08 Sentyabr 2024
15:32
255

Deputat: Prezidentin toxunduğu məsələlərin hər biri reallıqları yenidən dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edirdi

Prezident İlham Əliyevin İtaliyaya Respublikasına səfəri, eyni zamanda "Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda "Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışı əhəmiyyətliliyi ilə yadda qaldı. İlk öncə onu qeyd etməliyik ki, İtaliya və Azərbaycan arasında dost münasibətləri yüksək səviyyədədir və müsbət dinamikası ilə fərqlənir.

İctimai.az xəbər verir ki, bu sözləri açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Şahin İsmayılov edeyib.

"Prezident İlham Əliyevin Forumda çıxışı özündə bir neçə vacib məsələni ehtiva edirdi. Bunlardan birincisi Azərbaycan-İtaliya əlaqələri ilə bağlı idi. İki ölkə arasında əlaqələr bir çox sahəni əhatə edir və ölkələrin siyasi tərəfdaş olması nümayiş etdirilib. Azərbaycan və İtaliya arasında 10 il əvvəl imzalanmış bəyannamə müsbət nəticələr əldə edib. Azərbaycandan İtaliyayadək uzanan Cənub Qaz Dəhlizi bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin edir. Qarşılıqlı etimad və hörmət, habelə qarşılıqlı maraqların nəzərə alınması üzərində qurulan ikitərəfli əlaqələr enerji və ticarətlə məhdudlaşmır.

Prezident İlham Əliyev  torpaqlarımızın 30 il ərzində Ermənistanın işğalı altında qalması faktına da toxundu. O, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icra olunamamasına, ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi ilə bağlı məsələləri də diqqətə çatdırıb. Cənab Prezident çıxışının davamında ədaləti və sülhü təmin etmək üçün təkcə beynəlxalq hüququn kifayət olmadığına, masa üzərində digər amillərin də lazım olduğuna diqqət çəkdi. Müzəffər Ali Baş Komandan Azərbaycanın öz nümunəsi ilə beynəlxalq hüquq, güclü siyasi iradə, cəmiyyətin səfərbər olması və fiziki gücün ciddi siyasi dəyişikliklə nəticələnə biləcəyini nümayiş etdirdiyini xüsusilə vurğuladı.

Prezident İlham Əliyev AŞPA-nın qərəzli mövqeyinə toxunaraq qeyd etdi ki, suverenliyimiz tam şəkildə bərpa olunandan bir neçə ay sonra Avropa Şurasının Parlament Assambleyası bizim nümayəndə heyətini səsvermə hüququndan məhrum etdməsi suverenliyimizi bərpa etdiyimiz üçün bizə qarşı tətbiq edilən sanksiya idi. Onlar da çox yaxşı bilir ki, Azərbaycan əldə etdiyi qələbə ilə ədaləti bərpa edib. Ədalətsizlik isə həm işğal dövründə, həm də işğaldan sonra bizə qarşı yönələn məkrli siyasətdir. Azərbaycanın haqlı mövqeyi aydın şəkildə görünsə də ikili standartlar bunu görmələrinə imkan vermir.

Azərbaycan Prezidentinin toxunduğu məsələlərin hər biri reallıqları yenidən dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edirdi”.