26 İyun 2026
14:59
376

Şahin İsmayılov Niger Respublikası Məsləhət Şurasının  Gənclər komitəsinin sədri ilə görüşüb

İyunun 25-də Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı (İƏTPİ) Konfransının 20-ci sessiyasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Niger Respublikası Məsləhət Şurasının  Gənclər komitəsinin sədri İdrisaa Mousa İbrahim ilə görüşüb.

Komitə sədri qonağa Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən uğurlu dövlət gənclər və idman siyasəti, ölkəmizdə idman infrastrukturunun inkişafı, beynəlxalq idman yarışlarının təşkili və gənclərin hərtərəfli inkişafına yönəlmiş dövlət proqramları barədə ətraflı məlumat verib. O, həmçinin Milli Məclisin Gənclər və idman komitəsinin fəaliyyət istiqamətləri, qanunvericilik təşəbbüsləri və beynəlxalq parlamentlərarası əməkdaşlığın əhəmiyyəti barədə danışıb.

Öz növbəsində, İdrisaa Mousa İbrahim Milli Məclisin təşkilatçılığı ilə keçirilən İƏTPİ sessiyasının yüksək səviyyədə təşkil olunduğunu, iştirakçılar üçün yaradılan şəraitdən məmnunluğunu ifadə edib. O, iki ölkə arasında münasibətlərin inkişafı üçün geniş imkanların mövcud olduğunu bildirib.

Görüşdə Azərbaycan və Niger arasında parlamentlərarası əlaqələrin, gənclər və idman sahəsində əməkdaşlığın genişləndirilməsi və təcrübə mübadiləsinin təşviqi məsələləri müzakirə olunub.