19 Noyabr 2026
17:04
235

Şahin İsmayılov: Ağdamın yenidən qurulmasında iqtisadi fəaliyyətin bərpasına xüsusi diqqət göstərilir

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə altı il öncə Vətən müharibəsində qazanılan tarixi Zəfər nəticəsində Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur oldu.

Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi üstünlük Ağdamın əlavə hərbi əməliyyatlar aparılmadan, bir güllə belə atılmadan azad edilməsini təmin etdi.

Bunu İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov deyib.

Şahin İsmayılov qeyd edib ki, 1930-cu ildə yaradılan Ağdam rayonu Qarabağın mərkəzində yerləşir. Ermənistanın təcavüzkar siyasəti nəticəsində 1993-cü il iyulun 23-də rayonun böyük hissəsi işğal edildi, 120 mindən çox sakin doğma yurdundan didərgin düşdü. İşğal dövründə Ağdam şəhəri, demək olar ki, tamamilə dağıdıldı, yaşayış evləri, sənaye müəssisələri, təhsil və mədəniyyət ocaqları, tarixi abidələr məhv edildi. Məhz dağıntıların miqyasına görə Ağdam "Qafqazın Xirosiması” adlandırılır.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Ağdamda genişmiqyaslı bərpa-quruculuq işlərinin aparıldığını söyləyən Şahin İsmayılov vurğulayıb ki, rayonun tarixi simasının qorunması, müasir infrastrukturun yaradılması və iqtisadi fəaliyyətin bərpası istiqamətində mühüm addımlar atılır. 2040-cı ilədək inkişafına dair Baş plana uyğun olaraq, Ağdamda 100 min nəfərin yaşayacağı müasir şəhərin salınması nəzərdə tutulur. Yeni yaşayış məhəllələri, yollar, təhsil və səhiyyə müəssisələri, ictimai məkanlar, nəqliyyat və kommunal infrastruktur kompleks şəkildə yaradılır. Burada əsas məqsəd sakinlərin rahat yaşayışı, məşğulluğu və sosial rifahı üçün bütün zəruri şəraiti təmin etməkdir.

"Ötən altı il ərzində Ağdamda nəhəng işlər görülüb. "Böyük Qayıdış” proqramı çərçivəsində şəhərdə ilk iki yaşayış məhəlləsi istifadəyə verilib, həmçinin Kəngərli, Xıdırlı, Sarıcalı kəndlərinin birinci mərhələlərinin açılışı olub. Ümumilikdə rayon üzrə altı mindən çox keçmiş məcburi köçkünün doğma yurdlarına qayıdışı təmin edilib”, - deyə komitə sədri bildirib.

Ağdamın yenidən qurulmasında iqtisadi fəaliyyətin bərpasına xüsusi yer ayrıldığını söyləyən Şahin İsmayılov qeyd edib ki, bu baxımdan, Ağdam Sənaye Parkının fəaliyyəti mühüm əhəmiyyət daşıyır. Ölkəmizdə rezident sayına görə ikinci ən böyük sənaye parkı olan bu müəssisələr kompleksində ümumi investisiya layihələrinin dəyəri 260 milyon manatdan çox olan 28 sahibkarlıq subyektinə rezident, 4 sahibkara isə qeyri-rezident statusu verilib. Artıq parkda 9 müəssisə fəaliyyət göstərir, 964 nəfər daimi işlə təmin olunub. İstehsal sahələrinin genişlənməsi Ağdamın iqtisadi potensialının bərpasına, yerli istehsalın inkişafına və əhalinin məşğulluğunun artırılmasına xidmət edir.

"Beləliklə, altı il əvvəl işğaldan azad edilən Ağdam bu gün sürətlə yenidən qurulur, rayonun sakinləri doğma yurdlarına qayıdır, iqtisadi və mədəni həyatı bərpa olunur. Ağdamlılar artıq Ağdam Şəhəri Gününü doğma torpaqlarında yeni həyat qurmağın qüruru ilə qeyd edirlər.”, - deyə komitə sədri vurğulayıb.