30 Sentyabr 2026
10:50
14

Rövşən Nəcəfov Azərbaycan Tibb Universitetində müəllim kimi fəaliyyətə başladı

Klinik psixoloq və psixoterapevt ATU-nun Psixiatriya kafedrasında tələbələrə dərs deyəcək

Psixoloq, psixoterapevt və klinik psixoloq Rövşən Nəcəfov Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasında müəllim kimi fəaliyyətə başlayıb.

Rövşən Nəcəfov bu barədə sosial media hesabında məlumat verib.

O, Azərbaycan Tibb Universitetində müəllimlik fəaliyyətinə başlamasının onun üçün yalnız yeni vəzifə deyil, böyük məsuliyyət olduğunu bildirib.

"Azərbaycan Tibb Universitetində müəllim kimi fəaliyyətə başlamaq mənim üçün vəzifə deyil, məsuliyyətdir. Auditoriyada qarşında GƏLƏCƏK dayanır. Gələcəyə toxunmaq... Müəllim olmaq insanın özündən sonra nə buraxacağını düşünməyə başladığı yerdir.
Etimada görə Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyliyə minnətdaram. Əməkdar müəllimin etimadı böyük məsuliyyətdir!
Öyrənməkdən öyrətməyə, öyrətməkdən iz qoymağa..." – Rövşən Nəcəfov qeyd edib.

Rövşən Nəcəfov kimdir?

Rövşən Maarif oğlu Nəcəfov klinik psixologiya üzrə magistr təhsilini Xəzər Universitetində, bakalavr təhsilini isə Qərbi Kaspi Universitetində alıb. Açıq mənbələrdə onun klinik psixoloq, psixoterapevt və elmi işçi kimi fəaliyyəti barədə məlumatlar yer alır.

Nəcəfov Səhiyyə Nazirliyinin 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasında klinik psixoloq kimi çalışıb. O, həmçinin həkim-psixiatr komissiyasının üzvü kimi fəaliyyət göstərib.

O, psixologiya və psixi sağlamlıqla bağlı müxtəlif mövzularda çıxışlar edib, elmi-praktiki tədbirlərdə iştirak edib. 2026-cı ildə Səhiyyə Nazirliyinin təşkil etdiyi müxtəlif məlumatlandırıcı layihələrdə də klinik psixoloq və psixoterapevt kimi çıxış edib.

Nəcəfovun peşəkar fəaliyyət istiqamətləri arasında klinik psixologiya, psixoterapiya, psixoloji qiymətləndirmə, psixometriya və koqnitiv-davranış terapiyası yer alır.

Azərbaycan cəmiyyəti onu daha çox mentorluq fəaliyyəti, fikir mühəndisliyi və motivasiya sahəsindəki təlimləri ilə tanıyır.

Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasında müəllim kimi fəaliyyətə başlaması ilə onun peşəkar təcrübəsini tədris fəaliyyəti ilə birləşdirməsi gözlənilir.