Dövlətimiz tərəfindən Şuşadakı tarixi, dini, mədəni abidələr xüsusu olaraq yenidən bərpa edilir
Bu gün Şuşa şəhəri Azərbaycan xaqlının sanki ruhunun paytaxtıdır. 44 günlük Vətən müharibəsi zamanı Şuşanın azad olunması dövlət və millət üçün əsas hədəf idi. Məhz buna görə də Şuşanı düşməndən azad etmək üçün xüsusi əməliyyat keçirilmişdir. "Şuşa əməliyyatı” dünya hərb tarixinə qızıl hərflərlə düşüb. Xüsusi təyinatlılarımızın bu zaman göstərdikləri qeyri-adi şücaətləri dünya mediasınn gündəmində olmuşdır. Prezident İlham Əliyev 10 may tarixində Şuşada şəhərə köçmüş ilk sakinlərlə görüşündə Şuşanın işğaldan azad olunmasnın əhəmiyyətinə də toxunub: "44 günlük Vətən müharibəsi şanlı tariximizdir və Azərbaycan xalqı bundan sonra əbədi bu Zəfərlə fəxr edəcək. 44 gün ərzində biz hər gün irəli gedirdik. Ermənistan ordusundan fərqli olaraq bir nəfər də olsun hərbçimiz döyüş meydanını tərk etməmişdir. Onların özlərinin etiraflarına görə 12 minə yaxın fərarisi olmuşdur. Bizim əsgər və zabitlərimiz hər gün irəli gedirdilər və müharibənin birinci günündə əldə olunmuş qələbə - bir neçə kəndin azad edilməsi sonuncu günə qədər davam etdi və 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi düşmənin belini qırdı. Düşmən artıq anlamışdır ki, daha müqavimət göstərmək iqtidarında deyil və ondan sonra kapitulyasiya aktına imza atmışdır, faktiki olaraq təslim olmuşdur. Biz də o vaxt müharibəni dayandırdıq. Çünki müharibənin ilk günlərindən mən bəyan edirdim ki, düşmən bizə tarix versin, torpaqlarımızdan nə vaxt çıxacaq və o təqdirdə biz müharibəni dayandırmağa hazırıq”.
Şuşasız Qarabağı təsəvvür etmək mümkün deyil. Buna görə də müharibənin əsas planı Şuşanı azad etmək idi. Şuşa uğurunda döyüşlərdə şəhdlər verdik. Cənab Prezidentin dediyi kimi, Şuşa azad olunmadan ordumuz dayanmayacaqdı: "Şuşa bizim əyilməz ruhumuzun rəmzidir. Şuşa hər bir Azərbaycan vətəndaşının qəlbində elə bir böyük iz buraxıb ki, Şuşasız müharibənin uğurla başa çatması mümkün deyildi”. Belə də oldu. Şuşanın azad olunması ilə şanlı Zəfərimizə nail olduq. Şuşa, həmçinin qələbəmizin zirvəsi idi. Bu tarixi nailiyyətə çatmaqla Azərbaycan dünyaya yeni güc və qəhrəmanlıq nümunəsi göstərdi. Hazırda biz Şuşanı dünyaya mədəniyyət beşiyi olaraq təbliğ edirik. Burada keçirilən beynəlxalq tədbirlər hər gələn qonağı valeh edir. Şuşanı ilk görən bir dəfə ilə bu əsrarəngiz məkanı dərk edə bilmir. Bir gələn, növbəti dəfə yenə gəlmək istəyir. Çünki Şuşanın özünəməxsus aurası, çəkiciliyi var. Buradakı hər daşın, abidənin öz tarixi dəyəri var. Buna görə də dövlətimiz tərəfindən Şuşadakı tarixi, dini, mədəni abidələr xüsusu olaraq yenidən qurulur, bərpa edilir. Şuşa sakinləri ilə görüşdə cənab Prezident bu haqda da danışaraq qeyd edib ki, Şuşanın tarixi abidələrinin bərpası müharibədən dərhal sonra başlanılmışdır: "Vaqifin məqbərəsi yenidən