17 İyul 2024
20:27
520

Şagirdlərin məktəb istəksizliyi

Artıq bir təhsil ilini də geridə qoyduq. Hazırda həm müəllimlər, həm də şagirdlər tətil istirahətindədirlər və sentyabrda növbəti təhsil ilinə başlayacaqlar. Şagirdlər üçün tətil, istirahət nə qədər gözəl və xoşdursa, məktəbin yenidən açılması bəziləri üçün bir o qədər xoşagəlməzdir. Ümumilikdə ötən təhsil ilinə əsasən deyə bilərəm ki, bəzi şagirdlər üçün məktəb sanki bir çətinlik, stres, cəzadır. Sözsüz ki, bunun da səbəbləri müxtəlifdir. Amma səbəbindən asılı olmayaraq, məktəbdən soyumaq onun öyrənmək, keyfiyyətli təhsil almasına da təsirini göstərir.

Qeyd etdiyim kimi, səbəblər müxtəlifdir. Şagirdlərlə görüşlərimdə və apardığımız psixoloji dəyərləndirmə sorğularında  məktəbə ən çox istəksizlik səbəbi kimi, dərsə hazırlaqlarının və qiymətlərinin aşağı olması, sinif yoldaşları ilə münasibətlərinin olmaması, həmyaşıdları ilə az ünsiyyət, asosiallıq, özünəqapanmaları, müəllim və digər şagirdlər ilə münasibətlərinin yaxşı olmaması və digər nümunələri göstərə bikərik.

Valideyn üçün övladının məktəbə qayıtmaq istəməməsinin arxasında nəyin dayandığını anlaması çox vacibdir. Başqa sözlə, bütün məsuliyyəti məktəbin üzərinə qoymaq olmaz. Çünki bəzi hallarda problemin səbəbini məktəbdə baş verən hər hansı bir hadisədə axtararkən hadisənin kökünün məktəbə yox, birbaşa ailə ilə əlaqəli olduğu meydana çıxır. Odur ki, valideynlər bucür məsələdə diqqətli olmalıdırlar.

Uşaqlar ilə kobud və kəskin formada, qışqıraraq yox, mülayim tərzdə danışmaq lazımdır. Çünki bəzən məktəbdə və ya başqa məkanda baş verən hər hansı bir hadisəni həmin şagird deməkdən çəkinə, qorxa bilər və həmin məsələləri paylaşmadıqca, problem həll edilmədikcə onun üçün məktəbə marağı ən aşağı səviyyəyə qədər enə bilər.

Odur ki, nə baş verdiyini başa düşmək üçün valideyn uşağa diqqətlə qulaq asmalı və onda mənfi emosiyaların tam olaraq nəyə səbəb olduğunu anlamağa çalışmalıdır.  Valideyn tərəfindən anlayış və empatiya, uşağın həyatına maraq, onu narahat edən şeylər barədə məxfi söhbətlər yeniyetməni dəstəkləməyə kömək edəcəkdir.

Bununla yanaşı, müəllimlər də həmin şagirdləri digərlərindən ayırmamalı, əksinə onları narahat edən məsələləri aydınlaşdırmalı, onları məktəbə yenidən adaptasiya etmək üçün ehtiyac olarsa məktəb psixoloqları ilə müzakirə aparmalıdır. Odurki, burada müəllim-psixoloq-valideyn arasında daimi əlaqələr olmalıdır.

O cümlədən, valideynlər uşaqlarının sosiallığı üçün tətil müddətində müəyyən şərait qurmalıdırlar. İl boyunca sinif yoldaşları, müəllimlər kimi bir mühitdə olan uşağın tətil boyunca evdə olması, yalnız kompüter oyunları, sosial şəbəkələrlə vaxt keçirməsi məqsədəuyğun deyildir. Ona görə də, valideynlər övladları ilə daha çox vaxt keçirməli, müxtəlif səyahətlərə getməli, olduqları yerdə nəzarətlərində digər uşaqlarla oynamasına şərait yaratmalı və övladlarını mümkün qədər oyun, sosial şəbəkələrdən daha az istifadə etmələrinə şərait yaratmalıdırlar.

Nərmin Əliyeva,
Psixo-pedaqoq, məktəb psixoloqu