20 Noyabr 2025
11:12
217

Şəhər günü Ağdamın işğaldan azad edilməsi ilə yanaşı, şəhərin dirçəlişini və ağdamlıların qayıdışını simvolizə edir

Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Ordumuzun Vətən müharibəsində qazandığı parlaq Zəfər nəticəsində 5 il əvvəl - 2020-ci il noyabrın 20-də Ağdam rayonu işğaldan azad edildi. Rəşadətli Ordumuz yüksək strateji əhəmiyyətə malik Ağdam rayonuna bir güllə belə atmadan daxil oldu. Azərbaycan Silahlı Qüvvələri 44 gün davam edən hərbi əməliyyatlar zamanı döyüş meydanında düşməni məhv etdi, addım-addım irəliləyərək torpaqlarını azad etdi, onları ağ bayraq qaldırmağa, Ağdamı, Kəlbəcəri və Laçını təhvil verməyə məcbur etdi.

Onu qeyd edək ki, 1993-cü ildə düşmən 40 gündən çox davam edən hərbi əməliyyatların nəticəsində Ağdamın 73 faizini işğal etdi. İşğal nəticəsində 120 mindən çox insan məcburi köçkünə çevrildi. Həyatın bütün izlərinin silinməsi məqsədilə Ağdam viran qoyuldu. "Qafqazın Xirosiması” adını alan Ağdamda bütün infrastruktur - sənaye obyektləri, mədəniyyət evləri, muzeylər, idarə və müəssisələrin binaları tamamilə dağıdıldı.

Vətən müharibəsində və antiterror əməliyyatlarında qazandığımız parlaq Zəfərlər nəticəsində azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Azərbaycan dövləti Ağdamda da geniş tikinti-quruculuq işləri həyata keçirir. Xarabalıqlar üzərində yeni, müasir Ağdam qurulur.

Mina və partlamamış hərbi sursatlardan təmizlənən Ağdamda "Böyük Qayıdış” proqramı çərçivəsində şəhər və kəndlər yenidən tikilir, infrastruktur layihələri icra olunur, yollar inşa edilir, yeni istehsal müəssisələri yaradılır, parklar, yaşıllıqlar salınır. Ağdam Kəngərli, Xıdırlı, Sarıcalı kəndlərində artıq işlərin birinci mərhələsi yekunlaşıb, kəndlərin sakinlərinin bir hissəsinin doğma torpaqlarına qayıdışı təmin edilib.

Yüz min insanın yaşayacağı Ağdam şəhərində isə işlər sürətlə davam etdirilir. Şəhər Baş plana uyğun olaraq, ən müasir təcrübələr tətbiq olunmaqla inşa olunur. Möhtərəm Prezidentimiz İlham Əliyev bütün azad olunmuş ərazilərdə olduğu kimi Ağdamda da aparılan bərpa-quruculuq prosesini nəzarətdə saxlayır, işlərin gedişi ilə yerindəcə tanış olur, müvafiq göstərişlərini verir.

Müasir yaşayış binaları, infrastruktur obyektləri, otellər, müəssisələr, bir sözlə, ağdamlıların rahat həyat şəraiti üçün lazım olan bütün infrastruktur müasir standartlar çərçivəsində və zövqlə yaradılır.

Ölkəmizdə yerli istehsalın inkişafına töhfə verən Ağdam Sənaye parkı ölkəmizdə rezident sayına görə ikinci ən böyük sənaye parkıdır. Burada 28 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Sahibkarlar tərəfindən 115 milyon manatdan çox investisiyanın yatırıldığı sənaye parkında 900-dən çox insan daimi işlə təmin edilib.

Beləliklə, sürətlə yenilənən, modern infrastruktura malik olacaq Ağdam əvvəlki şöhrətinə qovuşmaqla yanaşı, Azərbaycanın, eləcə də regionun ən müasir infrastruktura malik bölgələrindən birinə çevriləcək. Şəhər günü Ağdamın işğaldan azad edilməsi ilə yanaşı, şəhərin dirçəlişini və ağdamlıların qayıdışını simvolizə edir.

 

Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov