da genişlənməsinə, ikitərəfli ixrac və idxal əməliyyatlarının artmasına müsbət təsir göstərmişdir. Bundan sonra ölkəmizə Ltavadan gətirilən məhsulların çeşidi daha da artmışdır. Məsələn, əvvəllər Litvadan yalnız süd və balıq məhsulları idxal olunurdusa, ondan sonra alıcılar qablaşdırılmış sular, ət və ət məhsullarını almaq imkanı qazanmışdırlar. Bundan əlavə, Litvadan gətirilən avadanlıqlardan iki yeni zavodun tikilməsində istifadə edilimişdir.

Ümid olunur ki, bir il ərzində Azərbaycan və Litva ilə bağlı iki biznes forumunun keçirilməsi Litvada da Azərbaycan Ticarət Evinin açılması işini sürətləndirəcək. Əlbəttə ki, məqsəd dost ölkə olan Litvada Azərbaycan məhsullarının satışını təşkil etməkdir.

Nurullayeva Zenfira İslam qızı

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin xor ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi