20 Avqust 2026
22:58
10

Bir sinifdən 5 kursant: 307 nömrəli məktəbin məzunlarından xüsusi uğur

307 nömrəli tam orta məktəbin 11 "Ç” humanitar-riyaziyyat-iqtisadiyyat təmayüllü sinfinin 5 məzunu xüsusi təyinatlı ali təhsil müəssisələrinə qəbul olunaraq kursant adını qazanıb.

Eyni sinifdən beş şagirdin üç müxtəlif xüsusi təyinatlı ali təhsil müəssisəsinə qəbul olunması məktəb və müəllimləri üçün xüsusi uğur kimi qiymətləndirilir.

Sözügedən şagirdlər Azərbaycan dili və ədəbiyyat müəllimi Sərxan Şahverdiyevin dərs dediyi və hazırlığı ilə şəxsən məşğul olduğu məzunlardır.

573.1 balla Polis Akademiyasına

Babayev Ayxan 573.1 balla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Hüquqşünaslıq ixtisasına qəbul olunub.

Ayxanın Azərbaycan dili üzrə buraxılış imtahanı nəticəsi 83 bal olub. O, blok imtahanında Azərbaycan dilindən 30 sualdan 29-na, ədəbiyyatdan isə 30 sualdan 26-na düzgün cavab verib.

Ədəbiyyatdan 30/30 nəticə

Əliyev Qərib 487.2 balla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Hüquqşünaslıq ixtisasına qəbul olunub.

Qərib Azərbaycan dili üzrə buraxılış imtahanından 83 bal toplayıb. Blok imtahanında Azərbaycan dilindən 20/30, ədəbiyyatdan isə maksimum nəticə — 30/30 göstərib.

399 balla Heydər Əliyev adına Hərbi İnstituta

Qənbərli Sinan 399 balla Heydər Əliyev adına Hərbi İnstituta qəbul olunub və seçim əsasında Tarix–Beynəlxalq münasibətlər ixtisasını seçib.

Sinan Azərbaycan dili üzrə buraxılış imtahanından 86 bal toplayıb. Blok imtahanında Azərbaycan dilindən 17, ədəbiyyatdan isə 18 suala düzgün cavab verib.

İki məzun DSX Akademiyasının kursantı oldu

Zeynalzadə Cavidan 207 balla Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Akademiyasının "Sərhəd təhlükəsizliyi və idarəetmə” ixtisasına qəbul olunub.

Onun Azərbaycan dili üzrə buraxılış imtahanı nəticəsi 62.5 bal, blok imtahanında ədəbiyyat nəticəsi isə 18 doğru cavab olub.

Sinfin digər məzunu Yusifov Oruc da Dövlət Sərhəd Xidməti Akademiyasının "Sərhəd təhlükəsizliyi və idarəetmə” ixtisasına qəbul olunub. O, 165 bal toplayıb. Orucun Azərbaycan dili üzrə buraxılış imtahanı nəticəsi 55 bal olub.

Beləliklə, 307 nömrəli tam orta məktəbin 11 "Ç” sinfindən 5 şagird 3 xüsusi təyinatlı ali təhsil müəssisəsinin kursantı adını qazanıb: 2 şagird DİN-in Polis Akademiyasına, 1 şagird Heydər Əliyev adına Hərbi İnstituta, 2 şagird isə Dövlət Sərhəd Xidməti Akademiyasına qəbul olunub.

Məktəbdə yaradılan təhsil mühitinin nəticəsi

Əldə olunan nailiyyət məktəbdə şagirdlərin akademik inkişafı ilə yanaşı, onların gələcək peşə seçimlərinə, vətənpərvərlik ruhunda yetişməsinə və məqsədyönlü şəkildə istiqamətləndirilməsinə verilən önəmin göstəricilərindən biri kimi qiymətləndirilir.

Məktəbin direktoru Nizami Qasımzadənin rəhbərliyi ilə şagird nailiyyətlərinə göstərilən diqqət, müəllimlərin təşəbbüslərinə verilən dəstək və məktəbdə yaradılan sağlam təhsil mühiti də bu kimi uğurların əldə olunmasında mühüm rol oynayır.

"Uğurunuz uğurumdur…”

Şagirdlərin Azərbaycan dili və ədəbiyyat müəllimi Sərxan Şahverdiyev nəticə ilə bağlı bildirib:

"Bir müəllim üçün şagirdinin uğurundan böyük sevinc, çəkdiyi zəhmətin bəhrəsini görməkdən böyük qürur yoxdur. Bu beş şagirdimin hər birinə dərs demişəm, hazırlıqları ilə şəxsən məşğul olmuşam və sözün əsl mənasında üzərlərində xüsusi zəhmətim olub.

Bu nəticələrin arxasında aylarla davam edən hazırlıq, saysız-hesabsız tapşırıq və sınaqlar, tələbkarlıq, əzm və böyük məqsədlər dayanır.

Şagirdlərimizin uğurunda ailələrinin, müəllimlərinin və məktəbimizin yaratdığı təhsil mühitinin də böyük payı var. Məktəbimizin direktoru Nizami Qasımzadənin şagird nailiyyətlərinə, təhsilə və vətənpərvərlik tərbiyəsinə göstərdiyi diqqət və dəstəyi xüsusi qeyd etmək istəyirəm.

Bu gün onların hər biri kursant adını qazanıb. Onların uğurunu öz uğurum hesab edirəm. Çünki müəllimin ən böyük mükafatı yetişdirdiyi şagirdlərin məqsədlərinə çatdığını görməkdir.

Bu gün müəllimləri kimi onlarla qürur duyuram. Sabah isə onları dövlətimizə, xalqımıza və Vətənimizə şərəflə xidmət edən layiqli zabitlər kimi görmək ən böyük arzularımdan biridir.

Yolunuz açıq, xidmətiniz şərəfli olsun! Sizinlə qürur duyuram!”

Bir sinif, 5 kursant, 3 ali təhsil müəssisəsi

Bir sinif. 5 kursant. 3 xüsusi təyinatlı ali təhsil müəssisəsi. Bir amal — Vətənə xidmət!