18 İyul 2022
12:21
19229

ÜST-dən daha bir ölümcül virusla bağlı xəbərdarlıq – “Artıq iki nəfər ölüb”

ÜST daha bir ölümcül virusla bağlı məlumat yayıb.

İslahat.az bildirir ki, qurum Afrika ölkəsi olan Qanada epidemiya elan edib. Belə ki, dünyanın ən ölümcül viruslarından biri olan "Marburq” bu ayın əvvəlində sözügedən ölkədə görülüb və həyatını itirən 2 xəstənin nümunələri analiz üçün laboratoriyaya göndərilib. Ümumdünya Səhiyyə Təşkilatı test nəticələrinin Marburq virusunu təsdiqlədiyini açıqlayıb.

Məlumata görə, Ebola ilə eyni ailədən olan yüksək yoluxucu hemorragik qızdırma insanlara meyvə yarasaları vasitəsilə yayılır.

Qeyd olunub ki, ilk yoluxma hadisəsi iyunun 26-da xəstəxanaya yerləşdirilən və bir gün sonra vəfat edən 26 yaşlı kişidə olub. İkinci hadisə isə iyunun 28-də xəstəxanaya gedən və elə həmin gün dünyasını dəyişən 51 yaşlı kişidə müşahidə edilib. ÜST hər iki şəxsin eyni xəstəxanada müalicə olunduğunu vurğulayıb. Bununla bağlı ÜST-nin Afrika üzrə regional direktoru Matshidiso Moeti "Səhiyyə rəsmiləri cəld reaksiya verdilər və mümkün bir epidemiyaya hazırlaşmaq üçün işə başladılar. Bu yaxşı xəbərdir, çünki təcili və qətiyyətli tədbir görülməsə, ”Marburq” asanlıqla nəzarətdən çıxa bilər”, deyə söyləyib.

İslahat.az