Bu təbdirdə qəbul edilən qərarların icrası başa çatdıqdan sonra Mərkəzi Asiya regionunun siyasi və iqtisadi cəhətdən potensialı daha da güclənəcək
BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) ilk Zirvə görüşünün noyabrın 24-də Bakıda keçirilməsi çox əlamətdar tarixi hadisədir. Bu tədbir həm də Mərkəzi Asiya ölkələrinin rəhbərlərinin Bakıda toplaşması baxımdan önəmlidir. Bununla SPECA-a üzv dövlətlər regiondakı rolunu daha da gücləndirirlər. Zirvə görüşündə aparılan müzakirələr gələcəkdə birgə layihələrin keçirilməsi üçün də geniş imkanlar yaradacaq. Qeyd edək ki, yeni tərkibdə keçirilən Zirvə görüşü daha geniş iqtisadi əməkdaşlıq formatına yol açacaq. Prezident İlham Əliyevin dəvəti ilə Zirvə görüşündə Gürcüstanın və Macarıstanın Baş nazirləri, Körfəz Əməkdaşlıq Şurasının Baş katibi fəxri qonaqlar qismində iştirak ediblər. Bu haqda Prezident İlham Əliyev Zirvə görüşündəki çıxışında fikirlərini bölüşüb. Dövlətimizin başçısı deyib ki, bu gün dünyanın müxtəlif bölgələrində müharibələr, münaqişələr, qanlı toqquşmalar geniş vüsət alıb: "SPECA-ya üzv ölkələrində isə sülh, sabitlik, əmin-amanlıq hökm sürür, inkişaf, quruculuq prosesləri uğurla gedir. Bu, dövlətlərimizin və xalqlarımızın böyük nailiyyəti və uğurudur”.
Nəzərə çatdıraq ki, 1998-ci ildə yaradılan proqrama Azərbaycan 2002-ci ildə qoşulub və birliyin fəal üzvlərindəndir. SPECA həftəsi (20-24 noyabr) çərçivəsində baş tutan sahəvi İşçi Qruplarının iclasları, SPECA 2023 İqtisadi Forumu və SPECA Rəhbər Şurasının 18-ci sessiyasında iştirakçı dövlətlərin ümumi problemlərinin həlli ilə bağlı yeni strategiyaların hazırlanması, o cümlədən Proqram çərçivəsində Etimad Fondunun yaradılması məsələsi müzakirə edilib. Tədbirdə təchizat zəncirində məlumatların rəqəmsal transformasiyası və sənəd mübadiləsi, nəqliyyat bağlantısı, SPECA bölgəsində yaşıl enerji bağlılığı mövzularında müzakirələr aparılacaq, yeni çağırışlar fonunda Orta Dəhlizin artan əhəmiyyətinə diqqət yetirilib. SPECA Rəhbər Şurasının 18-ci sessiyasında İqtisadi Forumun nəticələri, Proqramın işləmə mexanizmini tənzimləyən sənədlərin müzakirəsi, o cümlədən digər sənədlər ətrafında fikir mübadiləsi aparılıb. Prezident İlham Əliyev Zirvə görüşündə bu forumun əhəmiyyətini qeyd edib: "SPECA həftəsi ərzində Bakıda təşkil olunan iqtisadi forum ölkələrimiz arasındakı biznes əlaqələrinin inkişafına töhfə verəcək. Bakı Ekspo Mərkəzində təşkil edilmiş sərgi ölkələrimizdə gedən inkişafı əyani şəkildə göstərir”. Cənab Prezidentin qeyd etdiyi kimi, SPECA həftəsi çərçivəsində "SPECA Ölkələri Sərgisi: Dayanıqlı İnkişaf Naminə Regional Əməkdaşlıq” adlı sərgi keçirilib. Prezident İlham Əliyev noyabrın 22-də Bakı Ekspo Mərkəzində Mərkəzində keçirilən bu sərginin açılışında iştirak edib. SPECA-nın yaradılmasının 25 illiyi münasibətilə təşkil olunan sərgi Azərbaycanın xüsusi təşəbbüsü ilə keçirilib. Bakı Ekspo Mərkəzinin 4 min kvadratmetrlik sahəsini əhatə edən sərgidə ancaq SPECA ölkələrinin stendləri yer alıb. Həmin stendlərdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistandan dövlət müəssisələrinin və özəl şirkətlərin məhsullarının nümunələri nümayiş olunur. Bütün stendlər Azərbaycan tərəfindən vahid dizayn formatında quraşdırılıb. Prezident İlham Əliyev "Azərxalça” ASC tərəfindən hazırlanan "Bizi birləşdirən dəyər” instalyasiyasının üzərindəki ağ örtüyü götürməklə sərginin rəsmi açılışını edib. Bu instalyasiya SPECA ölkələrinin əməkdaşlıq əlaqələrini əks etdirir. Sərgidə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası istiqamətində görülən işlər, ərazilərin bərpası, milli iqtisadiyyata sürətli inteqrasiyanın, dayanıqlı inkişafının təmin olunması, ən müasir infrastrukturun qurulması, mədəni-tarixi abidələrin bərpası və layiqli yaşayış şəraitinin yaradılması istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərdən bəhs edilir. 2021-2023-cü illər ərzində 10 min kvadratkilometrdən çox ərazidə bərpa-quruculuq işlərinin həyata keçirilməsinə dövlət büdcəsindən 7 milyard dollar vəsait ayrılıb. Yeri gəlmişkən, Prezident İlham Əliyev Zirvə görüşündə "Böyük Qayıdış” Proqramı haqqında da danışıb: "Keçmiş məcburi köçkünlər "Böyük Qayıdış” Proqramı çərçivəsində öz dədə-baba yurdlarına qayıdırlar. 2026-cı ilin sonuna qədər 140 min keçmiş məcburi köçkün öz doğma evlərinə qayıdacaq”.
SPECA-a üzv dövlətlərin hər bir infrastrukturun inkişafında maraqldır. Bu da həmin dövlətlərin iqtisadiyyatının inkişafı üçün çox önəmlidir. Zirvə görüşündə bu baxımdan da əhəmiyyətli müzakirələr aparılıb, qərarlar qəbul edilib. Bundan başqa Zirvə görüşü əlavə iş yerlərinin açılması, logistika, dövlətlərin təhlükəsizliyinin qorunması baxımdan da mühüm əhəmiyyətə malikdir. Bu təbdirdə qəbul edilən qərarların icrası başa çatdıqdan sonra Mərkəzi Asiya regionunun siyasi və iqtisadi cəhətdən də potensialı daha da güclənəcək.
İbrahimova Gülzar İsaxan qızı,
Avrasiya Universitetinin Elmi işlər üzrə prorektoru, siyasi elmlər üzrə elmlər doktoru, professor