13 Mart 2023
09:49
21396

Sülh danışıqlarını uzadan Ermənistana gözlənilən təhlükələr...

Prezident İlham Əliyev: "Hazırda sülh üçün vaxt yetişib”

  Ermənistan hər zamankı kimi sülh prosesini süni şəkildə uzadır. Bu işğalçı ölkə həlledici anlarda razılaşdırılmış və qəbul edilmiş qərarların icrasından imtina edir. Eyni zamanda, Ermənitsan qeyri-real təkliflər irəli sürərək sülhün yaranmasına mane yaradır. Azərbaycanın mövqeyi prioritet beynəlxalq hüquq, beynəlxalq təşkilatların qərarlarıdır. Bu, Azərbaycanın haqq işi, mübarizəsidir. Ermənistan Qarabağ münaqişəsini bölgədə real təhlükə olaraq saxlamaq istəyir. Azərbaycan 44 günlük Vətən müharibəsində qətiyyətli mübarizə apararaq qalib gəlməklə münaqişəsinin dondurulmuş vəziyyətdə qalmasın mümkün olmadığını göstərdi. ATƏT-in Minsk qrupunun və Ermənistanın "status-kvo” xəyalları puç oldu. Azərbaycan döyüş meydanında qalib gələrək öz torpaqlarını geri qaytardı. Qarabağ məsələsi hər zaman diqqət mərkəzində dayanır. Sülh danışıqlarında Azərbaycanın maraqlarının tam təmin edilməsi vacibdir. Prezident İlham Əliyevin yerli və beynəlxalq tədbirlərdə dəfələrlə dediyi kimi, Azərbaycan bu prinsipial mövqeyindən bir addım da geri çəkilməyəcək. Cənab Prezident martın 9-da "Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunda çıxışında Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti apardığını, soydaşlarımızı Qarabağdan sürgün saldığını və bir milyon azərbaycanlıya əzab-əziyyət verdiyini bildirib: "Münaqişəni dinc yolla həll etmək və erməni qoşunlarının Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini icra etmək üçün Ermənistanı inandırmaq cəhdlərimizə baxmayaraq, Ermənistan, sadəcə, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymadı və beynəlxalq hüquqa, beynəlxalq ictimaiyyətə hörmətsizlik göstərdi”.

Vətən müharibəsində əldə olunmuş Qələbə effektiv ordu quruculuğu siyasətinin və iqtisadi inkişafın nəticəsidir. Uzun illər ərzində Azərbaycan danışıqlar masasında prinsipiallıq göstərərək, eyni zamanda, güclü ordu yaradırdı. Ordu quruculuğu hər zaman Prezident İlham Əliyevin dövlət siyasətinin prioritet istiqaməti olub. Bütün illər ərzində dövlətin büdcə xərclərinin əsasını məhz hərbi xərclər təşkil edib. Ordunun döyüş qabiliyyəti möhkəmləndi, yüksəldi, ordumuz müasir silah-sursat, texnika ilə təchiz edildi. Bir ölkədən asılı olmamaq üçün hərbi texnika bir çox mənbələrdən alınıb. Vətən müharibəsi göstərdi ki, Azərbaycanda silahlanma siyasəti düzgün aparılmışdır. "Erməni tərəfi konstruktiv yanaşma göstərmədi. Nəticədə Azərbaycan güc tətbiq etdi və öz ərazilərini azad etdi. Hazırda, təxminən iki il yarım vaxt ötür və biz 10 min kvadratmetrlərlə ölçülən və tamamilə dağıdılmış böyük ərazini yenidən tikirik”, - deyə cənab Prezident Ermənistanın Vətən müharibəsində acı məğlubiyyətini vurğulayıb.  

 Azərbaycan dövləti öz qədim torpağı olan Qarabağa heç vaxt müstəqillik verməyəcək. Ermənistan bunu bilir deyə, danışıqların inkişafında müsbət tendensiyaların yaranmasına imkan vermir. Cənab Prezidentin dediyi kimi, hazırda rəsmi İrəvan üçün öz qonşuları ilə qonşu kimi davranmaq şansı yaranıb: "Azərbaycan sülh istəyir. Biz hər hansı digər müharibəni istəmirik. Ötən ilin oktyabrında Azərbaycan ilə Ermənistan arasında razılaşdırılmış məsələlər, xüsusən də, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət, əslində onu göstərir ki, sülhə nail olmaqda maneə yoxdur”.

Azərbaycan dünya ictimaiyyəti tərəfindən qəbul edilmiş ərazi bütövlüyünü bərpa edib. Hazırda danışıqlar sülhün əldə edilməsi üçün aparılır. "Hazırda sülh üçün vaxt yetişib. 2020-ci ilin noyabrında müharibə bitdikdən dərhal sonra biz sülh danışıqlarına başlamaq üçün təşəbbüs irəli sürdük və Ermənistanla sülh müqaviləsinin əsasını təşkil edəcək beş məşhur prinsipi təqdim etdik” deyən Prezident İlham Əliyev Ermənistanın tamamilə asılı olan, digər ölkənin və hazırda, ola bilsin, digər ölkələrin müstəmləkəsinə çevrildiyini qeyd edib. Ermənistan danışıqlar prosesini müddətsiz etmək istəyir, amma bu, mümkün olmayacaq. Azərbaycan Ermənistanı məcburi şəkildə sülhə gətirəcək, əks təqdirdə növbəti dəmir yumruq zərbəsini alacaq. Həmçinin Azərbaycanın bölgədə artan rolu bu məsələnin həllinə də imkan verəcək.

İbrahimova Gülzar İsaxan qızı,

Avrasiya Universitetinin Elmi işlər üzrə prorektoru, siyasi elmlər üzrə elmlər doktoru, professor