18 Noyabr 2026
20:21
41

“İnsan boşana biləcəyi şəxslə ailə qurmalıdır” – Psixoloq

Son illər boşanmaların artması ailə institutunda baş verən dəyişiklikləri və münasibətlərdə meydana çıxan problemləri yenidən gündəmə gətirir. Maddi çətinliklər, iqtisadi asılılıq, dəyişən həyat tərzi, sosial gözləntilər və fərdi azadlığın ön plana çıxması ailədaxili münasibətlərə təsir göstərən əsas amillər sırasındadır. Bununla yanaşı, tərəflərin xarakter və dünyagörüşü baxımından uyğun gəlməməsi, qarşılıqlı gözləntilərin doğrulmaması və ailə məsuliyyətinin bərabər bölüşdürülməməsi də boşanma qərarını sürətləndirən səbəblərdəndir.

Bəs görəsən, boşanmaların yeganə səbəbi məhz sosial məsələlərdir?

Mövzu ilə bağlı klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov Bakues.az-a açıqlama verib.

Onun sözlərinə görə, maddi çətinliklər, iqtisadi asılılıq, sosial gözləntilər, həyat tərzinin dəyişməsi və fərdi azadlığın ön plana çıxması münasibətlərdə mövcud olan problemləri daha da üzə çıxarır:

"Boşanmaların artmasının arxasında müxtəlif sosial səbəblər dayansa da, əsas problemlərdən biri psixoloji uyğunsuzluqdur. Sadəcə sosial problemlər mövcud uyğunsuzluğu üzə çıxarır və boşanma qərarını sürətləndirir. Ailə qurmaq qərarı yalnız sevgi və emosional bağlılıq əsasında verilməməlidir. Tərəflər bir-birinin xarakterini, dünyagörüşünü, dəyərlərini, həyat prinsiplərini və gələcəklə bağlı gözləntilərini də nəzərə almalıdırlar. Çünki evlilikdən əvvəl diqqətdən kənarda qalan fərqliliklər birgə yaşayış zamanı ciddi münaqişələrə səbəb ola bilər”.

https://bakues.az/wp-content/uploads/2026/11/whatsapp-image-2026-11-18-at-13-03-38-300x220.jpeg 300w, https://bakues.az/wp-content/uploads/2026/11/whatsapp-image-2026-11-18-at-13-03-38-768x562.jpeg 768w, https://bakues.az/wp-content/uploads/2026/11/whatsapp-image-2026-11-18-at-13-03-38.jpeg 1280w" sizes="auto, (max-width: 960px) 100vw, 960px" style="box-sizing: border-box; display: block; max-width: 100%; height: auto;" />

R.Nəcəfov ailə qurarkən yol verilən əsas səhvlərdən birinin qarşı tərəfin zamanla dəyişəcəyinə ümid etmək olduğunu bildirib.

Onun fikrincə, bəzi insanlar evləndikdən sonra həyat yoldaşının müəyyən davranışlarından imtina edəcəyini, xarakterinin dəyişəcəyini və ya zamanla düzələcəyini düşünürlər. Lakin bu cür gözləntilər münasibətlərin gələcəyini risk altına qoya bilər:

"İnsan boşana biləcəyi şəxslə ailə qurmalıdır. Ayrıla biləcəyini nəzərə alaraq sevməlidir. Bu, boşanmağa çağırış deyil. Bu, münasibətə reallığı qəbul edərək başlamaqdır. Sevgi və evlilik başqa bir insanı dəyişdirmək vasitəsi kimi qəbul edilməməlidir. Hər kəs qarşı tərəfi olduğu kimi tanımalı, onun xüsusiyyətlərini və fərqliliklərini nəzərə alaraq qərar verməlidir. Evlilik və sevgi müalicə üsulu deyil. Heç kim başqa bir insanı dəyişdirmək və onu xoşbəxt etmək öhdəliyi daşımır”.

Psixoloqun sözlərinə görə, münasibətlərdəki problemlər yalnız ailə qurulan ilk dövrlə məhdudlaşmır.

"İnsanların ehtiyacları, prioritetləri, həyat şəraiti və dünyagörüşü zaman keçdikcə dəyişə bilər. Bu isə ailə münasibətlərinin də həmin dəyişikliklərə uyğunlaşmasını tələb edir. Əks halda, tərəflər arasında əvvəlki dövrdə problem hesab edilməyən məsələlər zamanla ciddi narazılıqlara çevrilə bilər”, – deyə müsahibimiz vurğulayıb.

R.Nəcəfov qeyd edib ki, ailənin qorunması üçün güzəşt və məsuliyyət yalnız bir tərəfin üzərinə düşməməlidir. Bir insanın davamlı susması, öz ehtiyaclarından imtina etməsi və münasibəti qorumaq üçün bütün yükü daşıması sağlam ailə münasibətlərinin göstəricisi deyil. Evlilik iki insanın ortaq məsuliyyətidir və hər iki tərəfin münasibətin davamlılığı üçün səy göstərməsi vacibdir.

Mütəxəssis boşanmaların qarşısının alınmasında nikahöncəsi psixoloji maarifləndirmənin də əhəmiyyətli olduğunu diqqətə çatdırıb:

"Ailə qurmağa hazırlaşan cütlüklər konfliktləri necə həll etdiklərini, emosional ehtiyaclarını hansı formada ifadə etdiklərini, məsuliyyəti necə bölüşdürəcəklərini və fərqlilikləri nə dərəcədə qəbul etdiklərini əvvəlcədən müəyyənləşdirməlidirlər. Həmçinin ailə institutunun mövcud sosial və psixoloji reallıqlara uyğun təkmilləşdirilməsi vacibdir. Ailə psixologiyası institutu formalaşdırılmalı, nikahöncəsi psixoloji maarifləndirmə sistemləşdirilməli, ailə münasibətlərinin qorunması istiqamətində peşəkar mexanizmlər yaradılmalıdır. Çünki ailə qurmaq sadəcə iki insanın birlikdə yaşamaq qərarı deyil. Bu, fərqli xarakterə və dünyagörüşünə malik insanların ortaq həyatın məsuliyyətini qəbul etməsidir”.

R. Nəcəfov son olaraq bildirib ki, ailənin uzunömürlü olması tərəflərdən birinin bütün çətinliklərə dözməsindən deyil, hər iki insanın münasibət üzərində birlikdə çalışmasından asılıdır.