Prezident İlham Əliyev: "Qarabağ Universitetinin yaradılması tarixi hadisədir”
Azərbaycan xalqı üçün 2024 – 2025-ci tədris ilinin başlanması əlamətdar oldu. Xankədində Qarabağ Universitetinin açılması və tələbələrin orada tədrisə başlaması hər bir soydaşımızı qürurlandırdı. Bu, 44 günlük Vətən müharbəsində qazanılan şanlı Qələbənin və bir günlük antiterror tədbirlərindən sonra suvernleyimizin tam bərpa olunmasının nəticəsində baş vermişdir. Prezident İlham Əliyev 2023-cü il noyabrın 28-də "Qarabağ Universitetinin yaradılması haqqında” Sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Qarabağ regionunda ali təhsil ənənəsi tarixən mövcud olmuşdur: "Burada ilk ali təhsil ocağı 1969-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi qurulmuş, 1973-cü ildən 1988-ci ilədək ali təhsil müəssisəsi kimi fəaliyyət göstərmiş, ərazilərimizin işğalı dövründə isə fəaliyyətini dayandırmışdır.
İşğaldan azad edilmiş ərazilərin iqtisadi potensialı, aparılan bərpa-quruculuq işləri, eləcə də əmək bazarının tələbləri regionda yüksəkixtisaslı kadrların hazırlığını həyata keçirən ali təhsil müəssisəsinin təşkili zərurətini meydana çıxarmışdır”. Sərəncama əsasən, regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması məqsədilə Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində "Qarabağ Universiteti” publik hüquqi şəxs yaradılıb.
Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib. Sonra dövlətimizin başçısı Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşüb. Prezident deyib ki, Qarabağ Universitetinin yaradılması tarixi hadisədir: "Universitetinin yaradılması ilə bağlı müvafiq Sərəncam keçən ilin noyabrında imzalandı. Universitetinin 1200 tələbəsi var. Ölkəmizin hər bir bölgəsindən tələbə var”.
Qarabağ Universitetində tədris üçün tam şərait yaradılıb. Bütün tədris binaları əsaslı təmir olunub. Əsas tədris binasının fasadı yenilənib, kommunikasiya xətləri quraşdırılıb, tədris və inzibati otaqlar müasir tələblərə cavab verən müvafiq avadanlıqlarla təchiz edilib. Eyni zamanda universitet şəhərciyində tələbələrin və əməkdaşların yaşaması üçün müvafiq binalar ayrılıb. Tələbələrin yaşaması üçün nəzərdə tutulan yataqxana mənzil tipli 5 binadan ibarətdir. Binaların hamısı müasir standartlar səviyyəsində əsaslı təmir olunub. Bütün mənzillər müvafiq avadanlıqlarla təchiz edilib, yaşayış şərtləri müasir kampus konseptinə uyğunlaşdırılıb. Universitet şəhərciyində əməkdaşların və onların ailələrinin yaşaması üçün nəzərdə tutulan 4 binada isə ümumilikdə 186 mənzil mövcuddur. Bütün mənzillər əsaslı təmir olunub və müvafiq avadanlıqlarla təchiz edilib. Hazırda 140-a qədər əməkdaşın və onların ailə üzvlərinin məskunlaşması təmin olunub. Əməkdaşların universitetdə çalışdıqları müddətdə həmin mənzillərdə ödənişsiz əsaslarla yaşaması nəzərdə tutulub.
Qarabağ Universiteti hazırda 3 tədris binasında yerləşir. Əsas tədris binasında Pedaqoji, Mühəndislik, Humanitar və sosial elmlər, İqtisadiyyat və Turizm fakültələri, 2-ci tədris binasında İncəsənət fakültəsi, 3-cü tədris binasında isə Beynəlxalq dil mərkəzi fəaliyyət göstərir.
Tələbələrin nəzəri biliklərinin praktiki bacarıqlarla möhkəmləndirilməsi üçün ilk tədris ilinin müvafiq ehtiyacları nəzərə alınmaqla universitetdə 6 (Fizika, Kimya, Mexatronika, Robototexnika, Kompüter və qrafiki dizayn, Kompüter və proqramlaşdırma) laboratoriya yaradılıb.
Müasir standartlara uyğun şəkildə dizayn edilmiş universitet kitabxanasının xidmətlərindən eyni vaxtda 200 tələbə istifadə edə bilər. Kitabxananın fondunda Azərbaycan, ingilis və rus dillərində 6 mindən çox dərslik və digər ədəbiyyat mövcuddur. Burada tələbələr "Elektron kitabxana” sisteminin geniş imkanlarından faydalana bilərlər.
Hazırda universitetin 160 əməkdaşı var. Onlardan 60 nəfəri akademik heyətin üzvü, 100 nəfəri isə inzibati və texniki heyətin üzvüdür.
Prezident İlham Əliyevin Qarabağ Universitetinin açılışında iştirak etməsi bu təhsil ocağının müəllim və tələbə heyəti üçün çox böyük şərəf və qürurdur. Bunu onların dövlətimizin başçısı ilə görüşdəki çıxışlarından da görmək olur. Onların hər biri doğma torpaqlarımızı işğaldan azad etdiyinə və Qarabağ Universitetində tədrisin başlanması üçün yaratdığı imkanlara görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Paşa-zadə Kamal Çingiz oğlu
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin violonçel ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi