14 Oktyabr 2026
13:17
238

Şahin İsmayılov: Azərbaycan ilə Kamboca arasında fəal siyasi dialoq iqtisadi tərəfdaşlığın genişlənməsi üçün imkanlar açır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxvektorlu xarici siyasət ölkəmizin beynəlxalq mövqelərinin möhkəmlənməsinə, müxtəlif regionlarla siyasi və iqtisadi əlaqələrinin genişlənməsinə xidmət edir.

Azərbaycan qarşılıqlı hörmət, bərabərhüquqlu tərəfdaşlıq və milli maraqların qorunması prinsiplərinə əsaslanan müstəqil siyasət yürüdərək ənənəvi tərəfdaşları ilə münasibətlərini inkişaf etdirməklə yanaşı, yeni coğrafiyalarda əməkdaşlıq imkanlarını da genişləndirir. Bu baxımdan, Cənub-Şərqi Asiya ölkələri ilə əlaqələrin dərinləşdirilməsi Azərbaycanın xarici siyasətində mühüm istiqamətlərdəndir.

Bunu İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov bildirib.

Komitə sədri qeyd edib ki, Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfəri ölkəmizin Cənub-Şərqi Asiya regionu ilə münasibətlərinin inkişafında yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər. Azərbaycan ilə Kamboca arasında münasibətlərin genişləndirilməsi üçün əlverişli siyasi zəmin və qarşılıqlı maraq mövcuddur. Əsas məqsəd isə bu potensialı konkret iqtisadi layihələrə, əməkdaşlıq mexanizmlərinə və uzunmüddətli tərəfdaşlığa çevirməkdir.

"Azərbaycan ilə Kamboca arasında münasibətlərin mühüm xüsusiyyətlərindən biri ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində formalaşmış qarşılıqlı etimad və dəstək mühitidir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, ölkələrimiz arasında BMT, Qoşulmama Hərəkatı və AQEM çərçivəsində çox yaxşı siyasi əlaqələr və fəal əməkdaşlıq var. Təbii ki, çoxtərəfli platformalarda formalaşmış siyasi dialoq ikitərəfli münasibətlərin inkişafı üçün etibarlı əsas yaradır. Müasir beynəlxalq münasibətlərdə siyasi etimadın iqtisadi əməkdaşlığa çevrilməsi xüsusi əhəmiyyət daşıyır və Azərbaycan-Kamboca münasibətlərinin hazırkı mərhələsində məhz bu istiqamətdə mühüm addımlar atılır”, – deyə Şahin İsmayılov vurğulayıb.

Komitə sədri bildirib ki, səfər çərçivəsində müxtəlif sənədlərin, eləcə də ölkələrimiz arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında Çərçivə Sazişinin mübadiləsi, biznes forumun keçirilməsi iki ölkənin işgüzar dairələri arasında birbaşa əlaqələrin genişləndirilməsinə, qarşılıqlı investisiya imkanlarının müəyyənləşdirilməsinə və müxtəlif sahələrdə birgə layihələrin həyata keçirilməsinə əlverişli zəmin yaradır. Eyni zamanda, əldə olunan razılaşmalar Azərbaycan ilə Kamboca arasında iqtisadi münasibətlərin daha sistemli və uzunmüddətli əsaslar üzərində inkişafı baxımından olduqca önəmlidir. Dövlətimizin başçısının diqqət çəkdiyi mühüm məqamlardan biri ticarət və investisiya əməkdaşlığının praktik istiqamətləri ilə məşğul olacaq birgə işçi qrupunun yaradılmasıdır. Bu mexanizm qarşılıqlı iqtisadi maraqların və perspektivli layihələrin müəyyənləşdirilməsi, eləcə də biznes subyektləri arasında əlaqələndirmənin təmin olunması baxımından əhəmiyyətlidir.

"Əminliklə söyləmək olar ki, qarşılıqlı etimad və ortaq maraqlar əsasında inkişaf edən Azərbaycan-Kamboca əməkdaşlığı hər iki ölkənin beynəlxalq mövqelərinin möhkəmlənməsinə, iqtisadi potensialından daha səmərəli istifadə edilməsinə və xalqlarımız arasında dostluq münasibətlərinin dərinləşməsinə mühüm töhfə verəcək”, – deyə Şahin İsmayılov qeyd edib.