Beynəlxalq Cüdo Federasiyası hər ilin 28 oktyabr tarixini "Dünya Cüdo Günü” kimi qeyd edir. Cüdonun banisi Ciqoro Kanonun (Jigoro Kano) anadan olduğu gün dünya tarixinə Cüdo günü kimi düşüb.
Bu gün dünyada 20 milyondan çox insan cüdo ilə məşğul olur. Azərbaycanda da bu idman növünə maraq böyükdür. 1992-ci ildə Nazim Hüseynov, 2008-ci ildə Elnur Məmmədli, bu il isə Hidayət Heydərov və Zelim Kotsoyev Olimpiya Oyunlarında çempion olaraq tarix yazıblar.
Bundan başqa Azərbaycan cüdoçuları bir çox beynəlxalq yarışlarda, Avropa çempionatlarında, Avropa Oyunlarında, İslam Oyunlarında, dünya çempionatlarında parlaq qələbələr qazanıblar.
Modern.az-a danışan Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov bildirib ki, dünyada Azərbaycan cüdo məktəbi qəbul olunur:
"Bu gün Beynəlxalq Cüdo Günüdür. Bu münasibətlə bütün cüdoçuları və idmansevərləri təbrik edirəm. Azərbaycanda idmana göstərilən yüksək diqqət öz real nəticələrini hər zaman göstərir. Cüdonun xüsusilə son illər qazandırdığı uğurları qeyd etmək istərdim. Cüdo, əlbəttə ki, Azərbaycanda kifayət qədər ənənəsi olan, hər zaman nəticələr əldə etdiyimiz idman növüdür.
Cüdo Azərbaycanda populyardır. Gənclərin bu idman növünə hər zaman böyük marağı olub. Son olimpiya oyunlarında bizim cüdoda qazandığımız möhtəşəm uğur Azərbaycanda cüdonun necə yüksək səviyyədə olduğunu bir daha göstərir.
Hidayət Heydərov və Zelim Kotseyev Azərbaycanın gücünü dünya cüdoçularına bir daha göstərmiş oldular. Təbii ki, bütün bunlar Cənab Prezident İlham Əliyevin liderliyi və dəstəyi ilə baş verir. Cüdoda bizim olimpiya və dünya çempionlarımız var. Komanda hesabında son illər bir sıra nüfuzlu turnilərdə Azərbaycan cüdosu öz sözünü deyir. Dünyada bu gün Azərbaycan cüdo məktəbi qəbul olunur. Azərbaycan cüdo komandası ən ciddi rəqiblərdən hesab olunur".
Komitə sədri vurğulayıb ki, Azərbaycan Cüdo Federasiyasının fəaliyyətinə xüsusi toxunmaq lazımdır:
"Federasiyaların yanaşması, ümumiyyətlə, idman növlərində əsas istiqamətverici gücə malikdir. Azərbaycan Cüdo Fedarasiyası, lazımi infrastruktur yaratmaqla, idmançılara düzgün istiqamət verməklə, məşqçi heyətinin peşəkarlığını artırmaqla öz işini kifayət qədər uğurlu qurub. Azərbaycan cüdosu hazırda öz parlaq günlərini yaşayır deyə bilərik. Ümumiyyətlə, idmanımıza hər zaman dövlət tərəfindən xüsusi diqqət ayrılıb. Cənab Prezident hər zaman idmançılara xüsusi münasibət göstərib. Son olimpiya oyunlarında da bunun şahidi olduq. Olimpiya çempionlarımızı, medal qazanan idmançılarımızı həm dövlət başçısı Cənab İlham Əliyev, həm də Birinci Vitse-Prezident Mehriban xanım Əliyeva şəxsən təbrik etdilər. Bununla həm də sağlam gəncliyin yetişməsinə də xüsusi töhfə veridilər. İdmanla məşğul olmaq, sağlam həyat tərzi vacibdir.
Həm də idmançılarımızın ümumilikdə Vətən Müharibəsində göstərdikləri xüsusi şücaətlərə toxunmaq istərdim. Həm idmançılarımız, həm də fiziki hazırlıqılı gənclərimiz Vətən Müharibəsində fəal şəkildə fərqlənmişdilər.
Yekunda bir daha bütün cüdo ictimaiyyətini, idman cameəsini, bütün cüdoçularımızı, çempionlarımızı təbrik edirəm. Əminəm ki, yaradılmış əlverişli şərait, cüdoçularımızın gəldiyi bu nöqtə hələ son deyil. Komandamızın çox böyük prespektivi və gücü var. Cüdo Federasiyasının peşəkar yanaşması mövcuddur. Cüdonun daha böyük uğurları bizi qabaqda gözləyir. Buna böyük əminliyimiz var. Cüdo Federasiyasının sağlam, doğru yanaşması idmançılarımıza daha böyük uğurlar qazandıracaq. Bir daha Federasiyanın rəhbərliyini, cüdoçularımızı təbrik edirəm".