Azərbaycanın Vətən müharibəsində və antiterror əməliyyatlarında qazandığı qələbələr, regionda yaranmaqda olan yeni reallıqlar bəzi dairələri ciddi şəkildə narahat edir. Onlar hər hansı bir formada regionda maraqlarını bərqərar etmək istəyirlər. Hesab edirəm ki, Fransa Prezidenti Emmanuel Makronun Ermənistana son səfəri və "Yerevan Dialogue 2026” forumunda səsləndirdiyi fikirlərə, iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin qurulmasına da Cənubi Qafqazda formalaşmış yeni geosiyasi reallıqlar fonunda baxmaq lazımdır.
Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, suveren ərazilərində separatizmə tam son qoydu. Bununla da Cənubi Qafqazda onilliklər ərzində davam edən status-kvo tarixə qovuşdu. Bu gün isə Azərbaycan və Ermənistan sülh şəraitində yaşayırlar, müxtəlif təmaslar vasitəsilə sülhün möhkəmlənməsini təmin edirlər.
Regionda yaranmış bu yeni reallıq fonunda Makronun çıxışında Ermənistanın təhlükəsizliyi və siyasi dəstək ilə bağlı xüsusi vurğuların yer alması diqqət çəkir. Hesab edirəm ki, bu, Fransanın Cənubi Qafqazda artan geosiyasi ambisiyalarının növbəti təzahürüdür. Hazır ki dövrdə Fransanın Ermənistan üzərindən siyasi təsir imkanlarını genişləndirməyə çalışması, özünü təhlükəsizlik, diplomatiya və regional proseslərin əsas aktorlarından biri kimi təqdim etməsi əslində Parisin postmüstəmləkə təfəkküründən tam uzaqlaşmadığını göstərir.
Eyni zamanda cənab Makron bir tərəfdən "vasitəçilik” ritorikasından istifadə edir, digər tərəfdən isə regionda öz təsir dairəsini formalaşdırmağa, Ermənistanı isə bu siyasətdə əsas alətə çevirməyə çalışır. Uzun illər Rusiyanın diktəsi altında olan Ermənistan isə Avropa yönümlü siyasət apararaq, daha çox Fransanın çətiri altına girməkdə maraqlı kimi görünür.
Makronun çıxışında əsas ziddiyyət açıq siyasi və hətta təhlükəsizliklə bağlı dəstək fonunda "vasitəçi rolunu oynamağa davam edəcəyini” bildirməsidir. Bu fikrin heç bir məntiqi əsası yoxdur. İlk növbədə əgər bir ölkə açıq şəkildə tərəflərdən birinin maraqlarını müdafiə edirsə, onun neytral vasitəçi statusu təbii olaraq suallar doğurur və mümkünsüzdür. Biz otuz il ərzində bunun şahidi olmuşuq. Digər tərəfdən Azərbaycan ilə Ermənistan arasında artıq hər hansı vasitəçiyə ehtiyac yoxdur, birbaşa təmaslar əsasında mövcud fikir ayrılıqları müzakirə oluna və həllini tapa bilər.
Parisin İrəvana nümayiş etdirdiyi hərtərəfli siyasi dəstək təbii ki, həm də Ermənistanın daxili siyasi gündəliyi kontekstində də qiymətləndirilə bilər. Ermənistanın Avropa ilə yaxınlaşma kursunun xüsusi vurğulanması və Paşinyanla nümayişkaranə siyasi həmrəyliyin sərgilənməsi qarşıdan gələn seçkiöncəsi dövr fonunda Nikol Paşinyanın rəqiblərinə, uzun illərdən sonra Ermənistanı itirmək təhlükəsi ilə üz-üzə olan Rusiyaya verilən mesaj idi.
Ümumilikdə, isə bu bir reallıqdır ki, heç bir qüvvə Azərbaycanın bölgədə yaratdığı yeni geosiyasi vəziyyəti dəyişmək gücündə deyil.
Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov