06 May 2026
15:43
201

Roma anlayır, Brüssel tərəddüd edir: Azərbaycanın artan geosiyasi çəkisi

"Son illərdə dünya miqyasında baş verən geosiyasi və geoiqtisadi toqquşmalar, dərinləşən böhranlar və güc mərkəzləri arasında sərt rəqabət fonunda Avropa ciddi sınaq qarşısındadır. ABŞ, Rusiya və Çin kimi qlobal aktorların artan təzyiqləri, xüsusilə enerji və təhlükəsizlik sahələrində yaranan risklər "qoca qitə”nin əvvəlki kimi çevik və effektiv qərarlar qəbul etmək imkanlarını xeyli məhdudlaşdırıb. İqtisadi artım tempinin zəifləməsi, daxili siyasi parçalanmalar və strateji baxış çatışmazlığı Avropanı daha da mürəkkəb vəziyyətə sürükləyir. Lakin əsas problem ondadır ki, Avropa mövcud reallıqları düzgün qiymətləndirmək əvəzinə, bəzən özünə qarşı işləyən siyasət yürüdür”.

 Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Şahin İsmayılov deyib.

Deputat qeyd edib ki, məhz belə bir mürəkkəb geosiyasi mənzərədə Cənubi Qafqaz və Mərkəzi Asiya regionu Avropa üçün alternativ deyil, həyati əhəmiyyət daşıyan strateji məkan kimi ön plana çıxır: "Bu kontekstdə isə Azərbaycan təkcə coğrafi baxımdan deyil, həm də siyasi, iqtisadi və təhlükəsizlik baxımından Avrasiyanın əsas əlaqələndirici mərkəzinə çevrilib. Bu gün Bakı faktiki olaraq Şərqlə Qərb arasında ən etibarlı, təhlükəsiz və qısa marşrutların təminatçısı rolunu oynayır. Orta Dəhliz layihəsi, Zəngəzur istiqamətində açılan perspektivlər və yeni nəqliyyat-logistika xətləri Azərbaycanın bu mövqeyini daha da möhkəmləndirir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı ilə münasibətlərə toxunarkən açıq şəkildə vurğulayıb ki, Azərbaycan enerji təhlükəsizliyi sahəsində hər zaman etibarlı tərəfdaş olub və bu rolunu davam etdirir. Bu gün Azərbaycan qazının artıq Avropanın yeni bazarlarına-Almaniya və Avstriyaya çatdırılması da bunun bariz nümunəsidir. Enerji böhranı fonunda bu fakt Avropa üçün alternativsiz reallıqdır. Çünki enerji təhlükəsizliyi artıq yalnız iqtisadi məsələ deyil, birbaşa siyasi və milli təhlükəsizlik məsələsinə çevrilib.
Avropa İttifaqının xarici siyasət rəhbəri Kaja Kallas da Azərbaycanın İttifaq üçün vacib tərəfdaş olduğunu etiraf etməklə faktiki olaraq Bakının artan rolunu təsdiqləyib. Bu, təsadüfi deyil. Çünki enerji ilə yanaşı, nəqliyyat, rəqəmsal transformasiya, süni intellekt və təhlükəsizlik kimi sahələrdə də Azərbaycanla əməkdaşlıq Avropa üçün yeni imkanlar açır. TRIPP kimi layihələr isə regionda bağlantıların daha da gücləndirilməsinə xidmət edir.

Digər tərəfdən, İtaliya ilə münasibətlər bu prosesin ən uğurlu modellərindən biri kimi çıxış edir. İtaliya Baş naziri Giorgia Meloni Bakıya səfəri zamanı açıq şəkildə bəyan etdi ki, Azərbaycanla enerji əməkdaşlığı İtaliyanın enerji təhlükəsizliyində həlledici rol oynayır. Onun "enerji və bağlantılar eyni medalın iki üzüdür” fikri əslində bugünkü geosiyasi reallığın dəqiq təsviridir. Bu yanaşma onu göstərir ki, bəzi Avropa ölkələri artıq reallığı düzgün oxuyur və Azərbaycanla əməkdaşlığı strateji seçim kimi qəbul edir.

Prezident İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycan–İtaliya münasibətləri təkcə enerji ilə məhdudlaşmır. Ticarət dövriyyəsinin 12 milyard dollara çatması, İtaliyanın Azərbaycanın əsas ticarət tərəfdaşı olması, eləcə də hərbi-texniki əməkdaşlıq, sənaye, təhsil və investisiya sahələrində genişlənən əlaqələr bu tərəfdaşlığın çoxşaxəli xarakterini göstərir. Bu model əslində Bakı–Brüssel münasibətləri üçün də nümunə ola bilər.
Lakin paradoks ondan ibarətdir ki, Avropanın bəzi institutları, xüsusilə Avropa Parlamenti və AŞPA   təsisatlar bu reallıqları nəzərə almaq əvəzinə, Azərbaycana qarşı qərəzli və ikili standartlara əsaslanan mövqe nümayiş etdirirlər. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu qurumlar sülh prosesinə dəstək vermək əvəzinə, onu sabotaj edən addımlar atır. Bu isə nəinki regionda sabitliyə xidmət edir, əksinə, revanşist meylləri stimullaşdıraraq yeni risklər yaradır”.

O əlavə edib ki, əslində isə reallıq çox aydındır: "Azərbaycan Cənubi Qafqazda yeni geosiyasi nizamın əsas memarı və təminatçısıdır. 2020-ci ildən sonra yaranmış yeni vəziyyət regionda sülh və əməkdaşlıq üçün real imkanlar açıb. Azərbaycanın birtərəfli qaydada tranzit məhdudiyyətlərini aradan qaldırması, Ermənistanla iqtisadi-ticari əlaqələrin başlanması və regional kommunikasiyaların açılması bu siyasətin praktik nəticələridir.
Bu gün Avropa seçim qarşısındadır. Ya mövcud stereotiplərdən və siyasi qərəzdən çıxış edərək Azərbaycanla münasibətləri zədələyəcək, ya da reallığı qəbul edib Bakı ilə bərabərhüquqlu, qarşılıqlı hörmətə əsaslanan strateji tərəfdaşlığı dərinləşdirəcək. Birinci halda itirən tərəf məhz Avropa olacaq. Çünki Şərqlə Qərb arasında körpü rolunu oynayan, enerji və nəqliyyat təhlükəsizliyinin açar ölkəsi olan Azərbaycanla əməkdaşlıqdan imtina etmək, əslində, alternativsiz imkanları itirmək deməkdir.

Nəticə etibarilə, bugünkü qlobal qeyri-müəyyənlik şəraitində Bakı artıq sadəcə regional paytaxt deyil, Avrasiyanın strateji sinir mərkəzinə çevrilib. Bu reallığı görənlər, məsələn İtaliya kimi ölkələr qazanır. Görmək istəməyənlər isə geosiyasi oyunda geri qalmaq riski ilə üz-üzədir”.