01 İyun 2026
22:28
164

“Stolüstü tennis: sağlam düşün, çevik hərəkət et” qrant layihəsi uğurla yekunlaşıb

"Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IX Qrant Müsabiqəsi” çərçivəsində həyata keçirilən "Stolüstü tennis: sağlam düşün, çevik hərəkət et” qrant layihəsi uğurla başa çatıb. Layihə fiziki tərbiyə müəllimi Yunis Qurbanovun rəhbərliyi ilə Göyçay şəhəri Qantəmir adına 9 nömrəli tam orta ümumtəhsil məktəbində icra olunub.

Layihənin əsas məqsədi məktəblilər arasında stolüstü tennis idman növünə marağı artırmaq, onların fiziki və zehni inkişafını dəstəkləmək, sağlam həyat tərzini təşviq etmək və idman vasitəsilə sosial bacarıqlarının inkişafına töhfə vermək olub.

Layihə çərçivəsində 6–9-cu sinif şagirdlərinin iştirakı ilə stolüstü tennis üzrə nəzəri və praktiki təlimlər təşkil edilib. Ümumilikdə 16 təlimi əhatə edən proqram zamanı iştirakçılar oyunun əsas qaydaları, texnikaları, servis bacarıqları, hücum və müdafiə taktikaları, eləcə də müxtəlif vuruş növləri üzrə bilik və bacarıqlar əldə ediblər. Təlimlər interaktiv metodlarla təşkil olunaraq şagirdlərin fiziki fəallığının artırılmasına və idmana marağının gücləndirilməsinə xidmət edib.

Təlim prosesi ərzində iştirakçılar çeviklik, diqqət, koordinasiya, sürətli qərarvermə və komanda ilə işləmək kimi bacarıqlarını inkişaf etdiriblər. Eyni zamanda layihə məktəblilər arasında sağlam rəqabət mühitinin formalaşmasına və idman mədəniyyətinin təşviqinə mühüm töhfə verib.

Layihənin yekununda bağlanış mərasimi və Stolüstü Tennis Turniri təşkil olunub. Turnir zamanı şagirdlər təlimlər ərzində qazandıqları bilik və bacarıqları nümayiş etdirərək yarışlarda iştirak ediblər. Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Layihənin nəticəsi olaraq iştirakçıların stolüstü tennis üzrə bilik və bacarıqları inkişaf edib, onların fiziki hazırlığı güclənib və sağlam həyat tərzinə maraqları artıb. Eyni zamanda məktəblilər arasında idmana və fəal həyata münasibətin formalaşdırılması istiqamətində mühüm nəticələr əldə olunub.