01 Oktyabr 2026
15:46
18

Doğru.az-ın 6 yaşı tamam olur

 

Düz 6 il əvvəl, 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başladı. Həmin dövrdə Doğru.az saytının yaradılması ilə bağlı düşüncələr olsa da, fəaliyyətə nə zaman başlanacağı dəqiq müəyyənləşməmişdi. Müharibənin başlaması isə bu qərarın daha da sürətlənməsinə səbəb oldu. Beləliklə, 30 sentyabr 2020-ci ildə Doğru.az fəaliyyətə başladı.

Müharibənin ilk günlərindən etibarən cəbhədən gələn məlumatları operativ şəkildə izləyərək oxuculara çatdırmağa çalışdıq. Gəncə, Tərtər, Goranboy və digər bölgələrdən daxil olan xəbərlər gün ərzində diqqətlə izlənilir, ən son məlumatlar operativ şəkildə yayımlanırdı. Cəbrayıl rayonunun kəndlərinin azad olunması ilə bağlı qələbə xəbərlərinin, 8 noyabr 2020-ci ildə isə Şuşanın azad olunması xəbərinin yayımlanması Doğru.az-ın fəaliyyətində ən yaddaqalan məqamlardan oldu.

Həmin günlərdə əsas məqsədimiz düzgün və operativ informasiyanı ictimaiyyətə çatdırmaq idi. Çətin şəraitdə kiçik komanda ilə gecə-gündüz çalışaraq fəaliyyətimizi davam etdirdik. 24 noyabr 2020-ci ildə isə Doğru.az MMC olaraq fəaliyyətimizi davam etdirdik.

2021-ci ildə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin yaradılması ilə ölkədə media sahəsində yeni institusional mərhələ başladı. Doğru.az 1 iyun 2023-cü ildə Medianın İnkişafı Agentliyi tərəfindən media subyekti kimi qeydiyyata alındı. 28 may 2025-ci ildə isə Azərbaycan Mətbuat Şurasına üzv qəbul edildi.

Bu gün Doğru.az 5 nəfərlik komanda ilə fəaliyyət göstərir:

İlqam Cəbiyev — Direktor
Əfsanə Rəcəbova — Baş redaktor
İlahə Əliyeva — Müxbir
Şəha Qardaşova — Müxbir
Məlahət Rzayeva — Müxbir

Geridə qoyduğumuz 6 il bizim üçün yalnız tarixlərdən ibarət deyil. Bu illər ərzində müxtəlif hadisələri işıqlandırdıq, xəbərlər hazırladıq, müsahibələr götürdük, gündəmin ən mühüm mövzularını izlədik və oxucularımıza operativ informasiya çatdırmağa çalışdıq.

Media sahəsinin inkişafı istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlər və yaradılan yeni imkanlar da bu fəaliyyətin mühüm hissəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə media sahəsində həyata keçirilən siyasət, Medianın İnkişafı Agentliyinin fəaliyyəti və media subyektləri üçün formalaşdırılan yeni institusional mexanizmlər ölkənin media mühitində mühüm dəyişikliklərlə müşayiət olunur.

Doğru.az olaraq media sahəsində çalışan həmkarlarımızın, o cümlədən Prezidentin köməkçisi, Xarici siyasət məsələləri üzrə şöbənin rəhbəri Hikmət Hacıyevin media ilə kommunikasiya və məlumatlandırma sahəsində fəaliyyətini, həmçinin Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılovun rəhbərliyi ilə həyata keçirilən institusional tədbirləri də diqqətdə saxlayırıq.

Biz bu yolun hələ başlanğıcındayıq.

6 il əvvəl bir sayt olaraq fəaliyyətə başladıq. Bu gün isə arxasında böyük zəhmət, xatirələr, dostluqlar, gecə-gündüz davam edən iş və gələcəyə dair yeni planlar dayanan bir media platformamız var.

30 sentyabr bizim üçün sadəcə doğum günü deyil. Bu tarix Doğru.az-ın başladığı yolun, keçdiyi mərhələlərin və qarşıya qoyduğu yeni hədəflərin simvoludur.

Bu gün Doğru.az-ın 6 yaşı tamam olur.

Bu 6 il ərzində yanımızda olan hər bir həmkarımıza, fotoqrafa, tərəfdaşımıza, oxucumuza və bizə etimad göstərən hər kəsə təşəkkür edirik.

Qarşıda daha böyük məqsədlər var.

Addım-addım, öz zəhmətimizə və peşə prinsiplərimizə sadiq qalaraq yolumuza davam edirik.

6 yaşın mübarək, Doğru.az!