07 İyul 2023
11:31
238

Fransanın beynəlxalq utancı

Qoşulmama Hərəkatı kimi beynəlxalq tədbirdə Fransa müstəmləkəsindən əziyyət çəkən xalqlara Prezident İlham Əliyev tərəfindən verilən dəstək nümunəvi xarakter daşıyır

Qərbin ikiüzlü siyasəti Fransa dövlətinin mövqeyində, konkret elə Fransa prezidenti Emmanuel Makronunun attdığı qeyri-obyektiv addımlarda təzahür edir. Biz bunu Fransada baş verən son iğtişaşlarda dövlətin və onun polislərinin insanlara qarşı zorakı və irqçi münasibətində bir daha müşahidə etdik. Özlərini "demokratiya çarçısı” adlandıranlar demokratiyanı ayaqlar altına atıb tapdaladılar. Prezident İlham Əliyev iyulun 5-də Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun "Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşündə çıxışında Fransada baş verən son iğtişaşlara və bu ölkənin irqçi və islamafobiya siyasətinə də toxunub: "Əlcəzair əsilli 17 yaşlı yeniyetmənin Fransa polisi tərəfindən qətlə yetirilməsi bu ölkədə irqçiliyin və islamofobiyanın daha bir əlamətidir. Fransada, xüsusilə də mediada və internetdə müəyyən etnik azlıqlara qarşı davamlı və geniş şəkildə yayılmış irqçi, ayrı-seçkilik salan fikirlər, rəsmi şəxslər və parlamentin iki palatasının üzvləri tərəfindən irqi nifrət xarakterli çıxışlar getdikcə artmaqdadır. Bu baxımdan biz BMT-nin polisin atəş açmasını pisləyən və Fransanı "hüquq-mühafizə orqanlarında irqçilik və ayrı-seçkiliyin dərin problemlərini ciddi şəkildə həll etməyə” çağıran bəyanatını dəstəkləyirik”.

Xəbər verildiyi kimi, bu yaxınlarda Fransada 17 yaşlı Əlcəzair əsilli vətəndaş Nahel polislər tərəfindən güllənəndən sonra ölkədə kütləvi iğtişaşlar başlayıb. Nahelin polis tərəfindən güllələnmə anının sosial şəbəkələrdə görüntüsü yayılıb. Bundan sonra Fransada kütləvi etiraz aksiyaları keçirlib. Fransa polisi etirazçılara qarşı insanlığa sığmayan fəhşiliklər törədib. Həmçinin minlərlə insan həbs olunub, kütləvi xəsarət alanlar da var. Qəribədir ki, Fransa prezidenti Emmanuel Makron etirazlara qarşı dözümsüzlük göstərib. Belə ki, o, Yelisey sarayında iğtişaşlardan zərər çəkmiş kommunaların merləri ilə keçirdiyi görüşdə gələcəkdə böhranlı vəziyyətlərdə ölkədə sosial şəbəkələrin bağlanacağını istisna etmədiyini bildirib.

Bu, Fransa başda olmaqla Qərbin ikiüzlü siyasətinin növbəti göstəricisidir. Hazırda istənilən cəmiyyət belə gərgin vəziyyətə sosial şəbəklərdə azad sözünü və istəyini ifadə edir. Fransa prezidenti Emmanuel Makron məlum açıqlaması ilə demokratiyaya qarşı çıxdığını göstərib. Bu o deməkdir ki, onlar üçün demokratiya yalnız şüarlardan ibarətdir. İnsan faktoru önə gəldikdə isə özlərinin "demokratik addımları”nı işə salırlar. Bu kimi addımlarla artıq Fransa dünyaya pis nümunə olmağa başlayıb. Bununla, belə demək mümkünsə, "Qərbin demokratiyası”na da inam azalıb. Fransa kimi ölkələrin siması dünyaya bəllidir. Bunu Fransanın tarixi keçmişindən və hazırkı islamafobiya mövqeyidən aydın görmək olur. Yeri gəlmişkən, Prezident İlham Əliyev çıxışında qeyd edib ki, Fransa öz müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə və soyqırımı aktlarına görə Qoşulmama Hərəkatına üzv olan Afrika, Cənub-Şərqi Asiya ölkələrindən və digər ölkələrdən üzr istəməlidir. Dövlətimizin başçısı bildirib ki, Fransa XX əsrin ikinci yarısı boyunca Əlcəzairdə və özünün dənizaşırı ərazilərində - Sakit okeanda, Fransa Polineziyasında bir neçə nüvə silahı sınağı keçirmiş və bununla da qlobal səviyyədə ətraf mühitin deqradasiyasına, yerli icmalarda ciddi sağlamlıq problemlərinə səbəb olmuşdur: "Niderland kralı ölkəsinin müstəmləkə keçmişinə və qul ticarəti ilə məşğul olduğuna görə rəsmən üzr istəyib. Biz onun fransız həmkarını da həmin hərəkəti etməyə çağırırıq. Heç vaxt olmamaqdansa gec olması yaxşıdır. Əcdadları müstəmləkə siyasətinə məruz qalmış, qul kimi istifadə olunmuş, öldürülmüş, işgəncələr verilmiş və alçaldılmış insanlardan milyonlarla insanın qarşısında üzr istənilməsi yalnız Fransanın tarixi günahının etirafı olmayacaq, həm də Fransanın əlcəzairli yeniyetmənin vəhşicəsinə öldürülməsindən sonra qarşılaşdığı dərin siyasi, sosial və humanitar böhranın nəticələrinin aradan qaldırılmasına kömək edəcək”. Qeyd edək ki, Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü çərçivəsində "Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” mövzusuna həsr olunmuş tədbir keçirilib. Tədbirdə iştirak edən Afrika mənşəli qonalar Prezident İlham Əliyevin beynəlxalq səviyyədə Fransa ilə bağlı səsləndirdiyi fikirlərdən məmnun olduqlarını bildiriblər. Cənab Prezidentin bu fikirləri onların xalqları üçün çox böyük ruh yüksəkliyi olub.

Bu gün Fransa bir çox Afrika xalqlarını öz taleləri barəsində qərarvermə hüququndan məhrum edib. Onlar yalnız mübarizə vasitəsi olaraq hərəkatlarda birləşə bilirlər. Fransa öz müstəmləkə siyasətindən utanc hissi keçirməlidir. Artıq bu xalqlar reallığı dərk edir və insan kimi yaşamaqdan məhrum edildiklərini anlayırlar. Onlar, gizlədilən, görünməzdən gəlinən hüquqlarını üzə çıxarmağa çalışırlar. Təəssüf ki, BMT Fransa müstəmləkəsindən əziyyət çəkən xalqların haqq səsini eşitmək istəmir. Bunun əksinə olaraq Qoşulmama Hərəkatı kimi beynəlxalq tədbirdə bu xalqlara Prezident İlham Əliyev tərəfindən verilən dəstək nümunəvi xarakter daşıyır.

Paşa-zadə Kamal Çingiz oğlu

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin violonçel ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi