19 Fevral 2026
14:47
199

Ramin Hacılının anası Vitse-prezidentdən kömək istədi

Hürü Hacıyeva: "Mehriban xanım, qonşu evdə hər gün ağlayan ana mənəm!"

Artıq 5 ildən çoxdur ki, həbsdə olan ictimai fəal, QHT sədri, müstəqil bloqer Ramin Hacılının anası Hürü Hacıyeva ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Birinci Vitse-prezident hörmətli Mehriban Əliyevaya müraciət edərək kömək istəyib.

Həmin müraciəti olduğu kimi təqdim edirik:

"Çox hörmətli Mehriban xanım!

Mənim övladım Hacılı Ramin Rasim oğlu artıq 5 ildən çoxdur ki, həbsdə saxlanılır. Bu müddət ərzində mənim çəkmədiyim zülm qalmadı.

Ramini həbs edib Binəqədi Polis İdarəsində 3 gün saxladılar. Sonra Kürdəxanı Türməsinə göndərdilər. İki ay sonra yenidən Polis İdarəsinə gətirib 5 gün saxlayıb yenidən türməyə apardılar. Üç ay orada saxlayıb 16 saylı həbsxanaya apardılar. İki ay sonra oradan Şüvəlan Türməsinə aparıb 1 ay çox ağır şəraitdə saxladılar. Oradan Beyləqan Polis İdarəsinə aparıb 10 gün orada saxlayıb geri qaytardılar. Şüvəlan Türməsində bir neçə gün R.Hacılını ağır şəraitdə saxlayıb yenidən 16 saylı həbsxanaya apardılar. Üç aydan sonra 16 saylı həbsxanadan Kürdəxanı Türməsinə apardılar və 1 il 3 ay orada qapalı şəraitdə saxladılar. Sonra oradan ən ağır şəraiti olan 17 saylı yarımqapalı həbsxanaya apardılar və 2 il 8 aydan çoxdur ki, zülmə məhkum edilib. Hətta bu müddət ərzində övladımı həbsxanadan 12 dəfə Kürdəxanı Türməsinə aparıb bir müddət saxlayıb geri qaytarıblar. Ramin Hacılı bu 5 il ərzində 123 dəfə məhkəməyə çıxarılıb.

Əziz Mehriban xanım!

Siz dustaqlar üçün Amnistiya verilməsi təşəbbüsü ilə çıxış edəndə demişdiniz ki, "biz bəzən qonşumuzda ağlayan insanı qoyub dünyanın harasındasa kiməsə kömək etməyə çalışırıq!.."

Hər gün qonşu evdə ağlayan ana mənəm, əziz həmvətənim!

Mənim hazırda 62 yaşım var. 57 yaşım vardı övladım həbs ediləndə. 5 ildir ki, tənha yaşadığım evdə gözüyaşlı yemək bişirirəm, sumka düzəldirəm və övladımı hansı yerə aparırlarsa ağır yüklə ora qaçıram. Bu yollarda ayağımda damar problemi yarandı və 2024-cü ildə əməliyyat olundum. Xəstə ayağımla 27 dəfə bir yerdən başqa ünvana köçürülən oğlumun dalınca getmişəm. 5 ildir ayda 2 dəfə, bəzən 3 dəfə zindana ağır yük ilə gedirəm və övladımı görüb sakitləşib dönürəm.

Mən 21 ildir astma xəstəsiyəm və 2-ci qrup əliləm. Erməni işğalına görə 1993-cü ildən iki övladım və ərim ilə vaqonda yaşamışam. 2002-ci ildə ərim xərçəng xəstəliyindən əməliyyat olundu və 2007-ci ilə qədər yataq xəstəsi oldu. 2007-ci ildə ərimi itirdim.

Kiçik oğlum üç dəfə ağır əməliyyat olunub. Hazırda həyat yoldaşının səhhətində olan sağalmaz xəstəliyə görə Almaniyada almış olduğu humanitar oturum əsasında iki övladı və həyat yoldaşı ilə birgə yaşayır. 2013-cü ildən böyük oğlum Ramin Hacılı ilə birgə yaşayırdım.

Onun həbsindən sonra mən tək və kimsəsiz qalmışam.

Döymədiyim qapı qalmayıb. Kömək istəmədiyim məmur qalmayıb. Bu illər ərzində nəinki bizə kömək edilməyib, əksinə Ramini ən ağır şəraiti olan Türmələrdə saxlayıblar. Hər dəfə Raminə deyəndə ki, axı nədir sənin günahın bu qədər işgəncələrə məruz qalırsan? And içir ki, bilmir!

Bu müddət ərzində belə o, dövlətimizə, Sizə, Prezidentimizə, vətənimizə sadiq olub. Bir dəfə belə asilik etməyib. Nə azadlıqda olanda, nə də həbsdə.

Ramin Hacılıya 7 il müddətinə həbs cəzası verilib. O cəzanın artıq 5 il 5 ayını min bir zülmlə çəkib, hazırda 1 il 7 ayı qalıb. Baxmayaraq ki, 2 sentyabr 2025-ci ildən qanuna görə azadlığa çıxmaq hüququ yaranıb, Ədliyyə Nazirliyi imkan vermir. Mənə açıq şəkildə deyirlər ki, "sifariş belə gəlir yuxarıdan!".

Əlim hər yerdən üzülmüşdü və inamımı tam itirmişdim. Sizin 2026-cı ilin ilk günü etdiyiniz paylaşımı oxuduqdan sonra ruhlandım. Həmin paylaşımda qeyd etdiyiniz "mərhəmət və xeyirxahlıq bizi daha güclü, daha yaxşı insana çevirir!" cümləsini əlimdə rəhbər tutaraq məmurların qapısını yenidən döyəcəm və kömək istəyəcəm.

Dəyərli Mehriban xanım!

Mən Sizə tam səmimi məktub yazdım. Bir çarəsiz ananın səmimi sözlərini Sizə ünvanlandırması qazandığınız sevginin və ümid yeri olmanızın nəticəsidir.

İçimdə bir hiss var ki, mənə Siz köməklik edəcəksiniz.

Ona görə də üzümü Sizə tutaraq xahiş edirəm, övladım Ramin Hacılı qanuna görə azadlığa buraxıla bilər, Qanunun tələb etdiyi bütün xüsusiyyətlərə onun hazırkı durumu cavab verir. Sadəcə heç kim məsuliyyəti üzərinə götürmək istəmir.

Ramin savadlı və vətənpərvər həmvətəninizdir. Onun artıq 43 yaşı var. Həyatı məhv olur. Bunu gördüyüm üçün ürəyim partlayır. Gözüm görə-görə övladımı itirirəm.

Kapital Bankdan kredit götürüb övladıma iki vəkil tutdum. Onlar da kömək edə bilmir. Deputatlardan kömək istəyirəm, onlar da cəhd edir, ancaq gücləri çatmır.

Axırda Ədliyyə Nazirliyindən mənə dedilər ki, "Sifariş var, Ramin Hacılı həbsdə qalmalıdır!" Bilirəm ki, yalan danışıb məsuliyyəti üzərlərindən atırlar. Çünki möhtərəm İlham Əliyevin Prezident olduğu ölkədə kimsə vətəndaşı sifarişlə həbsdə saxlaya bilməz. Ramin Hacılını tanıyan hamı bilir onun Sizə, Prezidentimizə və övladlarınıza olan ehtiramını, dövlətimizə olan sədaqətini, vətənimizə sevgisini! Buna görə ikiqat yanıb-yaxılıram ki, axı niyə ona belə əzab verilir?!

Əzizim Mehriban xanım!

Sizə olan inamım sonsuzdur. Prezidentimizin işi çoxdur. Ona görə də Sizə üz tutaraq ürəyimdə olanları dilə gətirdim. Əminəm ki, hüquqi zəmin yarandığı üçün Sizin müdaxilənizlə övladımın qalan cəzası şərtiyə çevriləcək və o, evinə gələcək.

Sizdən oğlumun həyatını xilas etməyinizi bir çarəsiz və yorğun ana kimi xahiş edirəm. Sizdən mənim ən böyük arzuma çatmağıma bir həmvətəniniz kimi xahiş edirəm. Sizdən zindan qapılarında qalmış beli bükülmüş ananın son ümid yeri kimi sözünü yerə salmamağınızı xahiş edirəm.

Dərin hörmətlə,

Hacıyeva Hürü Yavər qızı

Tarix: 12 fevral 2026-cı il.

Ünvan: Bakı şəh., Nizami ray., Elşən Süleymanov 139.