04 İyun 2026
17:38
201

Enerji layihələri Azərbaycanın mövqeyini gücləndirib

İlk dəfə xalqımızın Ümummilli Lideri, ölkəmizin enerji strategiyasının müəllifi Heydər Əliyevin təşəbbüsü ilə keçirilən Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi bu gün regionda və daha geniş coğrafiyada böyük nüfuza malik platformaya çevrilib.

Son illər Bakı Enerji Həftəsi çərçivəsində təşkil olunan sərgilərdə və Bakı Enerji Forumunda nüfuzlu beynəlxalq enerji şirkətlərinin iştirakı ilə qlobal enerji gündəliyinin əsas məsələləri müzakirə olunur, yeni əməkdaşlıqlar qurulur, mövcud tərəfdaşlıqların daha da genişləndirilməsi istiqamətində önəmli qərarlar qəbul olunur, enerji sektoruna dair ən son yeniliklər təqdim edilir. Bu il tədbirdə dünyanın 44 ölkəsindən 274 şirkətin iştirakı onun əhəmiyyətinin göstəricisidir.

Təbii ki, Azərbaycan Prezidenti İlham Əliyevin ənənəvi olaraq tədbirin açılışında iştirakı, dünya liderləri tərəfindən iştirakçılara ünvanlanan müraciətlər tədbirə ildən-ilə marağı daha da artırır.

Eyni zamanda bu gün "Bakı Enerji Həftəsi”nin dünyanın aparıcı enerji platformalarından biri kimi qəbul olunması Azərbaycanın beynəlxalq enerji siyasətində qazandığı uğurların məntiqi nəticəsidir.

Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verən ölkəmiz həyata keçirdiyi nəhəng layihələrlə beynəlxalq enerji bazarlarında güclü mövqeyə malik ölkəyə çevrilib.

Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Cənubi Qafqaz qaz kəməri, TANAP və TAP kimi layihələr yalnız iqtisadi təşəbbüslər deyil, eyni zamanda regional əməkdaşlığı və qarşılıqlı etimadı möhkəmləndirən geosiyasi layihələrdir. Bu gün Azərbaycan qazının ixrac olunduğu ölkələrin sayının 16-ya çatması, onların 10-nun Avropa İttifaqına üzv dövlətlər olması ölkəmizin Avropanın enerji təhlükəsizliyində artan rolunu aydın şəkildə nümayiş etdirir.

Ümumilikdə isə ölkəmizin təşəbbüsü ilə icra olunan enerji layihələrinin həyata keçirilməsi müxtəlif dövlətlərlə uzunmüddətli tərəfdaşlıq münasibətlərinin qurulmasını, geniş beynəlxalq əməkdaşlıq formatlarının formalaşdırılmasını təmin edib. Bu gün Azərbaycan təşəbbüskar dövlət olaraq regionda əməkdaşlıq proseslərinin aparıcı qüvvələrindən biri kimi çıxış edir.

Digər tərəfdən uğurlu enerji strategiyamız ölkəmizin güclü iqtisadi dayaqlarının yaradılmasını, müasir ordu quruculuğu işinin həyata keçirilməsini təmin etdi. Ulu Öndərin müəyyənləşdirdiyi və möhtərəm Prezidentimizin uğurla davam etdirdiyi enerji strategiyamız bu gün tarixinin ən qüdrətli dövrünü yaşayan güclü Azərbaycan dövlətinin formalaşmasında önəmli rola malikdir.

Şahin İsmayılov,
Gənclər və idman komitəsinin sədri