"Düzgün peşə – uğurlu karyera” layihəsi Kəlbəcər rayonu 55 nömrəli tam orta məktəbi tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 7-ci qrant müsabiqəsi çərçivəsində bu ilin yanvar ayından iyun ayına kimi icra edildi.
Layihənin məqsədi məktəblilərin peşə seçimində düzgün qərar vermələrinə, gələcəkdə karyera qurmalarına və məşğulluq problemlərinin risksiz həllinə kömək etmək, real əmək bazarındakı mövcud vəziyyəti düzgün qiymətləndirərək iş tapmaq problemindən onları azad etməkdən ibarət idi.
Layihə çərçivəsində məktəblilərə düzgün peşə seçimi, uğurlu karyera, bu seçimlərin onların gələcək həyatlarına təsiri barədə psixoloq və təlimçimiz tərəfindən 5 təlim keçirildi. Təlimçi və psixoloq məktəblilərə düzgün peşə seçimi, buna hazırlıq prosesi ilə bağlı öz məsləhətlərini verdi, ətraf-mühitin bu prosesdə rolunu vurğuladı, həmçinin düzgün təyin olunmuş məqsəd və hədəflərin düzgün seçimlərə aparacağını diqqətlərinə çatdırdı. Təlim iştirakçısı məktəblilər öz suallarını, seçmək istədikləri peşələrin çətinlikləri, gələcək perspektivləri, bu proses zamanı psixoloji vəziyyətləri barədə öz suallarını ünvanladı. Layihənin davamında məktəblilər arasında peşə seçimi və peşəyönümlü təbliğatla bağlı maarifləndirici videoçarx hazırlandı.
Layihənin yekununda isə məktəblilərin, məktəb rəhbərliyinin və şagirdlərin iştirakı ilə 7 iyun 2024-cü il tarixində "Gənclərin Uğurlu Peşə Seçimi” adlı konfrans keçirildi. Konfransda Kəlbəcər rayon 55 nömrəli tam orta məktəbin direktoru Səməd Nadirov, layihə rəhbəri Orxan Hümbətzadə, moderator Selcan Əlibəyova məktəbin müəllim heyəti və şagirdlər iştirak etdi. Məktəblilər arasında peşə seçimi və peşəyönümlü təbliğatla bağlı maarifləndirici videoçarx nümayiş olundu. Tədbirdə layihə rəhbəri və direktor başda olmaqla hər kəs öz yekun fikirlərini bildirdi, şagirdlər keçirilən təlimlərin onlara faydasından və layihə çərçivəsində məktəbdə yaradılacaq kompüter mərkəzinin gələcəkləri üçün əhəmiyyətindən bəhs etdi.