05 İyun 2024
11:15
180

BDU beynəlxaq QS reytinqi üzrə ölkə birincisi oldu

Dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri hesab olunan "QS Quacquarelli Symonds” agentliyi "QS World University Rankings 2025” nəticələrini elan edib.

Bakı Dövlət Universiteti (BDU) böyük uğura imza atmaqla "QS World University Rankings 2025”də 179 pillə irəliləyərək, 951-1000 aralığında qərarlaşıb və ölkədə lider mövqeyinə yüksəlib. Eyni zamanda tələbə-müəllim nisbəti (faculty-student ratio) indikatoru üzrə dünyada 373-cü mövqeyə, məşğulluq göstəriciləri (employer outcomes) üzrə isə 271-ci mövqeyə yüksəlib. Bununla yanaşı, müxtəlif indikatorlarına görə qiymətləndirmə nəticələrinə əsasən, BDU tələbə-müəllim nisbəti (faculty-student ratio), fakültə üzrə istinad sayı (citation per faculty), beynəlxalq tədqiqat şəbəkəsi (international research network) və məşğulluq göstəriciləri (employer outcomes) üzrə də ölkədə lider mövqedə qərarlaşıb.

Qeyd edək ki, BDU-nun "QS World University Rankings 2025”də cari qiymətləndirmə nəticəsi öncəki il ilə müqayisədə əhəmiyyətli dərəcədə artıb. Ötən il BDU "QS World University Rankings”də 1001-1200 aralığında yer alırdı. Elan olunan reytinq qiymətləndirilməsinə 106 fərqli ölkədən müəyyən olunan minimal tələbləri qarşılayan 5663 ali təhsil müəssisəsi cəlb olunub, 1503 ali təhsil müəssisəsi isə reytinq siyahısında yer ala bilib.