25 Mart 2026
14:03
32

“Kəpəz”: Məğlubiyyətsiz seriya, yüksələn qrafik və dəyişən mənzərə

Azərbaycan Premyer Liqasının üçüncü dövrəsi "Kəpəz” üçün tam fərqli ovqatda keçir.

Mövsümün əvvəlində qeyri-sabit çıxışla yadda qalan Gəncə təmsilçisi artıq daha sistemli, daha inamlı və ən əsası - nəticə verən futbol sərgiləyir.

"Sarı-göylər” üçüncü dövrədə keçirdikləri 4 oyunun heç birində məğlubiyyət üzü görməyiblər. Komanda bu görüşlərin ikisində qələbə qazanıb, ikisində isə heç-heçə edib.

Toplanan 8 xal "Kəpəz”in yüksəlişinin ən real göstəricisidir. Bu mərhələdə Premyer Liqada yalnız bir komanda daha yaxşı nəticə ilə öyünə bilər.

Amma məsələ təkcə xallar deyil. "Kəpəz”in kimlərə qarşı bu nəticəni əldə etməsi daha çox diqqət çəkir.

Qələbələrdən biri "Sumqayıt” üzərində qazanılıbsa, digəri Azərbaycan futbolunun flaqmanı sayılan, Premyer Liqanın son çempionu və Çempionlar Liqasında tarix yazan "Qarabağ”a qarşı olub.

Xüsusilə "köhlən atlar” üzərindəki zəfər bu mövsümün ən diqqətçəkən nəticələrindən biri kimi qiymətləndirilə bilər. Belə ki, "Qarabağ”ı bir mövsümdə iki dəfə məğlub etmək hər kişinin işi deyil.

Ağdam təmsilçisini cari futbol ilində iki dəfə üstələyən yeganə yerli komanda məhz "Kəpəz”dir. Ümumiyyətlə isə "Qarabağ”la iki oyundan qalib ayrılan digər kollektiv İngiltərənin "Nyukasl” klubudur.

Bundan başqa, Ağdam klubunun ölkə çempionatında hegemonluğu ələ aldığı 2013–2014-cü il mövsümündən bəri bunu yalnız 3 komanda bacarmışdı.

"Kəpəz” son 12 mövsümdə Qurban Qurbanovun yetirmələrini iki dəfə məğlub edən 4-cü kollektiv olub.