Dünyada COVID-19-la bağlı yenidən həyəcan təbili çalınıb.
İslahat.az bildirir ki, "XE” adlı yeni variantın rast gəlindiyi İngiltərədə Milli Səhiyyə Sistemi (NHS) simptomlar siyahısını yeniləyib.
Britaniyanın "Mirror”qəzetində dərc olunan xəbərə görə, bədən ağrıları, burun axması və ishal siyahıya əlavə edilən əlamətlər arasında olub.
NHS tərəfindən yenilənmiş koronavirus simptomları siyahısı belədir:
- Nəfəs darlığı
- yorğunluq və ya tükənmişlik hisi
- bədən ağrısı
- baş ağrısı
- boğaz ağrısı
- burun tıxanıqlığı və ya axan burun
- iştahsızlıq
- ishal
- zəiflik
"Zoe Covid Symptoms” adlı araşdırma aparan professor Tim Spektor bu addımın 2 illik çağırışlardan sonra atıldığına diqqət çəkib. Milli Səhiyyə Sistemini simptom siyahısını gec yenilədiyinə görə günahlandıran Spektor bu fikirləri qeyd edib: "Təəssüf ki, onlar sıralamanı səhv ediblər. Amma bu, başlanğıcdır və infeksiyaları azaltmağa kömək edə bilər”.
"XE”nin BA'1 və BA.2 "Omicron” ştamlarının mutasiyası olan rekombinant olduğu bildirilib. Daha əvvəl "Alfa” variantının yarandığı İngiltərədə rast gəlinən yeni variantla bağlı Ümumdünya Səhiyyə Təşkilatından da açıqlama verilib. ÜST yeni "XE” mutasiyasının "Omicron”un BA.2 subvariantından 10 faiz daha yoluxucu olduğunu deyib.
Qeyd edək ki, Böyük Britaniyanın səhiyyə agentliyi "XE” variantının ilk dəfə yanvarın 19-da aşkar edildiyini və yeni variantın 637 nəfərdə aşkar edildiyini bildirib.
İslahat.az