16 May 2023
17:20
341

BDU-nun Qazax filialında Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib

Qazax Rayon İcra Hakimiyyəti və "Loqos” Psixoloji və Nitq Mərkəzinin birgə təşkilatçılığı ilə BDU-nun Qazax filialında Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib.

Bakı Dövlət Universitetinin Qazax filialında keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin, "Loqos” Psixoloji və Nitq Mərkəzinin əməkdaşları, filialın müəllim və tələbə heyəti iştirak ediblər.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü, Vətənin azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
BDU-nun Qazax filialının direktoru, dosent Arif Rüstəmov giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb, keçirilən tədbirin əhəmiyyətindən söz açıb. Müstəqil Azərbaycanın memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin bütün sahələrdə olduğu kimi, ailə dəyərlərinə də böyük önəm verdiyini, ailənin cəmiyyətimizdəki rolunu hər zaman yüksək qiymətləndirdiyini bildirib.

Loqos” Psixoloji və Nitq Mərkəzinin rəhbəri, "Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin sədri, Psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva çıxış edərək tədbir iştirakçılarını salamlayıb, gənclərlə ailə dəyərlərinə həsr olunmuş tədbirin təşkilinə görə rayon rəhbərliyinə və filialın kollektivinə razılığını ifadə edib. T.Paşayeva qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin siyasətinin əsasını milli-mənəvi dəyərlərin qorunması təşkil edirdi. Ümummilli Liderin əsasını qoyduğu bu ənənə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müasir müstəqil Azərbaycanda həyata keçirilən dövlət ailə siyasəti milli-mənəvi dəyərlərdən qaynaqlanır və bilavasitə onun təcəssümüdür. Bu da ölkəmizdə ailəyə verilən qiymətin bariz ifadəsidir. "Loqos” Psixoloji və Nitq Mərkəzinin fəaliyyəti və həyata keçirdiyi layihələrdən söz açan T.Paşayeva Loqos ailəsi olaraq ailə münasibətlərinə, ailənin cəmiyyətdəki roluna xüsusi önəm verdiklərini, sağlam ailənin formalaşması üçün əllərindən gələni əsirgəmədiklərini qeyd edib.