23 İyul 2026
12:21
205

Deputat: Azərbaycan-Almaniya münasibətləri uzunmüddətli strateji baxışa əsaslanan tərəfdaşlıq modeli üzərində qurulur

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxvektorlu xarici siyasət kursu ötən illər ərzində Azərbaycanın beynəlxalq mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirib. Bu gün ölkəmiz Avropanın enerji təhlükəsizliyində, Avrasiya nəqliyyat marşrutlarının formalaşdırılmasında, regional sabitliyin təmin olunmasında və yeni iqtisadi əməkdaşlıq platformalarının yaradılmasında mühüm rol oynayan dövlətlərdən biri kimi böyük nüfuz qazanıb. Avropa İttifaqının aparıcı siyasi və iqtisadi gücü hesab olunan Almaniya ilə Azərbaycan arasında münasibətlərin strateji müstəviyə keçməsi istiqamətində atılan addımlar da məhz bu reallığın növbəti təsdiqidir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov bildirib.

Dövlətimizin başçısının Almaniya Federativ Respublikasına rəsmi səfərinin Azərbaycanın Almaniya, eləcə də Avropanın aparıcı dövlətləri ilə münasibətlərinin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini göstərən mühüm siyasi hadisə olduğunu bildirən Ş.İsmayılov deyib: "Səfər çərçivəsində əldə olunan razılaşmalar, imzalanan sənədlər və aparılan müzakirələr Azərbaycan-Almaniya münasibətlərinin artıq ayrı-ayrı əməkdaşlıq istiqamətlərini deyil, geniş strateji gündəliyi əhatə edən uzunmüddətli tərəfdaşlıq modelinə çevrildiyini nümayiş etdirir. Bu, eyni zamanda, Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin dərinləşməsində də mühüm rol oynayacaq”.

Komitə sədri qeyd edib ki, iki ölkə arasında münasibətlər uzunmüddətli strateji baxışa əsaslanan kompleks tərəfdaşlıq modeli üzərində qurulur. Təbii ki, "Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə” münasibətlərin yeni mərhələyə yüksəlməsi, gələcək inkişafı üçün möhkəm siyasi və hüquqi baza formalaşdırır. Həmçinin Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması iki ölkənin dövlət qurumları və biznes dairələri arasında sistemli əməkdaşlıq mexanizmi formalaşdıracaq, investisiyaların təşviqi, innovasiya, yüksək texnologiyalar və sənaye kooperasiyası istiqamətlərində əməkdaşlıq üçün yeni perspektivlər açacaq.