Heydər Əliyev: "Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir”
Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq məfkürəsini ümummilli ideologiya olaraq irəli sürməsi dünya azərbaycanlılarının milli amal uğurunda mübarizəsində güclü ideoloji platforma olub. Azərbaycançılıq məfkürəsi dövlətimizin inkişafına, o cümlədən güclənməsinə böyük təsir göstərən və insanların şüurunda formalaşmış ictimai dəyərlərin məcmusu hesab olunur. Dövlətin vahid ideologiyası olanda, vətəndaşın təbii maraqları nəzərə alınanda cəmiyyətlə dövlət arasında boşluq olmur. Azərbaycançılıq ideyası həm də cəmiyyəti birləşdirən, onun inkişafına zəmanət verən dəyərlər sistemidir. Bu ideologiyanın insanların şüurunda, düşüncələrində, qəlbində olması vacibdir. Müəllifi Ulu Öndər Heydər Əliyev olan milli ideologiya xalqın birliyini təmin edir. Milli ruhun yüksəlməsi, milli özünüdərkin inkişafı və xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsip və vəzifələrə xidmət edən Azərbaycançılıq məfkurəsi dövlətin qüdrətinin artırılmasında real siyasi amildir. Azərbaycançılıq ideyasını ölkəmizin bütün ictimai-siyasi qüvvələri qəbul edib. Bu ideyanın diaspor quruculuğunda üstün cəhəti, ilk növbədə onun milli maraqlarımızı tam əhatə etməsidir. Xaricdəki gənclərimiz də məhz bu ruhda böyüməlidir. Bunun üçün də azərbaycançılıq ideyasının təbliği istiqamətində ölkəmizdə və xaricdə tez-tez layihələr həyata keçirilməlidir. Çünki dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının vətənə bağlılığının olması, dilini qorunması, millətini, milli-mənəvi dəyərlərimizi yaşadığı ölkədə təbliğ etməsi vacib amildir.
Azərbaycançılıq ideologiyası vasitəsilə xalqımız tarixən tapındığı mütərəqqi ənənələri mənəvi olaraq gələcək nəsillərə ötürür. Azərbaycançılığın gücü ondadır ki, bu, dövlət siyasətinı çevrilib. Bu ideologiya, həmçinin xalqın milli-mədəni eyniyyətini qoruyub saxlayır. Buna görə də azərbaycançılıq ideyasının təbliği hər bir azərbaycanlının vəzifəsi olmalıdır. Milli adət-ənənəmizin, dilimizin, mədəniyyəimizin həm ölkə daxilində, həm də bir neçə xarici ölkədə təbliğ olunması və zəngin mədəni irsimizin xaricdəki soydaşlarımız arasında geniş yayılması azərbaycançılıq ideyasının daha da güclənməsinə səbəb olacaq. Dünya azərbaycanlılarının milli və ideoloji birliyi üçün onlara azərbaycançılıq ideyalarının aşılanması, eyni zamanda soydaşlarımızın azərbaycançılıq ideyalarının təbliği işinə təşviq edilməsi mühüm amildir. Vətəndaş cəmiyyəti institutları bu sahədə fəal olmalıdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəyliyi bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Azərbaycan Respublikasının Ali Sovetinə müraciət edib. Dekabrın 25-də Ali Sovetin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya azərbaycanlılarının həmrəyliyi günü elan olunması barədə qanun qəbul edib və bütün azərbaycanlılar rəsmən bu günü bayram kimi qeyd edir. Azərbaycandan kənarda yaşayan soydaşlarımızla yanaşı, milliyyətindən asılı olmayaraq Azərbaycanın müstəqilliyini, birliyini və hüquqi, demokratik dövlət kimi inkişafını arzulayan hər bir kəsi azərbaycançılıq ideologiyasının daşıyıcısı hesab etmək olar. Ülu Öndər Heydər Əliyev 2001-ci ildə keçirilən Dünya Azərbaycanlılarının I Qurultayında belə bir fikir səsləndirmişdi: "Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”. Azərbaycançılıq ideologiyasının tarixi keçmişimizlə, xalqımızın adət-ənənələri, dövlətimizin bu günü və gələcəyi ilə bağlı olduğunu da qeyd etmək yerinə düşərdi. Bu gün əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş azərbaycançılıq məfkürəsini rəhbər tutduğu əsas prinsiplər Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qorunur və uğurla inkişaf etdirilir. Azərbaycanın milli maraqları rəhbər tutulmaqla, diaspor quruculuğu prosesini keyfiyyətcə yeni müstəviyə çıxarmaq məqsədi ilə ötən illərin təcrübəsindən, habelə diaspor quruculuğu sahəsində nailiyyətləri ilə tanınmış başqa xalqların (yəhudi, yunan və s.) təcrübəsindən faydalanmağa, tarixi və regional faktorlarla yanaşı, mövcud siyasi reallıqlar, eyni zamanda, təsis edilən icmaların fəaliyyət perspektivlərini nəzərə almağa səy göstərilir.
Bu gün Azərbaycanının iqtisadi yüksəlişi əksər ölkələrə nümunədir. Bu səbəbdən Ümummilli Lider Heydrə Əliyev Azərbaycanın gələcəyini parlaq görürdü. Hər zaman vətənimizin adının yüksəklərdə olmasını, ərazi bütövlüyümüzün bərpa edilməsini arzulayırdı. Ülu Öndərin bu arzularını Prezident İlham Əliyev uğurla yerinə yetirdi. Bu, dünya azərbaycanlılarının çox böyük sevincinə səbəb oldu. Hazırda bütün dünya azərbaycanlıları Ulu Öndərin azərbaycançılıq məfkurəsini yaşadır, dahi rəhbərin xatirəsini ehtiramla yad edir.
K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun PHŞ-nin Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə müdiri Ağayev Nəbi Baba oğlu