2 dekabr 2022-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Lodz şəhərində ATƏT Nazirlər Şurasının 29-cu iclasında iştirakı çərçivəsində Müqəddəs Taxt-Tacın xarici işlər üzrə dövlət katibi arxiyepiskop Pol Riçard Qallager ilə görüşüb.
İslahat.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Söhbət zamanı Azərbaycan-Vatikan münasibətlərinin yüksək səviyyəsi, ikitərəfli görüşlərin müntəzəmliyi razılıqla qeyd olunub.
Ceyhun Bayramov Azərbaycanın ölkələrimiz arasında olan münasibətlərə böyük əhəmiyyət verdiyini və bu xüsusda Azərbaycanın Vatikanda ayrıca səfirliyinin fəaliyyətə başlayacağını qeyd edərək, bunun əməkdaşlığın daha da inkişafına xidmət göstərəcəyinə əminliyini ifadə edib.
Nazir həmçinin qarşı tərəfə 44 günlük Vətən müharibəsindən sonrakı vəziyyət, eləcə də işğaldan azad edilmiş ərazilərimizdə təbiətə qarşı törədilmiş cinayətlər, vandalizm və dağıdılmış mədəni və dini irs barədə ətraflı məlumat verib. Azərbaycanın azad edilmiş ərazilərimizdə infrastrukturun, nəqliyyat-kommunikasiya xətlərinin bərpasını həyata keçirdiyi qeyd edilib. Bununla yanaşı, Ermənistanın törətdiyi və davam edən mina təhdidləri və digər təxribatları barədə müfəssəl məlumat verilib. 1990-cı illərin əvvəllərindən 3800-dən yuxarı itkin düşmüş azərbaycanlı barədə hələ də məlumat olmadığı diqqətə çatdırılıb.
Müqəddəs Taxt-Tacın xarici işlər üzrə dövlət katibi Pol Riçard Qallager Ermənistan-Azərbaycan arasında münasibətlərin normallaşması və sülhün bərpa olunacağına ümid etdiyini bildirib. O, Azərbaycanın Vatikanda səfirliyinin açılmasının vacib addım olduğu, əlaqələrin daha da genişlənməsi üçün səylərin artırılmasının zəruriliyini vurğulayıb.
Görüşdə, həmçinin Azərbaycanın Vatikanın tarixi yerlərinin bərpasında iştirakı məmnunluqla qeyd edilib və bunun mədəniyyətlərarası dialoqa bir töhfə kimi qiymətləndirildiyi diqqətə çatdırılıb.
İslahat.az