13 Avqust 2026
17:01
232

Şahin İsmayılov: Prezident İlham Əliyevin bölgələrə səfərləri regionların inkişafı ilə bağlı tədbirlərin uğurlu icrasını təmin edir

Azərbaycanda mövcud olan iqtisadi-siyasi sabitlik ölkəmizin hərtərəfli inkişafında müstəsna rola malikdir. Həyata keçirilən Dövlət proqramları, ardıcıl islahatlar, uğurla reallaşdırılan layihələr ölkəmizin davamlı və dayanıqlı inkişafını, əhalinin sosial rifah halının yüksəldilməsini təmin edir. Təbii ki, Azərbaycanın son illərdə qazandığı sosial-iqtisadi nailiyyətlərin mühüm xüsusiyyətlərindən biri inkişaf prosesinin bütün bölgələri əhatələməsi, regionların mövcud potensialından səmərəli istifadəni təmin edən sistemli yanaşmanın tətbiq olunmasıdır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov söyləyib.

O bildirib ki, Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə icra olunan regional inkişaf strategiyası nəticəsində bölgələrimizdə müasir infrastrukturun yaradılması, enerji və nəqliyyat təminatının yaxşılaşdırılması, yeni istehsal sahələrinin formalaşdırılması, məşğulluğun artırılması və digər istiqamətlərdə mühüm nəticələr qazanılıb. Ayrı-ayrı iqtisadi rayonların spesifik imkanları və üstünlükləri nəzərə alınmaqla həyata keçirilən layihələr bütövlükdə ölkəmizin dayanıqlı inkişafında mühüm rol oynayır.

Şahin İsmayılov qeyd edib ki, Prezident İlham Əliyevin bölgələrə mütəmadi səfərləri, görülən işlərlə yerində tanış olması, tapşırıq və tövsiyələrini verməsi regionlarımızın davamlı tərəqqisi istiqamətində tədbirlərin uğurlu icrasını təmin edir. Bu xüsusda, dövlətimizin başçısının Prezident kimi Naxçıvana 17-ci səfəri bölgənin iqtisadi, sosial, mədəni həyatında mühüm tədbirlərlə yadda qaldı.

Muxtar respublikanın inkişafında kompleks yanaşmanın tətbiq olunduğunu söyləyən komitə sədri bildirib ki, burada təhlükəsizliyin təmin edilməsindən iqtisadi fəallığın artırılmasına, energetikadan nəqliyyat infrastrukturuna, kənd təsərrüfatından turizmə, sosial xidmətlərdən tarixi-mədəni irsin qorunmasına qədər geniş istiqamətləri əhatə edən yeni inkişaf modeli tətbiq olunur. Naxçıvan Sənaye Parkının yaradılması bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Ölkəmizin ən böyük ikinci sənaye parkı olacaq bu layihə yeni istehsal müəssisələrinin yaradılmasına, özəl investisiyaların cəlbinə və məşğulluğun artırılmasına imkan verəcək. Bununla yanaşı, sosial infrastrukturun yenilənməsi, müasir yolların tikintisi və əsaslı təmiri, rayonlararası nəqliyyatın yenilənməsi və turizm infrastrukturu üzrə nəzərdə tutulan layihələr inkişafın çoxşaxəli xarakter daşıdığını göstərir.

Deputat qeyd edib ki, enerji sahəsində nəzərdə tutulan layihələr Naxçıvanın gələcək iqtisadi inkişafında mühüm rol oynayacaq. Naxçıvanda aqrar sektorun daha da inkişafı üçün böyük potensial mövcuddur. Bu baxımdan yeni artezian quyularının qazılması, müasir suvarma sistemlərinin qurulması və indiyədək suvarılmayan torpaqların əkin dövriyyəsinə cəlb edilməsi kənd yerlərində iqtisadi fəallığın və məşğulluğun artmasına şərait yaradacaq. Beləliklə, sənayeləşmə, energetika, kənd təsərrüfatı, turizm və xidmət sektorlarının paralel inkişafı Naxçıvan iqtisadiyyatının şaxələndirilməsini sürətləndirəcək.