13 Noyabr 2023
13:43
128

“Kəpəz”də yeni baş məşqçi təyinatı

Xatırlayırsınızsa, bir neçə gün əvvəl Gəncənin "Kəpəz” futbol klubunun acınacaqlı duruma düşməsini, onun səbəblərini, vəziyyəti yaxşılaşdırmaq üçün müvafiq qurumlar, o cümlədən klub rəhbərliyi tərəfindən lazımi tədbirlər görülmədiyini qəzetimizdə "Kəpəz”-i batıranlar kənarda təqsirkar axtarırlar” sərlövhəli yazı ilə ciddi tənqid etmişdik. Qeyd etmişdik ki, təcili tədbirlər görülməsə, Azərbaycanın ikinci şəhəri Gəncə yenidən böyük futboldan məhrum ola bilər.

Dünən məsələ artıq həll olunub. Komandanın baş məşqçisi Azər Məmmədovun istefasından sonra klubun rəhbərliyi "Turan” Futbol Akademiyasının direktoru Adil Şükürovla müqavilə bağlayıb və o, "Kəpəz”in yeni baş məşqçisi təyin olunub. Məşqçinin bu gün axşam, "Araz-Naxçıvan” ilə oyundan sonra elə soyunma-geyinmə otağında kollektivə təqdim olunacağı gözlənilir.Yeni baş məşqçi ilə əlaqə saxlayıb onu təbrik etdik və uğurlar arzuladıq. Adil Şükürov dedi:

– Şərəfli, lakin çətin bir vəzifəyə razılıq verdim.”Kəpəz” hazırda yaxşı durumda deyil və komandanı sonuncu yerdən çıxarmaq və onu premyer liqada saxlamaq birinci vəzifəmizdir. Bunun üçün əlimdən gələni edəcəyəm. Bu işdə idman ictimaiyyətinin köməyinə, azarkeşlərin dəstəyinə çox ehtiyacım var. Bir illik müqavilə təklifinə razı olmadım. Bu çox az bir müddətdir və bu müddətdə sən öz potensial gücünü tam göstərə bilməzsən. Sağ olsunlar, razılaşdılar və 2,5 illik müqavilə bağlandı.

Məlumat üçün bildirək ki, Adil Şükürov peşəkar futbolçu və məşqçi olub. MOİK, "Karvan”, "Traktor” Təbriz, "Şəfa”, "Bakılı” , "Kəpəz” kimi klublarda yaddaqalan oyunlar nümayiş etdirib. Məşqçilik fəaliyyəti də uğurlu olub, Azərbaycanın ən müxtəlif yaş qruplarıı üzrə yığma komandalarının məşqçisi olub. "Zirə” futbol klubunun baş məşqçisi işləyib.

46 yaşlı mütəxəssis "UEFA PRO” kateqoriyalı məşqçidir.

Əlavə onu da qeyd etməyi özümüzə borc hesab edirik ki, klubun daxilindəki hərc-mərclik, futbolsayağı badalaq vurmaq halları bu gün də davam edir. Ümid edək ki, tezlikləİdarə heyətinin özündə və klubun daxilində müxtəlif vəzifə tutan adamlarla da yollar ayrılacaq. Yalnız bu halda "Kəpəzi” yenə zirvələrdə görə bilərik.

Hamlet Qasımov,

"Xalq qəzeti”-nin bölgə müxbiri

İslahat.az