Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri iki dost ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin yüksələn xətt ilə inkişafının təzahürüdür. Səfərin zəngin gündəliyi ikitərəfli əməkdaşlığın real məzmun daşıdığını göstərir. Ötən il Baş nazir Robert Fitsonun ölkəmizə səfəri çərçivəsində imzalanmış Tərəfdaşlıq haqqında Birgə Bəyannamə ilə ölkələrimiz arasında münasibətlər yeni mərhələyə qədəm qoydu.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov səsləndirib.
Son bir il ərzində ölkələrimiz arasında bir sıra istiqamətlər üzrə əməkdaşlığın intensivliyi artdığını söyləyən komitə sədri qeyd edib ki, ötən ildən bəri Azərbaycan qazının Slovakiyaya nəqlinə başlanılıb, bu da dost ölkələrimiz arasında uğurlu tərəfdaşlığın nümunəsidir. Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyinə önəmli töhfə verir. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyevin müasir dövrün çağırışlarına uyğunlaşdırmaqla davam etdirdiyi enerji strategiyası bu sahədə böyük uğurlarımızın əldə olunmasını təmin edib. Enerji marşrutlarının şaxələndirilməsi istiqamətində atılan müdrik addımlarla Azərbaycan Avropanın enerji xəritəsini yenidən formalaşdırıb. Artıq Avropa İttifaqına üzv olan 8 ölkə Azərbaycan qazı ilə təchiz olunur. Ümumilikdə isə təbii qazımız 14 ölkəyə nəql edilir. Bu, müdrikliklə həyata keçirilən enerji siyasətimizin parlaq uğurudur.
"Azərbaycan bu gün regional və qlobal müstəvidə Şərq ilə Qərbi birləşdirən geostrateji mərkəz kimi xüsusi rola malikdir. Azərbaycanın əlverişli coğrafi mövqeyi, ölkəmizdəki siyasi sabitlik və proqnozlaşdırılabilən iqtisadi mühiti beynəlxalq yük və logistika marşrutlarının Azərbaycanın üzərindən keçməsini daha da cəlbedici edir. Məhz dövlətimizin başçısının müdrikliyi və uzaqgörənliyi sayəsində bu üstünlüklərin reallaşdırılması məqsədilə son illərdə ölkəmizdə infrastruktur və nəqliyyat layihələrinə yönəldilən genişmiqyaslı sərmayələr Azərbaycanın Orta Dəhlizdə aparıcı mövqeyini möhkəmləndirib, ölkəmizin regionun ən etibarlı, sürətli və təhlükəsiz logistika habına çevrilməsinə imkan yaradıb. Məhz bu üstünlüklər Azərbaycanı beynəlxalq əməkdaşlıq üçün daha da cəlb edici edir. Bu xüsusda, Slovakiya ilə Azərbaycan arasındakı əlaqələrin inkişafında bu sahə də mühüm önəm kəsb edir”, - deyə Şahin İsmayılov vurğulayıb.
Azərbaycan ilə Slovakiya arasında müdafiə sənayesi sahəsində də əməkdaşlığın yaxşı perspektiv vəd etdiyini söyləyən komitə sədri bildirib ki, bu, sənaye və yüksək texnologiyaların inkişafı baxımından mühüm səmərə verəcək. Slovakiyanın qabaqcıl texnoloji təcrübəsi ilə Azərbaycanın güclü maliyyə imkanlarının və geniş istehsal bazasının birləşdirilməsi dünya bazarına rəqabətədavamlı yeni məhsulların çıxarılmasına şərait yarada bilər. Bu, eyni zamanda, dost ölkələrimiz üçün həm ixrac potensialının yüksəldilməsi, həm də müdafiə sənayesində innovativ yanaşmaların tətbiqi baxımından geniş imkanlar açır.
"Bir sözlə, yüksəksəviyyəli qarşılıqlı siyasi dialoq və artan iqtisadi dinamika Azərbaycan-Slovakiya münasibətlərin uğurlu inkişafının təzahürüdür. Bu əməkdaşlığın dərinləşməsi həm ölkələrimiz, həm də region üçün böyük fayda vəd edir”, - deyə Şahin İsmayılov qeyd edib.