08 May 2023
10:19
245

İkinci Dünya müharibəsində xalqımızın şücaət nümunələri

İkinci Dünya müharibəsində vəfat edən qəhrəman soyadşlarımız ölkəmizdə və xaricdə mütəmadi olaraq anılır
1941-1945-ci illərdə İkinci Dünya müharibəsində vəfat edənlərin hər birinin xatirəsi bizim üçün də əzizdir. Azərbaycan dövləti tərəfindən bu müharibənin iştirakçıları daimi diqqətdə saxlanılır.
Bildiyiniz kimi, faşist Almaniyası ilk olaraq 82 il əvvəl iyunun 22-də indiki Belarusun Brest şəhəri ilə sərhəd ərazidən Sovet İttifaqına hücuma başlayıb. Belarusun Brest şəhəri yada düşəndə, ilk ağıla gələn möhtəşəm Brest qalası olur. Bu yer, sanki tarixi poliqondur. Brest döyüşlərində 50-dən artıq azərbaycanlı da vəfat edib. Yəni azərbaycanlılar müharibənin elə ilk günlərindən döyüşlərə qatılıblar. Və müharibənin sonuna kimi azərbaycanlılar qəhrəmancasına döyüşüblər. Faşizm vəhşiliyinə qarşı gedən 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində göstərdikləri şücaətə görə 139 soydaşımız "Sovet İttifaqı Qəhramanı" adına layiq görülüb. 30 nəfər şərəf ordeni, 170 min əskər və zabitimiz isə SSRİ-nin müхtəlif orden və medalları ilə təltif olunublar. Sovet İttifaqı qəhramanları Həzi Aslanov, İsrafil Məmmədov, Adil Quliyev, Mehdi Hüseynzadə və bir çoх başqaları öz qəhrəmanlıqları ilə хalqımızın şərəfli tariхini yazıblar.
Azərbaycan Sovet Sosialist Respublikası arasında önəmli mövqeyə malik idi. Ən böyük neft, qızıl, gümüş yataqları məhz orada yerləşirdi və burada qələbə üçün yanacaq çıxarırdılar. Azərbaycan müharibə zamanı neft paytaxtı idi, təyyarələr və digər texnika üçün yanacağın böyük hissəsi məhz Azərbaycanda hasil edilirdi. Bu, Azərbaycan xalqının İkinci Dünya müharibəsində faşizm üzərində qələbəyə böyük töhfəsidir.
Azərbaycan diasporu da 9 May- faşizm üzərində Qələbə bayramına hər zaman xüsusi hazırlaşır. İkinci Dünya müharibəsində qələbənin ildönümü münasibətilə müxtəlif ölkələrdə, əsasən Rusiyada "Ölməz alay” paradı keçirilir. Paradda Rusiyada yaşayan soydaşlarımız da böyük fəxrlə iştirak edirlər. Hər bir iştirakçının əlində İkinci Dünya müharibəsi cəbhələrində döyüşən ata-babalarının portreti olur var. Portretlər arasında Ulu Öndər Heydər Əliyevin də şəkli olur. Yeri gəlmişkən, 1941-1945-ci illər müharibəsi haqqında deyib ki, Azərbaycan xalqı İkinci Dünya müharibəsində həm döyüş meydanlarında, həm də arxa cəbhədə əsl şücaət və əzmkarlıq nümunələri göstərmişdir: "Müharibə başlanandan keçən qısa müddət ərzində Azərbaycan Respublikası ərazisində 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi təşkil edilmişdir. 1941-1945-ci illərdə respublikanın 640 min nəfərə yaxın oğlan və qızları cəbhəyə getmişdir”.
Xarici KİV-lərdə soydaşlarımız bu müharibədə Azərbayacının rolu ilə bağlı yazılar dərc etdirirlər. Bu yazılarda müharibədə Azərbaycan neftinin əhəmiyyəti vurğulanır, həmçinin müharibədə iştirak edən azərbaycanlılar haqqında məlumat verilir. Bundan başqa, müxtəlif şəhərlərin mərkəzi küçələrində üzərində qələbə bayramı münasibətilə Azərbaycan diasporunun yerli sakinlərə, arxa cəbhə zəhmətkeşlərinə və veteranlara ünvanladığı təbrikin əks olunduğu bilbordlar yerləşdirilir. "Bakı nefti – hər şey qələbə üçün 1941-1945" şüarı ilə İkinci Dünya müharibəsinin qələbə ilə başa çatması naminə Azərbaycan Respublikasının həyata keçirdiyi işlərə diqqət cəlb olunur.
Azərbaycan diasporu II Dünya müharibəsi zamanı faşizm üzərində qələbənin ildönümü münasibətilə maraqlı aksiyalar da keçirirlər. Belə ki, soydaşlarımız kiçik yaşlı uşaqlarla birlikdə veteranları evlərində ziyarət edirlər. Bayram münasibətilə veteranları təbrik edən uşaqlar və gənclər onlara gül dəstələri və ərzaq bağlamaları hədiyyə edirlər. Görüşlər zamanı qələbəyə görə veteranlara təşəkkürlərini bildirən hərbi geyimli uşaqlar müharibə qəhrəmanlarının şərəfinə hazırladıqları şeirləri də səsləndirilir.
Rusiya Federasiyası üzrə Azərbaycan diasporunun nəşr etdirdiyi faşizim üzərində Qələbənin 75 illiyinə həsr olunmuş "Azərbaycan Böyük Vətən müharibəsi illərində” adlı kitabı da təbliğat və tanıtım baxımıdan mühüm əhəmiyyət kəsb edir. Nəşrdə Azərbaycan milli diviziyasınin ön və arxa cəbhədəki qəhrəmanlıqlarından və müharibəyə vermiş olduğu əvəzsiz töhfəsindən bəhs edilir. Bundan başqa, kitabda bəzi ölkələrdə tarixi saxtalaşdıraraq faşizmi təbliğ edən, bunun qəbuledilməz olduğunu iddia edən mənfur insanlardan bəhs edilir. Kitabda, həmçinin Azərbaycanda müharibə veteranlarına göstərilən diqqət barədə ətraflı məlumat verilir. Bu arada Prezident İlham Əliyevin "Biz tarixdə bu əlamətdar günə qayğı ilə yanaşır, döyüş meydanında və arxa cəbhədə qələbəyə töhfə verənlərin xatirəsini ehtiramla yad edir, öz həyatları bahasına dünyanı faşizmdən xilas etmiş zabit və əsgərlərin igidliklərinə hörmətimizi bildiririk” kimi fikirləri müharibədə dünyasını dəyişənlərə və veteranlara dövlətimiz tərəfindən göstərilən diqqətin bariz nümunəsidir. Qürurverici haldır ki, Həzi Aslanov və digər qəhrəman soydaşlarımız ölkəmizdə və xaricdə mütəmadi olaraq anılır. Biz bu soydaşlarımızla hər zaman fəxr edirik.

Nurullayeva Zenfira İslam qızı
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin xor ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi