12 Mart 2025
08:39
292

Milli Məclisin deputatı Şahin İsmayılov DİA -da tələbələrlə görüşdü

Martın 12-də Prezident yanında Dövlət İdarəçilik Akademiyasında "İctimai fəaliyyətin gənclərin şəxsi inkişafında təsiri” mövzusunda Milli Məclisin deputatı, Gənclər və idman komitəsinin və Qərbi Azərbaycan İcmasının Gənclər şurasının sədri Şahin İsmayılovla görüş keçirilib.

Tədbirin girişində Şahin İsmayılov rektor Urxan Ələkbərova yaratdığı şəraitə görə təşəkkürünü bildirdi. O, dövlət və gənclər siyasəti, gənclərin ali təhsil müəssisələrindəki tədrisi, seçdikləri ixtisaslar və gələcəkdə onları gözləyən perspektivlər haqqında müzakirə aparıb. Şahin İsmayılov bildirib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra bütün taleyüklü məsələlərin həllinə düşünülmüş şəkildə start verdi. "Gənclər siyasəti də Ulu Öndərin diqqətindən yayınmamışdı. Gənclərin inkişafı üçün görülən bütün işlər ümumilikdə ölkənin hərtərəfli inkişafının təmin olunması üçün potensial kadr bazasının hazırlanması və vətənpərvər gənclərin yetişdirilməsinə istiqamətlənmişdi. Azərbaycan gəncləri 44 günlük Vətən müharibəsi zamanı da olduqca böyük qəhrəmanlıq göstərdilər. Məhz Ali Baş
Komandanın rəhbərliyi və Azərbaycanın gənc əsgərlərinin şücaəti nəticəsində torpaqlarımız işğaldan azad olundu. Prezident İlham Əliyev də müharibə zamanı gənclərimizin döyüşlərdə göstərdikləri şücaətdən geniş danışıb, onların Vətən uğrunda fədakarlıqlarını yüksək qiymətləndirib. Mən əminəm ki,
Azərbaycan gəncliyi bundan sonrakı dövrdə də Azərbaycanın inkişafı üçün əllərindən gələni edəcək və Prezident İlham Əliyevin ətrafında daha sıx birləşəcəklər”.

Rektorun müşaviri Zaur Məmmədov Şahin İsmayılova maraqlı diskussiya üçün minnətdarlığını bildirərək belə görüşlərin hər bir gəncin həyatında əhəmiyyət daşıdığını bildirdi. Sonda millət vəkili tələbələrin suallarını cavablandırıb.