quruldu, onun əzəli görkəmi qaytarıldı. Yuxarı Gövhər Ağa məscidi, Saatlı məscidi bərpa olundu. Mamayı məscidinin bərpadan sonra açılışı oldu. Çöl Qala məscidində bərpa işləri başlanılıb. Mehmandarov məscidi və Mehmandarovun evi bərpa edilib. Artıq dörd mehmanxana fəaliyyət göstərir. Onların içində ən böyük beşulduzlu Şuşa mehmanxanası bu gün Şuşanın müasir görkəmini əks etdirir. Şirinsu hamamı əsaslı təmirdən sonra açılmışdır. Aşağı Gövhər Ağa məscidində təmir-bərpa işləri yekunlaşmaq üzrədir. Üzeyir Hacıbəylinin vəhşi düşmən tərəfindən dağıdılmış abidəsi yenidən öz yerinə qoyuldu. Üzeyir Hacıbəylinin ermənilər tərəfindən dağıdılmış evi yenidən qurulur”. Yeri gəlmişkən, Prezident İlham Əliyevin Şuşaya bu dəfəki səfəri məscidlərin yenidənqurmadan sonra açılışı və ziyarəti ilə diqqət çəkdi. Belə ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Çöl Qala, Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri ilə tanış olublar. Onlar, həmçinin Şuşada Mamayı məscidinin bərpadan sonra açılışında iştirak ediblər. Bu məscidlərdə bərpa işləri Heydər Əliyev Fondu tərəfindən "PAŞA Holdinq”in dəstəyi ilə həyata keçirilib. Hər bir layihəyə xaricdən mütəxəssislər cəlb olunub. Təəssüf ki, Şuşanın işğalı zamanı adı qeyd olunan və olunmayan əksər məscidilər erməni vandalizminin qurbanına çevrilmişdi. Məscidlərin binası və minarələri ermənilərin zirehli texnikalarının atəşlərinə məruz qalaraq ciddi zədələnmişdi. Hətta bir çoxları ermənilər tərəfindən dağıdılıb və talan edilmişdi. Bununla yanaşı, ermənilər məscidlərin divarlarına müxtəlif yazılar yazıb, o cümlədən xaç işarəsi çəkiblər. Erməni işğalçıları şəhərdəki bir çox abidələr kimi ərazidəki məscidlərin ətrafındakı bulaqları da erməniləşdirməyə çalışmışdılar. Bulaqların da üzərindəki yazılar silinib və yerinə xaç işarəsi həkk olunmuşdu. Bundan başqa, ermənilər saxtakarlıq edərək bulaqların daşlarının üzərinə erməni və rus dilində yazılmış lövhə də həkk etmişdilər. Aparılan bərpa işləri nəticəsində artıq burada erməni vandalizminin bütün izləri aradan qaldırılıb. Göründüyü kimi, ermənilər nə qədər saxtakarlıq etsələr də öz istəklərinə çata bilmədilər. Dövlətimizin başçısının dediyi kimi, Şuşanı nə qədər erməniləşdirməyə çalışsalar da, ona nail ola bilməyiblər: "Çünki Şuşa əzəldən Azərbaycan şəhəri olub, işğal dövründə də öz azərbaycançılıq simasını qoruyub saxlayıb. Əgər ermənilər bunu özlərinə doğma şəhər sayırdılarsa Şuşanı quraydılar, yaradaydılar, dağıtmayaydılar. Bir daş daş üstə qoyulmayıb. Biz gəlmişik burada əbədi yaşamağa və bundan sonra Azərbaycan Bayrağı bu torpaqlarda əbədi dalğalanacaq”. Artıq Şuşanın əsl sakinləri öz evlərinə dönüblər. Onlar böyük qürur hissi ilə bu torpaqlarda yaşayacaqlar.
İbrahimova Gülzar İsaxan qızı, Avrasiya Universitetinin Elmi işlər üzrə prorektoru, siyasi elmlər üzrə elmlər doktoru, professor