28 Mart 2023
21:44
1027

Siyasi dialoqla bağlı həyata keçirilən təşəbbüslər ölkəmizi daha da inkişaf etdirəcəkdir!

Bu gün ölkəmizin siyasi münasibətlər sisteminə nəzər saldıqda dövlətin siyasi dialoqla bağlı bir sıra təşəbbüslər irəli sürdüyünü görürük.
 
Belə ki, həmin siyasi təşəbbüslərlə bağlı çıxışlarında Möhtərəm Prezident cənab İlham Əliyev ölkənin siyasi sistemində sağlam dialoq mühitini siyasi dəyər kimi qiymətləndirmişdir. Əlbəttə ki, hazırda iqtidarın alernativinin olmadığı cəmiyyətimizdə normal, sağlam düşüncəli müxalifətin olması ümumi inkişafa töhfə verə bilər. Bunun üçün isə kifayət qədər sağlam mühüt formalaşmışdır. Bəzən cəmiyyətdə müxalifət nümayəndələri iqtidar nümayəndələrinin görmədiyi qüsurları görür, dilə gətirirlər. Bu da öz növbəsində çox müsbət haldır. Ancaq bütün siyasi qüvvələr bilməlidirlər ki, hamı üçün dövlət müstəqilliyimiz, dövlətçiliyimiz və dövlət maraqlarımız toxunulmazdır və bir nömrəlidir.
 
Cənab Prezident əksər nitqlərində ümumi konteksdə dövlət maraqlarımızın bu gün əsas prioritet olduğunu bəyan edir. Qeyd edək ki, xüsusilə Vətən Müharibəsindən sonrakı dövrdə Ölkəmizdə dayanıqlı siyasi dialoq ənənələrinin formalaşdırılması siyasətinin ilk mərhələsi deyərdim uğurla həyata keçirilmişdir. Hesab etmək olar ki, siyasi münasibətlərdə köhnə streotiplərin dəyişdirilməsi, siyasi sistemin sağlamlaşdırılması, regionda formalaşan yeni reallığa adaptasiya dövrü, sistemli islahatlara hazırlıq, habelə siyasi sistemin güclü və zəif tərəflərinin müəyyən olunması istiqamətində irəlidəki dövrlərdə daha ciddi uğurlar əldə olunacaqdır. Bunun üçün isə ən əsası hakimiyyət böyük iradə və səy göstərir. Misal üçün "Siyasi partiyalar haqqında” yeni Qanunu qeyd edə bilərik.
 
Belə ki, yeni Qanun təkcə formalaşan yeni siyasi konfiqurasiyanın təzahürü deyil, eyni zamanda siyasi dialoqu atributiv müstəvidən konstruktiv müstəviyə çıxaran ali siyasi iradənin təzahürüdür. Bu Qanun siyasi proseslərdə iştirak edən tərəflərin güclərinin balansına xidmət edir. Siyasi dialoqla bağlı təşəbbüsləri inkar edən və bu proseslərdən boyun qaçıran "qüvvələr” özlərini ifşa edir, xain mövqelərini nümayiş etdirirlər. Əminliklə demək olar ki, həyata keçirilən siyasi dialoq mühiti siyasi partiyaları cəmiyyətə daha yaxın edəcək və siyasi dialoqda aktiv iştirak edən partiyalar cəmiyyət tərəfindən tanınacaqdır. İnanırıq ki, Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə başlayan siyasi dialoq uğurlu şəkildə davam edəcək, Azərbaycanın siyasi sistemini gücləndirəcək və yeni dövrdə Ölkəmizin inkişafına xidmət edəcəkdir.

Mətanət Quliyeva;
Neftçala rayon gənci, ictimai fəal